Vəli İlyasov |
Xankəndi şəhərinin sakinləri və ətraf bölgələrdən gələnlər dörd gündür ki, mitinq keçirirlər. Küçələri bağlayan əhalinin etiraz aksiyasında Ermənistan parlamentinin deputatı Zarui Postancyan və digər siyasətçilər də iştirak ediblər. Aksiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair şüarlar da səsləndirilib. İrəvandan gələn siyasətçilər və vəzifəli şəxslər aksiyaçıları dağılışmağa çağırsalar da ancaq buna nail ola bilməyərək paytaxta qayıdıblar. Onlar İrəvanda həyəcan təbili çalıblar.
Erməni siyasi şərhçi Sarkis Artsruni mətbuata verdiyi açıqlamalarında bildirib ki, Qarabağın Ermənistana birləşdirilməsi şüarları təhlükəlidir: “Bu təhlükəli presedentdir və Qarabağda daxili parçalanmaya gətirib çıxara bilər. Həmçinin bu tələblər danışıqlar prosesində təhlükəli kontekst yaradar və Azərbaycan bundan istifadə edə bilər”.
Etiraz aksiyalarının iştirakçıları bildiriblər ki, Xankəndidə və vilayətin bölgələrində ermənilərin qondarma rejiminin “güc strukturları” tərəfindən döyülməsi hadisəsi adi hal alıb: “İnsanlar artıq bu vəziyyətdən beziblər. Qarabağa Bako Saakyan və bir neçə general nəzarət edir. Onlar 20 ildir insanları qarət edir, onlarla qul kimi rəftar edir və amansızlıq göstərirlər”.
Dağlıq Qarabağın hərbi xuntasına başçılıq edən Bako Saakyanın və onun komandasının əhaliyə zülm etməsi barədə məlumatların sızdırılması xeyli vaxtdır ki, davam edir. Hərbi xuntanın nümayəndələri özlərini əsl ağa kimi aparır, heç bir qayda-qanuna əməl etmirlər.
İş o yerə catıb ki, dünən üsyana qalxmış Xankəndi sakinləri iki nəfəri döyüb ağır bədən xəsarətəri yetirən xüsusi təyinatlıların cəzalandırılmasını istəyiblər. Onlar tələb ediblər ki, bu kriminal qoşun növü ləğv edilsin. Onsuz da ağır məişət şəraitində yaşamaq yoxsul və hüquqsuz insanları bezdirib.
Erməni sosioloq David Karabekyan etiraf edib ki, Qarabağ İrəvan tərəfindən idarə olunur: “Biz eyniyik, sadəcə olaraq, hər şey süni şəkildə bölünüb və guya elə təqdim edirlər ki, ayrıca respublikayıq. Bunun belə olmadığını hər kəs bilir. Bu baxımdan, İrəvanda hakimiyyətin dəyişməsi ilə nəticələnən aksiyalardan sonra Xankəndidəki ermənilər də ayağa qalxıb. Xankəndidəki rejim kriminal qaydalarla hərəkət edir”. Erməni sosioloq onu da əlavə edib ki, rejimdən bezən Qarabağdakı ermənilər hansı yolla olursa-olsun, onun cəngindən xilas olmaq istəyirlər.
“Hətta elə insanlar var ki, xilas yolunun İrəvandan, yoxsa Bakıdan gəlməsinin fərqinə varmırlar. Azərbaycan Ordusu Xankəndinə gəlsə və erməniləri mövcud rejimdən xilas etsə, hər kəs onlara təşəkkür edəcək. Yəni vəziyyət o həddə çatıb”, - deyə o, bildirib.
Xankəndində dörd gün davam edən çaxnaşma İrəvanda ciddi narahatlıq yaradıb. Levon Ter- Petrosyan baş nazir Nikol Paşinyana məsləhət verib ki, Dağlıq Qarabağda vəziyyətin normallaşdırılması üçün təcili tədbirlər görsün. Lakin hiss olunur ki, tutduğu vəzifəni icra etmək iqtidarında olmayan Nikol Paşinyan qeyri-müəyyən vəziyyətdə qalıb və hələ heç bir reaksiya verə bilmir. Hiss olunur ki, dövlət idarəçiliyində naşı olan Paşinyan lazımi tədbirləri görməyə qabil deyil.
Günlər keçdikcə Dağlıq Qarabağ əhalisi ilə Bako Saakyanın başçılıq etdiyi hərbi xunta arasında gərginlik daha da artır. Bununla bərabər, Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında olan uçurum sürətlə dərinləşir. Bu isə Ermənistanı məhvə aparır.