Vəli İlyasov |
Qarabağ separatçılarının rəhbəri Bako Saakyan Moskvaya səfərə gedib. Ancaq səfərin məqsədi barədə məlumat yoxdur. Maraqlıdır ki, Saakyanın məqsədi məlum olmayan Moskva səfəri onun yaxın zamanlarda istefaya gedəcəyi ilə bağlı şayiələrin yayılması ilə eyni vaxta təsadüf edib. Ermənistandakı rəngli inqilabdan sonra davakar əhval-ruhiyyə Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan ermənilərə də sirayət edib. Bir müddət əvvəl Xankəndi və ətraf bölgələrin əhalisi ayağa qalxaraq Bako Saakyan rejiminə qarşı kəskin etiraz etmiş və onun komandası ilə birlikdə istefaya getməsini istəmişdilər. Qısaca desək, qarşıdurma hələ də səngiməyib və əhali ilə üzdəniraq terrorçu rejim rəhbərliyi arasında gərginlik artıq pik həddə çatıb.
Bu günlərdə Ermənistan KİV-lərində xəbər yayılmışdı ki, öz müsahibəsində “Sasna Tsrer” silahlı terror qruplaşmasının lideri Jirayr Səfilyan Qarabağdakı vəziyyəti “partlayış təhlükəsi olan vəziyyət” adlandırıb.
Səfilyan açıq bəyan edib ki, tərəfdarları ilə İrəvandakı hakimiyyətlə Dağlıq Qarabağda hakimiyyətin dəyişdirilməsini müzakirə etmək niyyətindədirlər. Görünür, Qarabağ separatçılarının lideri Bako Saakyan təhlükənin yaxınlaşdığını hiss edərək, Moskvadakı kuratorlarının yanına məsləhətləşməyə yollanıb. Ancaq burada qaranlıq məqamlar çoxdur. Səfilyanın sözlərindən açıq hiss olunur ki, o da başqaları kimi çevrilişə hazırlaşır və heç kimdən çəkinmədən bəyanat verir ki, o və tərəfdarları həm Ermənistandakı hakimiyyəti, həm də qondarma rejimin quldur rəhbərliyini devirmək istəyir. Buna real əsas da var. Məlumdur ki, Dağlıq Qarabağ əhalisi uzun illərdir ki, Ermənistan hakimiyyəti ilə qondarma qurumun tətbiq etdikləri rejimdə olmazın əziyyətlərini yaşayırlar. Səbr kasası çoxdan dolan Dağlıq Qarabağ əhalisi Bako Saakyan və başçılıq etdiyi quldurlardan yaxa qurtarmaq üçün yollar axtarırdı. Xankəndindəki mitinqlərdən birində fikir səslənmişdi ki, Ermənistanın rəzil hakimiyyətindən can qurtarmaq üçün Azərbaycan Ordusunu çağırmaq daha yaxşı olar. Nəhayət, şəkkaklar arasından Səfilyan adlı birisi ortaya çıxıb və indi çəkinmədən yerli mərkəzi hakimiyyətə meydan oxuyur.
Verilən xəbərlərə görə Bako Saakyan Moskvada qapı-qapı gəzərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan varlı ermənilərdən maddi yardım istəyir. Vəzifəli və nüfuzlu ermənilərdən isə onu yaxınlaşan təhlükələrdən xilas etməyi xahiş edir. Görünür, Bako bir güllə ilə iki dovşan ovlamağa çalışır. Həm dərisiniqorumaq, həm varidatını artırmaq, həm də vəzifəsini xilas etmək niyyəti ilə soydaşlarına qarşı hər cür rəzilliyə hazırdır. Ancaq hadisələrin gedişi düşünməyə əsas verir ki, bu dəfə ov vəziyyətində onun özü olacaq. Terrorçu Jirayr Səfilyan Bako Saakyanın qayıtmasını gözləyir. Hədəfdə olan Bakonun çıxış yolları isə görünmür.