KÖŞƏ

Vəli İlyasov

Ermənistan odusu: hərbi xidmət, yoxsa cəhənnəm əzabı?

30 avqust 2018 23:47
4182

Bütün dünyaya məlumdur ki, Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərini qəsb edən və işğal altında saxlamaqda davam edən Ermənistan ordusudur. Çünki heç bir imkanı olmayan Dağlıq Qarabağdakı separatçı rejimin  nə ordusu, nə hərbi texnikası, nə də silah-sursatı var.

İyirmi yeddi il əvvəl təhrik edildyi müharibədən artıq bezən erməni xalqı isə  başına gətirilən bəlalardan yaxa qurtarmaq istəsə də buna nail ola bilmir. Çünki maliyyə, silah-sursat və hərbi texnika bir qrup davakar və korrupsiya hərisi olan dairələrin əlindədir. Bu müddətdə davam edən münaqişədə on minlərlə erməni gənci yaralanıb və həlak olub. Atəşkəs rejimində-qeyri-döyüş şəraitində həlak olan erməni əsgərlərinin sayı xalq arasında təşviş yaradır. Övladlarının mənasız ölümündən təngə gəlmiş erməni anaları ayağa qalxıb buna etiraz etsələr də qaniçən rəhbərlər əhəmiyyət vermirlər. Digər tərəfdən, Ermənistanın dövlət büdcəsi uzunmüddətli hərbi əməliyyatlar aparmağa qadir deyil. Dağlıq Qarabağda saxlanan ordu yarımac, antisanitar vəziyyətdə və daha dəhşətlisi hər an Azərbaycan Ordusunun hücum təhlükəsi altında xidmət etməkdir.

 Onu da qeyd etmək lazımdır ki, işğalın ilk illərində xarici ölkələrdən və bəzi ermənipərəst dairələrdən  Ermənistana axan ianələr çoxdan kəsilib. Xarici ianələr hesabına at oynadan işğalçı dövlətin maliyyə vəziyyəti son illər xeyli pisləşib.  Ölkədəki maliyyə problemi ilə bağlı baş nazir Nikol Paşinyan da açıqlama verib.
O bildirib ki, maliyyə probleminin həllinə çalışan hakimiyyət düzgün istiqamət seçməyib: “Ölkədə iqtisadi problemlərə daha həssas yanaşmaq lazımdır. Bu problemi həll etmək üçün bir çox digər vasitələr də var. Mən bu problemin necə həll edilməsi gərəkliyini bilirəm. Bunun üçün yalnız Ermənistan vətəndaşlarının mənə dəstək olması və hüquqi yollarla öz haqlarını tələb etməsi vacibdir”.
Erməni ekspert Ara Zohrabyan isə Nikol Paşinyanın bu istiqamətdə səsləndirdiyi bütün fikirləri, eləcə də konstitusiyaya dəyişikliklər edilməsinə dair irəli sürdüyü təklifi kəskin tənqid edib. O bildirib ki, baş verənlər Paşinyan iqtidarının naşılığını  göstərir və  orduda yeni  problemlər yaradır. Elə bunun nəticəsidir ki, Ermənistanda hərbi qulluqçular xidmətdən yayınmağa cəhd edirlər. Digər məlumata görə, işğalçı ölkənin dörd hərbi qulluqçusu müalicə olunduqdan sonra hərbi xidmətə qayıtmaqdan imtina edib. Bununla bağlı cinayət işi açılıb. Bildirilir ki, hələ avqustun 18-də Ermənistan Müdafiə Nazirliyinin mərkəzi hərbi hospitalında dörd əsgərin uzunmüddətli müalicə aldığı qeyd olunub. Müalicələri sona çatdırılmadığı üçün sağlamlıqlarını tam bərpa edə bilməyən hərbçilər xidmət yerinə getməkdən boyun qaçırıblar.
Müdafiə Nazirliyinin məlumatında bildirilir ki,  nazir müavini Cəbrayıl Balayan, Ermənistan Müdafiə Nazirliyinin hərbi polis idarəsinin rəisi, polkovnik Aleksandr Avetisyan və digər rəsmi şəxslər bu məsələni araşdırmaq üçün hospitalda  olublar. Lakin yaralı əsgərlər xidmətdən imtina ediblər. Xidməti yerlərinə qayıtmaq istəməyən əsgərlərlə bağlı cinayət işləri başlanıb.
Araşdırmalar göstərir ki, işğalçı ölkənin müdafiə naziri dəyişəndən sonra da orduda hərbi xidmətdən yayınma, fərarilik hallarında azalma əvəzinə əksinə, artım müşahidə olunur. Bu,  o deməkdir ki, yeni müdafiə naziri  David Tonoyanın iddialarına  baxmayaraq əsl həqiqət belədir ki, erməni gənclər Azərbaycan ərazilərində, xüsusən də Dağlıq Qarabağda  hərbi xidmətdən boyun qaçırırlar. Ayağa qalxmış əsgər anaları da övladlarının Azərbaycan ərazilərində xidmət etmələrinə kəskin etirazlarını mütəmadi olaraq bildirməkdə davam edirlər. Ona görə də  Ermənistan ordusunda hərbi xidmətdən yayınma hallarının artması təsadüfi deyil. Orduda təcavüzkarlıq, zorakılıq hallarının yayılması bunun başlıca səbəbidir.  Qısaca desək, Ermənistan ordusunda hərbi xidmət cəhənnəm əzabına çevrilib. Əgər vəziyyət bu cür davam etsə müəyyən  bir müddətdən sonra Ermənistan ordusunda xidmət etməyə əsgər  tapılmayacaq. İşğalçılığın isə məntiqi sonluğu belə də olmalıdır.