Vəli İlyasov |
Bu günlərdə Qazaxıstanın Aktau şəhərində keçirilmiş V Zirvə görüşündə Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın imzalanması beş Xəzəryanı dövlət üçün böyük əhəmiyyətə malik tarixi hadisədir. Bu, bir daha onu nümayiş etdirir ki, Xəzəryanı dövlətlər Xəzər hövzəsi və onun ətrafındakı regionlarda dayanaqlı sülh və əməkdaşlıq mühitinin təsbit olunmasında qəti fikir birliyinə malikdirlər. Konvensiya Xəzər dənizində dövlətlərarası münasibətlərin və davranışın hüquqi çərçivəsini müəyyən edir. Sənədin əsasını beynəlxaq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi təməl prinsiplər təşkil edir. Hüquqi rejimin və anlayışların müəyyən edilməsi ilə bərabər Konvensiya bütün Xəzəryanı dövlətlərin fəaliyyətində aydın, şəffaf və proqnozlaşdırılan sivil davranışı özündə ehtiva edir. Xəzəryanı dövlətlər arasında qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan bu cür münasibətlər Xəzər dənizi dövlətləri, həmçinin tərəfdaşlar üçün olduqca vacibdir. Xəzəryanı dövlətlər, həmçinin bu Konvensiyanın hazırlanması prosesində unikal regional mənsubiyyət, məsuliyyət və sahiblik kimi yüksək siyasi mədəniyyət nümayiş etdirdilər. Xəzəryanı dövlətlər hər hansı kənar müdaxiləyə imkan vermədən birgə konstruktiv səylərlə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya daxil olmaqla mühüm nailiyyətlərə imza atdılar. Maraqlıdır Konvensiyanın imzalanmasından sonra bütün iştirakçı dövlətlərin başçıları bunu öz ölkələrinin uğuru kimi qeyd etdilər. Bu, əslində belə idi və eyni zamanda, regional birliyin yaranmasını təsdiq edir.
Etiraf etmək lazımdır ki, Konvensiyanın razılaşdırılmasının son mərhələsi heç də asan olmayan müzakirələrdən keçib. 2017-ci ilin dekabrında Moskvada keçirilmiş Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iki günlük iclası çox intensiv xarakter daşıdı və nəhayət ki, Konvensiyanın razılaşdırılması istiqamətində əsas irəliləyiş əldə olundu. Bir sıra müddəalar üzrə çox ağır müzakirələr keçmişdi. Təbii ki, xoş niyyətlə və qarşılıqlı etimad şəraitində aparıldığı halda, danışıqlar müsbət nəticə verir.
Konvensiyadan irəli gələn müddəaların praktiki icrası regionun dayanaqlı inkişafı üçün daha da geniş imkanlar açacaq. Konvensiyada və Aktau Zirvə toplantısında dövlət başçıları tərəfindən qəbul edilmiş kommünikedə yeni vəzifələr və tapşırıqlar müəyyən olunub. Bütün Xəzər regionunun və xalqlarımızın gələcək mənafeyi naminə xoş niyyətə, dostluğa və əməkdaşlığa əsaslanan intensiv işimiz bundan sonra da davam etdiriləcək.
Xəzərin statusu ilə bağlı imzalanan Konvensiya, ilk növbədə, Xəzər regionunda böyük həcmdə enerji ehtiyatlarının sərbəst istismarına və istifadəsinə, həmin ehtiyatların dünya bazarına daşınmasına, regionun enerji təhlükəsizliyinin, eyni zamanda, burada dövlətlərin iqtisadi, siyasi maraqlarının təmin edilməsinə, bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasına öz müsbət təsirini göstərəcək.