![]() |
Zahid Rza |
Azərbaycanın geoiqtisadi cəhətdən əlverişli mövqeyi, Şərqdən Qərbə, Şimaldan Cənuba gedən yolların üzərində yerləşməsi, münbit coğrafi şəraiti azad iqtisadi zonaların yaradılması üçün əlavə imkanlar açır
Müxtəlif ölkələrdə azad iqtisadi zonaların yaradılması beynəlxalq iqtisadi əlaqələrin ayrılmaz bir hissəsini təşkil edir. Onların yaradılma məqsədləri həmin dövlətlərin sosial-iqtisadi inkişaf səviyyəsindən, eləcə də strateji və inkişaf prioritetlərindən, müxtəlif planlarından asılıdır. Məsələn, bir çox ölkələrdə azad iqtisadi zonalardan iqtisadi inteqrasiya mexanizmi kimi, digərlərində isə xarici texnologiyaların cəlb edilməsi vasitəsi kimi istifadə edirlər. Mütəxəssislərin bildirdiyİnə görə, belə zonalar beynəlxalq ticarət dövriyyəsinin artırılması, investisiyaların cəlb edilməsi, iqtisadi proseslərin inteqrasiyasının daha da dərinləşdirilməsi hesabına sürətli iqtisadi inkişafı çox yaxşı təmin edə bilirlər. Ekspertlər bildirirlər ki, azad iqtisadi zonaların yaradılmasında əsas məqsəd güzəştli vergi (və ya 0 vergi), gömrük, valyuta rejimləri əldə etməklə bu məkanlara daha çox xarici kapitalın cəlb edilməsi hesabına istehsal və ticarət üçün daha münbit şərait formalaşdırmaqdır. Ölkəmizdə dünya təcrübəsini öyrənməklə ölkəmizdə azad iqtisadi zonaların yaradılması hazırda qeyri-neft sektorunun inkişafı üçün görülən kompleks tədbirlərin əsas elementlərindən birini təşkil edir.
Bu yaxınlarda Prezident İlham Əliyevin İran İslam Respublikasına səfəri zamanı bu ölkənin dövlət başçısı Həsən Ruhani ilə “Araz”, “Ənzəli” və “Maku” kimi azad iqtisadi zonalara birgə investisiya qoymaq imkanlarını müzakirə etməsi indiyə qədər bu sahədə əldə olunan təcrübənin daha da təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Bir müddət bundan əvvəl “Araz” azad ticarət-sənaye zonasının sədr müavini Fərrux Məscidinin məsələ ilə bağlı mətbuata verdiyi açıqlama iki qonşu, dost ölkənin bu sahədə müəyyən nailiyyətlər əldə etdiyinin əyani sübutudur. F.Məcidi deyib ki, İranın “Araz” azad ticarət-sənaye zonasında Azərbaycan vətəndaşları üçün çoxlu iş imkanı var və hazırda burada Azərbaycan vətəndaşları işləyirlər. O vurğulayıb ki, Azərbaycan vətəndaşlarının “Araz” zonasında işləməsi üçün heç bir məhdudiyyət yoxdur. İranın Azərbaycanla həmsərhəd olan Culfa rayonu ərazisində bir neçə il bundan əvvəl yaradılan “Araz” azad ticarət-sənaye zonasında fəaliyyət göstərən müəssisələr 20 il vergidən və digər rüsumlardan azad edilirlər. Bu, həm də xarici iş adamlarına aiddir. Araz iqtisadi zonası 53 min hektar ərazini əhatə edir. Culfa şəhərindən başlayaraq Xudafərin, Canənlu və Qulubəyli kəndlərinə kimi uzanır. Zonanın Culfa şəhərində ərazisi 21 min hektar təşkil edir. Zonanın ən böyük hissəsi, yəni 33 min hektar sahəsi Qulubəyli-Xudafərin bölgəsində yerləşir. Artıq Azərbaycandan da bir neçə sahibkar bu zonada sərmayə qoyub.
Göründüyü kimi, azad iqtisadi zonaların yaradılması, inkişaf etdirilməsi dünya iqtisadiyyatında baş verən proseslərə qarşı iqtisadiyyatımızın dayanıqlılığının daha da möhkəmləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, yeni investisiya və texnologiyaların, sərmayələrin cəlb edilməsi, işsizlik səviyyəsinin azaldılması, əhalinin məşğulluğunun artırılması sahəsində həyata keçirilən tədbirlərə böyük töhfələr verəcəkdir.