KÖŞƏ

Vəli İlyasov

Paşinyan “yeni cəbhənin” həmləsinə tab gətirəcəkmi?

20 avqust 2018 23:16
3727

“Qarabağ klanı”na mənsub olan şəxslərin  İrəvanda gözümçıxdıya salınması davam etməkdədir. Sabiq prezident Robert Koçaryanın və bir neçə yüksək vəzifəli və hərbi çinli şəxsin həbsi və həbs təhlükəsi bu mənzərəni aydınlığı ilə ortaya qoyur. Müəyyən dairələrin təsiri ilə həbsdən müvəqqəti qurtulan eks-prezident  Koçaryan dərhal siyasətə qatılmaqla özünü gələcək təhlükələrdən sığortalamağa çalışır. Onun  bu  mübarizədə  qüvvələrini özündən sonrakı sabiq prezident Serj  Sarkisyana  sadiq qüvvələrlə birləşdirməyə çalışdığı da müşahidə olunur.

 Tanınmış erməni  politoloqu  Roman Melkumyan hesab edir ki, Koçaryan böyük siyasətə qayıdaraq, necə deyərlər,  “banka” gedir. Onun sözlərinə görə, Koçaryanın “siyasi cəsəd” adlandırılmasına baxmayaraq, sabiq prezidentin siyasi proseslərdə  aktiv iştirakını istisna etmək olmaz. Politoloq qeyd edir ki, o özünün əvvəlki resurslarını aktivləşdirir. Onun fikrincə, Koçaryan yalnız bəzi  şəxslərin deyil, həm də siyasi güclərin dəstəyindən istifadə etdiyini göstərir.

“Koçaryanın siyasətə qayıdışının nə qədər müvəffəqiyyətli olacağı yeni hakimyyətin hərəkətlərinin, xüsusi halda iqtisadi siyasətinin effektivliyindən asılı olacaq”,- deyə Melkumyan bildirib. Politoloq əminliklə vurğulayıb  ki,  Koçaryanın Paşinyana qarşı yeni siyasi güc yaradacağı, yaxud da artıq mövcud olan partiyalardan koalisiyanı formalaşdıracağı ən yaxın aylarda məlum olacaq.

Erməni ekspertləri  yeni hakimiyyət  tərəfindən sıxışdırılan güclərin iştirakı ilə baş verən istənilən qarşıdurmaların işğalçı ölkəni yeni və artıq çıxılmaz olan xaosa sürükləyəcəyini bildirirlər. Qarşıdurmanın amansız ola biləcəyinə diqqət çəkən ekspertlər bu güclərin tərəfdarları arasında silahlı qarşıdurmaları da istisna etmirlər.

Ermənistanda  belə hesab edirlər ki, keçmiş prezident Serj Sarkisyanın müalicə adı ilə getdiyi İtaliyadan geri dönən kimi - ötən həftə anasını ziyarət adı ilə işğal altındakı Xankəndinə getməsi də əslində Paşinyana qarşı yeni cəbhə formalaşdırmaq məqsədi daşıyır. Sarkisyanın Xankəndində yerli rəhbərliyin sadiqliyinə və mövcud vəziyyətdən narazı qaldıqlarına əmin olduqdan sonra əks-hücum planları qurduğu bildirilir.

Təbii ki, müxtəlif maraqlar güdən “Qarabağ klanı”nı birləşdirən əsas amil Robert Koçaryanın həbsi olduğu qeyd edilir.  Açıq görünür ki, sabiq prezidentin həbsi yeni hakimiyyətdən narazı olan qüvvələri güclərini birləşməyə sövq edir.

“Qarabağ klanı”nın rəhbərləri öz  nəzarəti altındakı kütləvi informasiya vasitələri , hakim strukturlarda vəzifələrini hələlik qoruyub-saxlaya  bilmiş tərəfdarları və maliyyə gücləri hesabına Nikol Paşinyandan revanş almaq niyyətindədir. Bu işdə onlara bütün ermənilərin katalikosu II Qareginin də yardımçı olacağı gözlənilir. Koçaryanın dövründə katalikos seçilən Qaregin “Qarabağ klanı”na daim dəstək verib. Təsadüfi deyil ki, o, Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik etməyib və onun qurduğu hökumətə şübhə ilə yanaşır. Şübhəsiz ki, belə hərəkətləri ilə özünü yeni baş nazirin gözündən salıb. Artıq Ermənistanda heç kəsə sirr deyil ki, Nikol Paşinyan katalikosu vəzifəsindən uzaqlaşdırmaq üçün onun tapşırığı ilə din rəhbəri əleyhinə  kompromatlar hazırlanmaqdadır. Yayılan xəbərlərə görə,  baş nazirin emissarları Eçmiədzin kilsəsinə gedərək  orada xəzinəyə  toplanan pulların hara xərclənməsi ilə maraqlanırlar. Bütün bunlar isə baş nazirlə dini rəhbər arasında düşmənçiliyi daha da dərinləşdirir.

Bir sözlə, işğalçı ölkədə yaxın həftələr və ya aylarda olduqca ciddi qarşıdurmaları izləyəcəyik.  Hakimiyyətə  gələndən sonra atdığı addımları ilə Moskvanı da özündən küsdürən Paşinyanın yaradılması gözlənilən yeni cəbhə qarşısında duruş gətirəcəyi heç də inandırıcı görünmür. Ancaq baş verən hadisələrin nə ilə nəticələnəcəyini  bəri başdan demək çətindir. Çünki Nikol Paşinyan kimi siyasətdə tanınmayan bir adamın qəflətən meydana çıxıb hakimiyyəti  ələ keçirəcəyi də inandırıcı görünmürdü. Amma bu, baş verdi. Ona görə də hadisələrin axarını gözləmək lazım gəlir.