KÖŞƏ

Vəli İlyasov

Paşinyan kimin gözünə kül üfürür?

08 fevral 2019 10:22
2066

Meydandan hakimiyyət başına gələn Nikol Paşinyan idarəetmədə səriştəsizliyini və naşılığını ört-basdır etmək üçün vaxt qazanmağa çalışırdı. Buna müəyyən qədər nail oldu. Seçkilərdən əvvəl o, bəyan etmişdi ki, işğal etdikləri və boş qalmış Azərbaycan əraziləri Ermənistana lazım deyil. Belə təəssürat yaranırdı ki, Paşinyan hakimiyyətdə möhkəmlənən kimi Ermənistanın işğalçı qoşunlarını Dağlıq Qarabağdan və ona bitişik yeddi rayonumuzdan çıxaracaq. Axı, o, “işğal edilmiş və boş qalmış Azərbaycan torpaqları bizə lazım deyil” demişdi.

Ermənistanda parlament seçkiləri də keçirildi. Seçkilərdən sonra qeyri-rəsmi danışıqlara da başlanıldı. Nikol Paşinyan nüfuzlu beynəlxalq təşkilatların  təsiri ilə danışıqlara getdi, ancaq burada da son dərəcə qeyri-konstruktiv mövqe tutaraq vaxtı uzatmağa hesablanmış manevrlər etdi. Hələ baş nazir postuna seçilməzdən əvvəl bildirirdi ki, guya Ermənistan Dağlıq Qarabağdakı rejimin işinə qarışmır. Bu, cəfəng və gülünc bəyanatı təbii ki, heç kim ciddi qəbul etmədi. 

Aydındır ki, Nikol Paşinyanın məntiqdən uzaq bəyanatları yalnız Ermənistanda ictimai rəyin çaşdırılmasına yönəlib. Görünür, “Qarabağ klanı”nın rəhbərləri keçmiş prezidentlər Robert Koçaryan, Serj Sarkisyan, sabiq müdafiə naziri Seyran Ohanyan, qondarma rejimin başçısı Bako Saakyan və bəzi siyasi partiyalar baş nazirə ciddi təzyiq göstərirlər. Ona görə də o,  qəribə və  məntiqə sığmayan iddialarla çıxış edir və yenə də deyir ki, danışıqlarda əsas tərəf guya qondarma “Dağlıq Qarabağ Respublikası”dır. Ermənistan onun adından çıxış edə bilməz.

Görəsən Paşinyan kimin gözünə kül üfürür? Özünün, yoxsa başqalarının? Çünki artıq bütün dünya bilir ki, Azərbaycanın əzəli torpaqlarını  işğal edən Ermənistandır  və bu işdə ona bəzi xarici havadarları dəstək veriblər. Dağlıq Qarabağda yaşayan və necə deyərlər, ancaq “öz başının milçəyini qoruyan” 50-60 min erməni nə ordu yarada, nə də Azərbaycanın ərazilərini işğal edə bilərdi. Yəni müharibə və işğal cinayətlərini törədən Ermənistan və onun silahlı qüvvələridir. Bu gün Ermənistanın işğalçı dövlət olduğunu  dünyanın əksər ölkələri  qəbul edir. İndi onun başçısının  bəsit formada Dağlıq Qarabağı tərəf kimi ortaya atması yalnız acı gülüş doğurur. Belə ağılsız məntiqlə hər hansı danışıqlar prosesini həyata keçirmək qeyri-real  görünür. Paşinyanın düşünülməmiş  “Ermənistanın bu məsələlərdə Dağlıq Qarabağın əvəzinə çıxış etməsinə mənəvi haqqı yoxdur” kimi iddialar səsləndirməsi onun bir rəhbər kimi səriştəsizliyindən və  məsuliyyətsizliyindən xəbər verir.  Çünki ortada  beynəlxalq təşkilatların iştirakı ilə 24 ildən çox  davam edən danışıqlar prosesi var. Bu danışıqlar prosesinin tərəfləri kimi Ermənistan və Azərbaycan tanınır. Minsk qrupunun həmsədrləri olan ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası uzun illərdir ki, davam edir. Minsk qrupunun həmsədrləri olan  ABŞ, Rusiya və Fransa  bu məsələlərdə hər zaman münaqişə subyektlərinin  Ermənistan və Azərbaycan dövlətləri olduğunu qəbul edib. Nikol Paşinyanın  birdən-birə hər şeyi alt-üst edib,  yeni əsassız  iddialarını irəli sürməsi tamamilə anormal hərəkətdir. Əgər o, danışıqlar xatirinə danışıqlar aparmağa cəhd edirsə, burada da böyük səhvə yol verir. Yada salaq ki, ağlı hələ başında olan bəzi tanınmış ermənilər baş nazir seçkilərindən əvvəl  bildirirdilər ki, Paşinyan baş nazir seçilən kimi Dağlıq Qarabağ münaqişəsinin sülhlə həllinə çalışmalıdır, əks təqdirdə Ermənistan öz qarşısında güclü Azərbaycan Ordusunu görəcəkdir. Təbii ki, müharibə yenidən başlayarsa, bu, Ermənistanın məğlubiyyəti ilə başa çatacaq. Çünki döyüşdə erməni tərəfdə məğlubiyyət simptomları özünü dəfələrlə göstərib. Odur ki, Ermənistanın yalnız bir çarəsi qalır: işğal etdiyi Azərbaycan torpaqlarını dinc yolla öz sahibinə qaytarsın.