Vəli İlyasov |
ABŞ prezidenti Donald Tramp “soyqırımı” ifadəsini işlətmədi
102 ildir ki, dünyaya yalan sırımağa çalışan ermənilərin cəhdləri yenə də uğursuzluğa düçar olub. ABŞ prezidenti Donald Tramp 1915-ci ildə baş verən hadisələrə öz münasibətini bildirib və onun rəyi erməniləri məyus edib. O, hər il aprelin 24-də ABŞ prezidentlərinin verdikləri ənənəvi açıqlamaları təkrarlayaraq “soyqırımı” ifadəsini işlətməyib. Sadəcə nitqində “meds yeğhern” deyib, yəni “böyük fəlakət”. Burada düşündürücü bir nüans var: superdövlətin başçısının bu cür açıqlaması ənənədən irəli gəlir, yoxsa ermənilərə olan münasibətdən?
Suala cavab axtaran politoloqlar bildirirlər ki, Trampın ermənilərə münasibəti əvvəlki prezidentlərdən əsaslı surətdə fərqlənir. Məlumdur ki, Tramp seçki mübarizəsində ABŞ-dakı erməni diasporunun yardımından imtina edib. Çünki o, ermənilərin ikibaşlı oyun oynayaraq eyni zamanda onun rəqibi Hillari Klintona da maliyyə yardımı göstərdiklərindən xəbər tutub. Ermənilərin dəstəyini rədd etdiyinə görə də indi onların lobbisi qarşısında heç bir öhdəliyi yoxdur.
Tarixdən bilirik ki, ABŞ-ın 40-cı prezidenti olan Ronald Reyqan qondarma “erməni soyqırımın” araşdırılması üçün tarixçi alimlərdən ibarət komissiya yaradaraq əsl həqiqətin üzə çıxarılmasını tələb etmişdi. Reyqan ermənilərin bütün dünyaya car çəkdikləri hay-küyün hansı faktlara əsaslandığını müəyyən etmək istəyirdi. Həmin komissiyanın üzvləri bir neçə ölkədə, eyni zamanda ABŞ-ın arxivlərində şahidlik edən sənədləri əldə edib araşdırmalar apararaq müəyyən etmişdilər ki, “erməni soyqırımı” olmayıb və bu, ermənilərin yalançı təbliğatıdır. Komissiya bu barədə prezidentə geniş arayış təqdim etmişdi. Hətta həmin arayışda qeyd edilmişdi ki, nəinki soyqırımı baş verməyib, bəhs olunan ərəfədə Türkiyənin başının ağır müharibəyə qarışdığı bir məqamda silahlanmış ermənilər arxada başsız qalmış türk qadınlarını və uşaqlarını kütləvi surətdə qətlə yetirmişlər. Ermənilərin xəyanətinin qarşısını almaq üçün Türkiyə hökuməti onların köçürülməsinə qərar vermişdir. Həmin köçürülmələr zamanı xəstəlikdən və təsadüfi qəzalardan ölənlər olmuşdu. Bu faktları şişirdən erməni ideoloqları ona “genosid”, “erməni soyqırımı” donu geyindirərək dünyaya yayıblar.
Bu yalançı və qisas məqsədi güdən informasiyanın üfürüb şişirdilməsində ermənilərin işinə xristian təəssübkeşliyi də “yaxşı” yarayıb. Bəzi ölkələrdə saxta “soyqırımı”nı tanıyanlar var. Bu günlərdə Çexiya Parlamentinin Deputatlar Palatasının belə bir addım atması xristian təəssübkeşliyinin çirkin nümunəsidir. Görəsən 101 ildən sonra belə qərar verən Çexiya hökuməti anormal və gülünc qərar qəbul etdiyini düşünürmü? 25 il əvvəl gözləri qarşısında ermənilərin Azərbaycanın Xocalı şəhərini darmadağın etdiklərini, əhalisini qırıb-çatdıqlarını, günahsız insanları vəhşiliklə qətlə yetirdiklərini, bir milyon Azərbaycan vətəndaşını doğma yurd-yuvasından didərgin saldıqlarını görməyiblərmi, eşitməyiblərmi? Görüblər də, eşidiblər də.
Yada salaq ki, Ronald Reyqanın təşkil etdiyi komissiyanın işindən sonra erməni lobbilərinin yardımlarından istifadə edən ABŞ prezidentləri onlara hər cür qulluq göstərən erməniləri incik salmamaq üçün “böyük faciə” və ya “böyük fəlakət” ifadələri işlədirlər. Bunun özü üzgörənlik olsa da ancaq görünür, prezidentlər digər tərəfi nəzərə alaraq bir dəfə də “soyqırımı” sözü deməyiblər. Təəssüf ki, bununla da ikili standartlara yol açılıb.
Hazırda ABŞ prezidenti Trampın ikiüzlü erməniləri Ağ evə yaxın buraxmadığı faktı ona gətirib çıxarıb ki, ermənilər orada əvvəlki kimi at oynada bilmirlər. Xeyli müddətdir ki, onlar Ağ evə yol tapmaq üçün dəridən-qabıqdan çıxırlar. Ancaq faydası yoxdur. Prezident Trampın qondarma “soyqırımı”na soyuq münasibəti erməni riyakarlığına verdiyi qiymətdir.
Qısaca desək, ermənilərin məqsədi yalançı “soyqırımı” məsələsini bəşəriyyətə sırımaqla Türkiyəni dalana dirəmək və ondan məbləği milyardlarla ölçülən təzminat və digər imtiyazlar qoparmaqdır. Ancaq “Yalan ayaq tutar, amma yeriməz” deyiblər.