Vəli İlyasov |
Ermənistanda hakimiyyət böhranı getdikcə dərinləşir. Ölkə mətbuatına istinadən xəbər verilir ki, “Çıxış” blokunun parlament fraksiyası baş nazir vəzifəsinə öz namizədini irəli sürmüş yeganə siyasi gücdür.Erməni mediasında bildirilir ki, deputatlardan heç kim baş nazir postuna yeganə namizəd olan Nikol Paşinyanın lehinə səs verməyib. Bir deputat onun namizədliyinin əleyhinə səs verib, 11 deputat isə bitərəf qalıb. Baş nazirin seçilməsi üçün isə 53 səs lazım idi.
Məlumdur ki, bu vəzifəyə baş nazir vəzifəsinin müvəqqəti icraçısı Nikol Paşinyan iddia edir. Bununla belə, o, növbədənkənar parlament seçkilərini keçirilməsinə nail olmaq üçün bu vəzifəyə indi seçilməyi arzulamır. Göründüyü kimi, opponentlərinə badalaq gəlməyə, necə deyərlər, bir güllə ilə iki dovşan vurmağa çalışan Nikol Paşinyan hakimiyyət kreslosunda özünü daha rahat hiss etmək üçün antipaşinyan qüvvələri bir zərbə ilə süpürüb parlamentdən kənara atmaq istəyir. Ona görə də uğrunda mübarizə apardığı posta seçilməyi hələlik arzulamır, yəni ona nail olmağa çalışır ki, parlament buraxılsın və bu qurumdakı əleyhdarları siyasi arenanı birdəfəlik tərk etmək məcburiyyətində qalsınlar.
Hələ xeyli əvvəl Nikol Paşinyanın yazdığı ssenaridə bu addım nəzərdə tutulmuşdu. Beləliklə, aydın görünür ki, hadisələr onun planlaşdırdığı kimi inkişaf edir. Ancaq hər şey onun düşündüyü kimi olmaya da bilər, çünki parlamentdə onun düşmənləri hələ də çoxluq təşkil edir. Bundan da başqa qarşıda iki ağır seçki durur. Bu seçkilərin nə ilə nəticələnəcəyi sual altındadır. Hətta siyasi şərhçilər bu versiyanı da irəli sürürlər ki, əllərində kifayət qədər sərvət və hərbi güc toplamış eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyan ona qarşı silahlı qarşıdurma yarada bilərlər. Yayılan məlumatlarda bildirilir ki, hətta Koçaryan bu məsələdə Sarkisyanı bir qədər acizlik və qorxaqlıq göstərməkdə suçlayıb. Əgər onlar bu yolu seçsələr ola bilər ki, hakimiyyət məsələsi seçki ilə deyil, silahlı çevrilişlə həll olunsun. Ancaq hələlik İrəvanda “qazanlar qapalı qaynayır.”
Xatırladaq ki, Nikol Paşinyan oktyabrın 16-da baş nazir vəzifəsindən istefa verib. Ötən gün “Çıxış” bloku onun namizədliyini baş nazirliyə təqdim edib. Ermənistan qanunvericiliyinə görə, baş nazirin istefasından sonra hər biri 7 1 gün olmaqla, iki dəfə yeni baş nazir seçilməsə, parlament buraxılmalı və yeni seçkilər elan edilməlidir.
Beləliklə, Qərbin dəstəyinə güvənən Nikol Paşinyan siyasi opponentlərinə qalib gəlmək, çevrilişlə ələ keçirdiyi hakimiyyəti legitimləşdirmək üçün qarşıdakı iki seçkini udmalıdır. Ancaq Pobert Koçaryan və Serj Sarkisyan kimi düşmənlərinə üstün gəlmək Paşinyana çətin olacaq, bəlkə də heç buna müyəssər olmayacaq. Məlumdur ki, hazırda parlamentdəki deputatların əksəriyyəti bu iki sabiq prezidentə sadiq olan şəxslərdir. Bir çox erməni siyasi şərhçiləri və politoloqları bildirirlər ki, Nikol Paşinyan bu sınaqdan sınıq çıxacaq. Onlardan başqa Ermənistanda belə düşünənlər az deyil. İndi Ermənistanda müxtəlif qütblərdə cəmləşmiş düşmən qüvvələr bir-birlərini əzib sıradan çıxarmaq niyyəti ilə mübarizə aparmağa kökləniblər.