KÖŞƏ

Vəli İlyasov

Paşinyan həm qorxur, həm də qorxudur

03 dekabr 2018 23:11
2253

“Mən “Qarabağın rəhbərliyinə” bütün danışıqlar prosesi haqqında məlumat vermişəm.” Bu sözləri ölkə mətbuatına  Ermənistanın baş naziri vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan deyib. “Dağlıq Qarabağa səfərim zamanı mən siyasi hakimiyyət və “ordu”nun nümayəndələrini dəvət edib, onlardan heç nə gizlətməyərək, danışıqlar prosesində olan hər şeyi onlara dedim. Mən bəyan etdim ki, Qarabağ məsələsi ilə bağlı problem Ermənistan və Qarabağ “xalqları”nın iradəsindən kənar həll edilə bilməz. Mən dedim ki, Qarabağ danışıqlar prosesinə qatılmayana qədər biz Qarabağ məsələsində həllə nail olduğumuzu deyə bilmərik. Mən dedim ki, danışıqları Ermənistan adından aparıram, “Qarabağ xalqı” adından danışıqları onların “hökuməti” apara bilər. Bunlara rəğmən Ermənistanda hələ də inqilabın Qarabağa qarşı hansısa tələ olduğunu, hökumətin Qarabağla bağlı xain planları olduğunu deyən siyasi qüvvələr var.”

Buradaca Paşinyan özü etiraf edir ki, onun siyasətinə qarşı əks qüvvələr durub. Həmin qüvvələrin böyük bir qismi Xankəndində ona qarşı  əks-fəaliyyət göstərir. Bundan başqa, Ermənistanın  hüdudlarından kənarda da bilirlər ki, ölkə daxilində Paşinyanın düşmənləri coxdur. Demək olar ki, bütün “ekslər” və onların tərəfdarları ona qarşı birləşirlər. Bu birliklə Paşinyanın ölüm-dirim mübarizəsi bir neçə gündən sonra sona çatacaq. Əgər Ermənistanda şəffaf və ədalətli, demokratik seçki şəraiti yaradılsa, seçkilərə müdaxilə olunmasa. Ancaq hiss olunur ki, nəinki seçkilərə müdaxilə, hətta silahlı çevriliş də gözləniləndir. Bu barədə artıq siqnallar gəlməkdədir.

Bəsit düşüncəli Nikol Paşinyan mətbuata açıqlamasında ona qarşı  düşmən mövqedə olanlar barədə təəccübünü belə ifadə edib. “Mən daim düşünürəm ki, niyə bu insanlar belə bəyanatlarla çıxış edirlər və açığını desəm, hansısa məntiqli açıqlama tapa bilmirəm. Digər tərəfdən, bəzi siyasi qüvvələr bu seçkidən sonra siyasi ölümlərinin qeydə alınacağını başa düşüblər. Bu insanlar öz siyasi ölümlərinin yaxınlaşdığını bilərək özlərinin siyasi provokativ bəyanatları ilə  konspirativ müharibəni alovlandırmaq, bu kontekstdə özlərinin maraqlarını müdafiə etməyə çalışırlar. Bu, çox ciddi presedentdir, ona görə də mən əsas izah tapa bilmirəm”, - deyə o bildirib.

Bu sözlərdən aydın görünür ki, Paşinyan “ciddi presedent”dən qorxur və qarşı tərəfə hədə mesajı göndərir. Onun sözlərinə görə, bu cür bəyanatlarla artıq Milli Təhlükəsizlik Xidməti və hərbi kəşfiyyat məşğul olmalıdır. O, həmçinin bəzi qüvvələrin inadla dövlətə xəyanətə doğru addımladıqlarını bildirib. Bu mesajla Paşinyan ölkə daxilində onun əleyhinə və xarici dairələrin maraqlarına uyğun işləyən qüvvələri başa salmaq istəyir ki, baş aparanları həbsxana divarları və ya “siyasi ölüm” gözləyir.