KÖŞƏ

Vəli İlyasov

Ermənistan Rusiya telekanallarının hədəfində

17 aprel 2019 10:37
1860

Ermənistanla Rusiya arasında “soyuq müharibə” davam etməkdədir. Baş nazir Nikol Paçinyan nə qədər üzünə hiylə niqabı çəksə də,  əsl niyyətləri bəllidir. Onun qərbyönümlü siyasəti, Rusiya əleyhinə gizli planları artıq faş olmaqdadır.

Politoloqlar və siyasətçilər düşünürlər ki,  Rusiya çətin ki,  KTMT baş katibi Yuri Xaçaturovun bu qurumun imicinə zərbə vurmuş həbsi ilə bağlı əhvalatı ona bağışlasın. Habelə Ermənistanın keçmiş prezidenti, Moskvanın dəstəklədiyi Robert Koçaryanın həbsini də. Ermənistanda Rusiya biznesinə həmlələr, anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsi, Qərbə yaxınlaşma meyilləri, Rusiya hərbi bazalarının ölkədən çıxarılması tələbi əks tərəfi qıcıqlandırır və əks tədbirlər görməyə vadar edir. Ancaq  İrəvan Moskva ilə pisləşən münasibətləri süni surətdə uyuşdurmağa çalışsa da alınmır.

Ruslara gizli həmlələr yenə də davam etməkdədir.  Nikol Paşinyanın hakim “Mənim addımım” blokundan olan siyasətçiləri Ermənistanda Rusiyanın “ziyanvuran” telekanallarının yayımının dayandırılmasını tələb ediblər. Hakim qüvvənin deputatı Narine Tuxikyanın parlamentin elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman məsələləri üzrə daimi komissiyasının toplantısında deyib ki, “Rossiya”, “1-ci kanal”, “Mir” kimi bəzi telekanallar efirə ermənilərə nifrətə çağıran son dərəcə aqressiv verilişlər buraxırlar. Sonra o, televiziya və radio üzrə Milli Komissiyanın sədri Tiqran Akopyandan soruşub ki, ayrı-ayrı proqramların Ermənistan ərazisinə yayımını məhdudlaşdırmaq və ya tam dayandırmaq olarmı?

Sədr söyləyib: “Mən sizinlə razıyam. Bu, Ermənistanın informasiya təhlükəsizliyi üçün müəyyən təhlükə yaradır”. Amma sözünün davamında “uzaqgörənliklə” qeyd edib ki, belə bir praktikaya görə Gürcüstan və Ukraynada “çox yüksək bədəl ödəmək lazım gəlib”.  Ümumiyyətlə, “bu ölkələrin ödədiyi bədəli ödəməyə hazırıqmı? Axı onlar ərazilərinin bir qismindən məhrum olublar.”

Akopyan bu fikrə tərəfdardır ki, Ermənistan münasibətləri balanslaşdırmağı bacarmalıdır, çünki indiki vaxtda yetərincə başqa önəmli problemləri var. O, habelə ifadə edib ki, ölkənin daha əlverişli durumda olduğu vaxt yetişəndə bu ideya gerçəkləşdirilə bilər. İndi isə belə bir addım  arzuedilməzdir.

“Novosti Armenia”nın məlumatına görə, “Mir” dövlətlərarası teleşirkətinin Ermənistandakı təmsilçisi Merujan Sarkisyan təşəbbüsçü deputatı sözügedən kanala münasibətdə həmlənin motivlərini izah etməyə çağırıb: “Mən təəssüf edirəm ki, xanım Tuxikyan bilmir, ya da məlumatı yoxdur ki, “Mir” dövlətlərarası şirkətdir və Ermənistan onun səhmdarıdır”.

Buradaca yada salaq ki, “Rossiya-RTR” telekanalı (“Rossiya -1” dövlət telekanalının MDB ölkələri üçün beynəlxalq versiyası) dövlətlərarası saziş üzrə Ermənistanın bütün ərazisinə yayımlanır. Habelə qeyd edək ki, hələ heç kim Rusiya telekanallarının proqramlarının yayımlarının bağlanmasını tələb etməyib. Lakin Ermənistanda yayımlanan Rusiya telekanallarına münasibətdə “qalmaqallı ifşaları” və həmlələri artıq geniş şərh edirlər. Hərbi ekspert Vladislav Şurıqin “Armiya.az” nəşrinə deyib: “Bütün bu addımlar İrəvan üçün çox pis qurtaracaq. Rusiya-Ermənistan münasibətləri bundan sonra da soyuqlaşsa - yeri gəlmişkən, mən buna olduqca sakit yanaşıram, çünki hesab edirəm ki,  Ermənistan bizim üçün qalan hamısından ən mənasız müttəfiqdir - onda bu halda Ermənistan özü geopolitik durumuna çox ciddi şəkildə yenidən baxmalı olacaq. Ən azı, işğal etdiyi Azərbaycan  ərazilərini qaytarmalı olacaq”.

Vurğulamaq lazımdır ki, artıq bir ilə yaxındır ki, Rusiya telekanallarında təşkil edilən demək olar ki, bütün debatlarda və verilişlərdə Ermənistanın əsl tarixi barədə həqiqətlər üzə çıxarılır. Bildirilir ki, Ermənistan dövləti Azərbaycanın qərb torpaqlarında süni surətdə yaradılıb.