KÖŞƏ

Vəli İlyasov

Tarixin zibilliyinə atılanlar...

10 oktyabr 2018 14:15
3323

Bunları tanımaq və yaddaşlarda saxlamaq lazımdır. Çünki xalq onun azadlığını, dövlətçiliyini, müstəqilliyini əlindən almağa     çalışanları tanımalıdır. Həmin adamların əksəri otuz il əvvəl milli azadlıq mübarizəsinə qalxanların sıralarına soxularaq öz gizli niyyətlərini həyata keçirməyə çalışıblar. Bəziləri isə bunların ardıcılları kimi meydana təzə atılıblar. Kimdir bunlar? Əli Kərimli, Cəmil Həsənli, Vidadi İsgəndərli, Orduxan Teymurxan, Qənimət Zahid, Tural Sadıqlı, Həbib Müntəzir, Türkel Kərimli  və başqaları.

Sayları çox deyil, heç sanbalları da yoxdur. Amma xalqa və Vətənə xəyanətdə tayları-bərabərləri tapılmaz. Öz soydaşlarını və anadan olduqları, çörəyini yeyib suyunu içdikləri torpağı satmaqda pərgardırlar. Bazar dəllalları xarici ağaları tərəfindən Azərbaycan əleyhinə hazırlanan “biznes planları” yerinə yetirməklə məşğuldurlar. Onlar hərraca qoyduqları müqəddəs nəsnələri xarici bazarlarda çox da baha satmırlar. Amma aralarında bahacıllar da var. Məsələn, deyilənlərə görə,  adını yazıçı qoyan Əkrəm Əylisli doğulduğu Əylis kəndini ermənilərlə Nobel mükafatına dəyişmək fikrində olub. Sanki bu qədim kənd onun ata-babasının şəxsi mülkü imiş.  Rüstəm İbrahimbəyov da müəyyən fəxri adlar müqabilində hər cür rəzaləti qəbul etməyə hazır idi. Bədnam “Talış-Muğan Respublikası” düzəltmək iddiasında olan Əlikram Hümbətov və Fəxrəddin Abbaszadə isə bunlardan bir addım irəli gedərək İrəvanda ermənilərlə qardaşlıq əhdnaməsi də bağlayıblar. Ermənilər onları yaxın dostları kimi qəbul edərək qulluqlarında durublar. Ermənistanda bu adamlara Azərbaycan əleyhinə hər cür yaramaz fəaliyyət aparmaqda şərait yaradıblar.

Xalqımıza  qənim kəsilmiş bu adamların demək olar ki, hamısı xarici ölkələrdə lövbər salıblar. Xaricə getməyənlərin əlləri isə oradakı ağalarının ətəyindədir. Dəfələrlə xarici ölkəyə getmək niyyəti baş tutmayan Əkrəm Əylislinin isə sənədləri qaydasında olmadığı üçün arzusu hələlik gözündə qalıb. O, doğulduğu Əylis kəndini  “Aqulis”  adlandıraraq  ermənilərləşdirməklə çirkin məqsədinə çatmağa tələsirdi. Alınmadı və ifşa ediləndən bacılığı Silva Kaputikyan kimi burada havası çatmadığını, “boğulduğunu” bildirdi. Amma cismən burada olsa da, əgər ürəyi, qəlbi varsa xaricdəki yolgöstərənlərinin yanındadır.

Bəli, qeyd etdiyimiz kimi, bu adamların çoxu xəyanət yolunda saç-saqqallarını ağardıblar. Ancaq hələ də utanmaq, peşman olub tövbə etmək, tutduqları çirkin əməllərdən əl çəkmək istəmirlər. Ancaq bunun sonu nə olacaq, onu düşünmürlər. Xatırladaq ki,  satqınların və xəyanətkarların sonu tarixin zibilxanasıdır.