KÖŞƏ

Cavid Əkbərov

04 yanvar 2019 10:56
3893

Dövlət büdcəsində sosial xərclərin payı 34,5 faiz təşkil edir

Ölkəmizin sürətli inkişafı sosial sahədə irimiqyaslı islahatlar aparmağa imkan yaradıb. Azərbaycan hökuməti iqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial proqramları genişləndirib. Belə ki, dövlət başçısı İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar, həmçinin xüsusi Dövlət proqramları əhalinin sosial müdafiəsini gücləndirib. Maliyyə imkanları möhkəmləndikcə ölkədə həyata keçirilən sosial tədbirlərin də sayı artır. Yaşayış səviyyəsinin daha da yüksəldilməsi və yoxsulluğun azaldılmasında dövlət büdcəsinin sosialyönümlü olması öz rolunu oynayır.

Əhali üçün əlverişli sosial mühitin yaradılması, ölkə miqyasında iqtisadi inkişafın sürətlənməsi, yeni iş yerlərinin açılması vətəndaşlarımızın davamlı gəlirləri üçün əsas təşkil edir. Bu, dövlətin sosial siyasətinin birbaşa məqsədləridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq.

Yeni ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin həcmindəki artımla bağlı iqtisadçı ekspert Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, bu kimi addımlar əhalinin maddi rifah halının daha da yaxşılaşmasına gətirib çıxaracaq: “DOST” modelinin yaradılması birbaşa ondan xəbər verir ki, artıq xidmətlərin elektronlaşması prosesi gedir. Xidmətlərin elektronlaşması da vətəndaşların xidmətlərə əlçatanlığının genişləndirilməsi baxımından çox vacibdir. Bu kontekstdə təbii ki, son illər yürüdülən iqtisadi siyasət həm də sosial siyasətin gücləndirilməsi üçün bir baza formalaşdırıb”.

V.Bayramovun sözlərinə görə, ümumiyyətlə, adətən iqtisadiyyatı güclü olan ölkələr sosial sferaya daha çox diqqət ayırır və sosial təminatı daha yaxşı həyata keçirə bilirlər: “Çünki nəticə etibarilə bu da bir sosial öhdəlikdir. Azərbaycanda bu kontekstdə təbii ki, büdcənin sosial öhdəlikləri son illər daha da artmaqdadır. 2019-cu ilin dövlət büdcəsində sosial xərclərin payı 34,5 faiz təşkil edir. Yəni ümumi xərclərin təxminən 9 milyard manatı məhz bu istiqamətə yönəldiləcək”.

Ekspert bildirdi ki, 2019-cu ilin büdcəsində təhsil, elm, səhiyyə və bu tip vacib sahələrə yönəldilən vəsaitlərin həcmində artımlar var: “Bu isə ondan xəbər verir ki, son 15 ildə həyata keçirilən sosial siyasət növbəti illərdə də davam etdiriləcək. 2019-cu il təbii ki, sosial proqramların həm miqyası, həm coğrafi baxımdan, həm də ki, ünvanlılıq baxımından genişləndirilməsi ilə yadda qalacaq”.

Onun sözlərinə görə, praktiki olaraq bu, məhz Azərbaycanda son 15 ildə həyata keçirilən sosial siyasətin növbəti illərdə də davam etdirilməsi, daha da təkmilləşdirilməsi, əlçatanlığın genişləndirilməsi və sosial proqramlardan faydalananların sayının artmasında özünü göstərəcək.

Cavid Əkbərov, “İki sahil”