Vəli İlyasov |
Bütün beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti bilir ki, Ermənistan bir dövlət kimi müstəqil deyil. 1988-ci ildən bəri nə Levon Ter- Petrosyan, nə Robert Koçaryan, nə Serj Sarkisyan müstəqil siyasət apara bildilər. Bu dövlət yarandığı gündən asılı, vassal və ya forpost olub desək, heç də səhv olmaz.
Üç ay əvvəl çevrilişlə dövlət başına gələn Nikol Paşinyan sələflərindən fərqlənərək Ermənistanı müstəqil dövlətə çevirmək istəsə də, aydın görünür ki, bu iş onun siyasi potensiyası xaricindədir. Baş nazir Paşinyanın qərbyönümlü siyasət yeritməyə çalışması və bunu bacarmaması Ermənistanı yeni təhlükələrlə təkbətək qoyub. Bir tərəfdən də qonşu dövlətlərlə düşmənçilik aparan Ermənistan indi çıxılmaz vəziyyətdə qalıb.
Rusiyanın lenta.ru saytı Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel səfərini “Brüssel uğursuzluğu: Paşinyan Poroşenkonun yolunu getmək istəyir” başlıqlı məqaləsi ilə tənqid edib. Məlumdur ki, bu yazıdan məqsəd İrəvana mesaj verməkdir və böyük ehtimalla bu mesajlar artıq sonunculardır, Paşinyan Poroşenko olmaq istəsə, ruslar güc yoluna əl atacaq. Bir neçə gün öncə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının əsgərləri Panik kəndində havaya güllə atması və kənd sakinlərinin panikaya salınması da İrəvana ünvanlanmış mesajlardan biri idi.
Xarici mənbə xəbər verir ki, Ermənistanda rusların ölkəyə hücum etməsi haqda narahatlıqlar yaranıb.
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Rusiya Ermənistanda Ukrayna ssenarisini təkrarlaya bilər: “Əgər İrəvan müstəqil xarici siyasət aparmağa davam edəcəksə, bu, baş verəcək. Nikol Paşinyanı bununla bağlı açıq təhdid edirlər. Ukrayna ssenarisi iki istiqamətdə həyata keçirilə bilər: birinci, Dağlıq Qarabağ Ermənistandan alınıb Azərbaycana qaytarıla bilər; ikinci, Moskva Ermənistana verdiyi qazı kəsə, yaxud qiymətini istədiyi qədər artıra bilər”.
Erməni şərhçi Paşinyanın Panik kəndində rus hərbçilərin davranışına münasibətini xatırladıb.
“Paşinyan baş verənləri Ermənistanın müstəqilliyinə qarşı təxribat adlandırdı. Bu açıqlamaya rusiyalı ekspertlərin mövqeyi diqqət çəkir. Rusiyada “Regnum” agentliyinin eksperti Stanislav Tarasov Paşinyanı buna görə tənqid etdi. Bildirdi ki, “baş nazir məsələni dəqiqləşdirməli, Rusiya tərəfi ilə müzakirələr aparmalı idi və yalnız bundan sonra açıqlama verməli idi. Lakin onun bunu təxribat adlandırması anlaşılmazdır”.
Ekspertlərin qiymətləndirmələri deməyə əsas verir ki, Moskvada Ermənistana qarşı hücum hazırlanır. Hələ ki bu hücumun təbliğat fonu yaradılır”, - deyə erməni ekspert vurğulayıb.
Göründüyü kimi, hətta erməni ekspertləri və ictimaiyyəti də Ermənistanın dibi görünməyən uçuruma yuvarlandığını etiraf etməkdədirlər. Bu dərin uçurumdan çıxmağın isə yalnız bir yolu var: Ermənistan öz qoşunlarını işğal altında saxladığı Azərbaycan ərazilərindən çıxarmalı və qonşu ölkələrlə normal münasibətlər yaratmalıdır. Əks təqdirdə, Ermənistanın dövlət kimi mövcudluğu belə şübhə altına düşəcək. İndi Ermənistan cəmiyyəti real təhlükələr altında yaşamağa məhkum vəziyyətdədirlər.