KÖŞƏ

Elçin Zaman

Rusiyadan Ermənistana “qazlı” zərbə

19 aprel 2019 10:40
2919

Son zamanlar Rusiyada da belə bir fikir formalaşır ki, bir müddət əvvələdək Rusiyanın “yaxın dostlarından” biri olan Ukraynanın Ermənistanın timsalında əkiz bacısı yaranır. Yəni artıq Ermənistanda 2018-ci ilin “məxməri inqilab”ından sonra antirusiya tərəfdaşlarının sayı davamlı artmaqdadır. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın atdığı bir çox siyasi addımları Ukrayna Prezidenti Poroşenkonun siyasi addımlarının təkrarı da hesab edirlər.

İş o yerə çatıb ki, hətta Paşinyanın təyin etdiyi yeni məmurlardan biri, diaspor üzrə nazir müavini, Amerika təhsilli Babken Ter-Qriqoryan Soros Fondunun tədbirlərində  Rusiya Prezidentini açıq söyüşlə təhqir edib. Ermənistanın yeni əmək naziri Mane Tandilyan isə Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmasını təbliğ edir. Bütün bunlar bir daha göstərir ki, indiki hakimiyyətdə Rusiyaya qarşı hələlik açıq şəkildə çıxış etməyən yalnız Nikol Paşinyandır ki, o da yəqin  məqam gözləyir.

Təbii ki, Rusiyanın hakim elitası da Ermənistanın bu antirusiya mövqeyinə biganə qalmayacaqdı. Xüsusilə son bir həftə ərzində Ermənistana qarşı iqtisadi təzyiqlər hiss olunmaqdadır. “Qazprom”un  “Qazprom Ermənistan”da kütləvi ixtisarlara başlaması və Rusiyanın Ermənistana satdığı qazın hər min kubmetrinin qiymətinin minimum 15 dollar qaldıracağı ilə bağlı açıqlamaları erməni cəmiyyətində xeyli narahatlığa səbəb olub.

Son günlər erməni ekspertlər də açıq mətnlə bildirirlər ki, bu, artıq Moskvanın Paşinyan hakimiyyətini dolayısı vasitələrlə cəzalandırmağa başlamasıdır. Yəni Kreml Paşinyanın reytinqini aşağı salmağa cəhd etməklə  Ermənistanda ona qarşı ciddi etiraz dalğası yaratmaq istəyir.

Əgər bir neçə ay əvvəl  ermənilərin sosial-iqtisadi böhranın normallaşmasına və sabitliyin bərqərar olacağına azacıq ümidləri var idisə, indi artıq olub-qalan ümidlər də puça çıxıb. Çünki ötən bir il ərzində yeni hakimiyyət  sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində  verdiyi vədlərin heç birini yerinə yetirə bilməyib.  Burada bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, Paşinyanın ikili siyasəti, yəni həm Qərbin, həm də Rusiyanın əlinə oynaması qeyri-müəyyənlik yaradıb. 

Rusiyanın “Qazprom” şirkətinin son addımlarını isə baş nazir Nikol Paşinyan  aprelin 15-də jurnalistlərə açıqlamasında Moskvanın bu addımını Ermənistana təzyiq vasitəsi kimi  dəyərləndirib.  Onun sözlərinə görə, bu addımı Rusiyadan gözləmirdilər.

Qeyd edək ki, bu gün Ermənistanın özünü qazla təmin etmək üçün Rusiyadan başqa alternativi yoxdur. Baxmayaraq  ki, alternativ variant kimi İrandan qaz almaq üçün  cəhdlər edilir. Ancaq hələlik bu nəticə vermir. Təbii ki, əgər belə bir imkan olsaydı, Ermənistan çoxdan  bu alternativdən yararlanardı. Alternativin  olmaması isə Rusiyanı öz qazını bahalaşdırmağa sövq edir.

Erməni ekspertlərin fikrincə, Ermənistan vətəndaşları sabaha ümidsiz baxırlar. Hesab edirlər ki,  Paşinyanın  məğlubiyyəti ilk növbədə bölgələrdən və kəndlərdən başlayacaq. Səbəbi də indiyə kimi effektli idarəetmə sisteminin yaradılmaması ilə bağlıdır. Yəni inqilabçı baş nazirin verdiyi vədlərin fiaskoya uğramasıdır. Effektiv idarəetmə sisteminin yaradılmaması əyalətdə yaşayan insanların həyat şəraitinin pisləşməsinə səbəb olub. Ona görə də son aylarda bölgələrdə mütəmadi olaraq etiraz aksiyaları keçirilir. Burada digər bir məqam isə Paşinyan komandasının yekcins  və təcrübəsiz olmasıdır. Komanda təcrübəsiz olduğundan  fikir ayrılıqları yaranmaqda və bu proses dərinləşməkdədir.

Hətta sosial şəbəkələrdə ona ünvanlanmış tənqidlərdən bezən Paşinyan  sərt olmağa çalışır və ölkəni “dəmir əllə” idarə etməyə cəhd edir. Aprelin 4-də sosial şəbəkə iştirakçısı olan biri Paşinyan hakimiyyətini dövləti məhv etməkdə ittiham edən bir status yazıb. Bundan sonra Paşinyan Təhlükəsizlik Xidmətinin rəhbərinə  həmin şəxs barəsində  ciddi tədbir görməyi tapşırıb. Onun tapşırığına qısa müddətdə əməl olunub. Təbii ki, Paşinyan hakimiyyətinin tənqidi fikirlərə kəskin reaksiya  verməsi ciddi problemlərə yol açacaq və erməni xalqı qısa zamanda ölkədə inqilabi terrorun şahidi olacaqdır.