Vəli İlyasov |
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla MDB dövlət başçılarının sammiti çərçivəsində Düşənbədə bir dəfə görüşüb. Nikol Paşinyan bu görüşdən sonra öz feysbuk səhifəsində İlham Əliyev haqqında tərifli ifadələrlə dolu fikirlərini yazıb. Həmin yazısında Paşinyan Prezident İlham Əliyevin bacarıqlı və uzaqgörən siyasətçi olduğunu bildirib. Daha sonra Sankt-Peterburqda da liderlərin zirvə çərçivəsində bir araya gəliblər. Davos Dünya İqtisadi Forumunda iki liderin yenidən görüşməsi Düşənbə və Sankt-Peterburqdakı qeyri-rəsmi görüşlərin davamı kimi dəyərləndirilə bilər. Ancaq bu görüş əvvəlkilərdən fərqli olaraq ayaqüstü və tanışlıq formatında olmayıb. Bu görüşün saat yarım davam etməsindən də göründüyü kimi , 2019-cu il Dağlıq Qarabağ münaqişəsinin çözülməsində həlledici il ola bilər.
Politoloqların fikrincə, artıq siyasi şərhçilərin də vurğuladıqları kimi, bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündə əsas müzakirə mövzusu olan xalqların sülhə hazırlanması məsələsi kifayət qədər mücərrəddir. Bu hazırlanma prosesi Ermənistan tərəfinə daha çox lazımdır, Azərbaycanın əzəli torpaqlarına təcavüz edən odur. Ona görə də xalqın sülhə hazırlanması, qonşu xalqlarla normal əlaqələr qura bilməsi işğalçı Ermənistan üçün daha vacibdir. Uzun illərdir ki, Azərbaycan tərəfi özünümüdafiə ilə məşğuldur. Heç bir səbəb olmadan əraziləri iyirmi yeddi ildən də artıq işğal altında qalan Azərbaycanın sülhə hazırlıq prosesinə ehtiyac yoxdur. Azərbaycan xalqı nəyi necə etmək barədə kifayət qədər məlumatlıdır. Yəni, ərazilərinin azad edilməsi müqabilində Azərbaycan sülhə hazırdır. Dövlətimizin başçısı cənab İlham Əliyev bu fikri beynəlxalq tribunalardan da dəfələrlə bəyan edib.
Qətiyyətlə demək olar ki, münaqişənin həllində bütün məsuliyyəti Ermənistan tərəfi daşıyır. Lakin mətbuata sızan məlumatlara görə, Ermənistanda bəzi qüvvələr münaqişənin sülh yolu ilə həll olunmasını istəmirlər. Ona görə də həmin qüvvələr bəri başdan haray-həşir salıblar. Onlar baş nazir Nikol Paşinyanın Azərbaycanla danışıqlar aparmasını pisləyir və baş nazirin yeritdiyi xətdən ciddi narazılıqlarını bildirirlər. Təbii ki, bu qüvvələrin kimliyi bəllidir. Bunlar hakimiyyət hərisləri olan Robert Koçaryanın, Serj Sarkisyanın və digərlərinin başçılıq etdikləri ünsürlərdir. Öz xalqını qonşularla düşmənçiliyə sürükləmiş bir ovuc ambisiyalı cinayətkar şəxs münaqişənin həll olunmasına qətiyyən razı deyillər. Onlar hakimiyyətdə olduqları uzun illər belə mənfur ideyalarla iki xalqı barışmaz düşmənə çevirdilər.
Zaman onların səhvlərini düzəldəcək, ancaq törətdikləri cinayətlərə görə isə cavab verməli olacaqlar. Həmin məhkəməyə lap az qalıb.