KÖŞƏ

Vəli İlyasov

Xoflu ermənilər bolqarıstanlı jurnalistlərin haqlı olduqlarını sübut etdilər

09 iyul 2018 15:23
4288

Azərbaycanın məşhur atalar sözü var: “Soğan yeməmisənsə için niyə göynəyir?”  Bu atalar sözü ermənilərin Bolqarıstanda törətdikləri əməllərlə tam uyğun gəlir.

Oxucularımıza məlumdur ki, bu günlərdə Bolqarıstanın   BTV telekanalında  nümayiş etdirilən proqramda göstərilib  ki, ermənilər Azərbaycan torpaqlarını işğal edərkən saysız-hesabsız  hərbi cinayətlər və insan ağlına gəlməyən vəhşiliklər törətmişlər. Təpədən-dırnağadək silahlanmış ermənilərin dinc Xocalı sakinlərini orta əsrlərə məxsus işgəncə üsulları ilə qətlə yetirmələrini  əks etdirən dəhşətli kadrlardan ibarət film bolqar tamaşaçılarını  heyrətə gətirib. Bu isə Sofiyada yuva salmış ermənilərin ciddi narazılığına səbəb olub. Onlar özlərini bolqarların yanında sığortalamaq üçün “tülkü sovuruğu” ediblər. Əllərində işğala haqq qazandıran heç bir əsaslı fakt olmadığından filmi hazırlayan həqiqət carçılarına-jurnalistlərə qarşı hücuma keçiblər. Əslində təkzibolunmaz faktlar qarşısında aciz vəziyyətə düşən ermənilərdən başqa heç  nə  gözləmək olmazdı.

“Qarabağ xatirələri” adlı proqramın müəllifləri Ermənistanın işğalçılıq planlarından, Xocalı soyqırımı ilə bağlı məqamlardan danışılan,  dinc sakinlərimizin atəşkəs rejimində vəhşiliklə qətlə yetirilmələrindən, təmas xəttində baş verənlərdən, ümumiyyətlə,  Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsindən bəhs edən filmdə şahidlərin çıxışılarına geniş yer veriblər. Bütün kadrlar Azərbaycan muğamlarından parçalarla və məşhur “Qarabağ şikəstəsi”nin  sədaları altında nümayiş etdirilib. Qarabağdakı doğma yurdlarından didərgin salınmış məcburi köçkünlər Pakizə Məmmədova və İlqar Qasımov Dağlıq Qarabağın işğalı zamanı şahidi olduqları vəhşiliklərdən və Ermənistan qoşunlarının  torpağımıza soxularaq əsl soyqırımı törətmələrindən danışıblar. Qısaca desək, “Qarabağ xatirələri” ermənilərin işğalçılığını, gözlərini daim qonşuların torpaqlarına dikdiklərini, birgəyaşayış qaydalarına məhəl qoymadıqlarını və terror yolunu seçdilərini sübut edir. Bu filmin nümayişi açıq göstərir ki, Azərbaycanın illərdən bəri dünyada apardığı informasiya mübarizəsi artıq öz bəhrəsini verməkdədir. Ermənilərin Bolqarıstanda güclü lobbisi olmasına baxmayaraq,  Azərbaycan diasporu səmərəli fəaliyyəti ilə düşmən cəbhəsini darmadağın etməkdədir. Sofiyadakı ermənilərin filmin müəlliflərinə hücumu və təhdidləri aşkar göstərir ki, düşmənlərimiz aldıqları zərbələri həzm edə bilmir və xislətlərindəki vəhşiliyi  büruzə verirlər.

Ermənilər üzərində bu qələbələr  Azərbaycan- Bolqarıstan münasibətlərinin yüksələn xətlə inkişafından qaynaqlanır.  2015-ci ilin mart ayında  Azərbaycan Prezidenti cənab İlham Əliyev Bolqarıstanda səfərdə olub. Keçən ilin oktyabr ayında isə Bolqarıstan Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri zamanı əlaqələrimiz strateji əməkdaşlıq səviyyəsinə qaldırılmışdır.  Dövlət başçılarının görüşlərində 60-dan çox sənəd imzalanıb. Həmin sənədlər hər iki ölkə arasında mədəniyyətin, iqtisadiyyatın, energetikanın, sosial, idman, turizm və digər sahələrin inişafını nəzərdə tutur.

 Qeyd etmək xoşdur ki, Bolqarıstan Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Keçən ilin mayında Sofiya şəhərində Azərbaycanla  Bolqarıstan arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi ilə bağlı böyük tədbirlər keçirilib.

Həmin tədbirlərdə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti ifşa edilib və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməsini  qulaqardına vurması qeyd olunub. Hər iki ölkənin ali qanunvericilik orqanlarında dostluq qrupları yaradılıb və həmin qruplar səmərəli fəaliyyət göstərirlər. Bu qruplar Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında əhəmiyyətli iş aparmaqdadırlar  və onların qarşısında erməni maeəsi ilğıma bənzəyir.

Bütün bunlar hər yerdə dalana dirənmiş işğalçı Ermənistanı qıcıqlandırır və təcavüzkar  sifətini bəşəriyyətə bir daha göstərir.

Vəli İlyasov,

“İki sahil”