KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

“Azadlıq” qəzetini də Əli Kərimlinin hikkəsi məhv edib

30 iyul 2019 13:35
1531

Bu “Azadlıq” illərdir ki, yoxdur…

Bugünlərdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dövlətçilik baxımından konseptual təhlil və dəyərləndirməsi yayınlanmışdı. Təəccüblü deyil. Çünki həm rəsmən daşıdığı vəzifə, həm də Azərbaycan hakimiyyətinin siyasi-ideoloji yöndən möhkəmlənməsi üçün göstərdiyi çabalar diqqətə alınarsa, cənab Həsənovun belə mövzuda təhlilləri yenilik deyil. Yəni bu hörmətli dövlət görəvlisi öz vəzifəsini ən uyğun şəkildə həyata keçirir, vaxt-vaxtdan belə yazılarla çıxış edir. Yaxud da geniş müsahibələr verir, cəmiyyəti maraqlandıran məsələlərə aydınlıq gətirir. Bu, işin daha çox görünən tərəfidir. Bir də başqa tərəfi var.

Əli Həsənov radikal söyüş çetelərinin ən çox hədəf aldığı dövlət görəvlisidir.

İstər müxalif qüvvələr, istərsə də müxtəlif zərərli mərkəzlərə bağlı antimilli ünsürlər Əli Həsənovu təsadüfdən hədəfə almır. Onlar da yaxşı anlayır ki, bu görəvli hakimiyyətin əsas söz sahibi olmaqla yanaşı Prezident İlham Əliyev və onun siyasi komandasını hər cür hücumlardan qorumaq üçün özünü belə fəda edir.

Haşiyə: Bir dəfə Əli Həsənovla bir söhbətimiz olmuşdu. Ona edilən hücumlarla bağlı. Sadəcə ürəyimdən keçdi, dedim ki, Əli müəllim, sizə bu qədər hücumlar olur, bəlkə biz də bir yazı yazıb cavab verək? Baxdı, təşəkkür etdi və dedi: mənə olan hücumlar önəmli deyil. Sən heç görmüsənmi özümü müdafiə üçün danışım, yazım, kimlərdənsə yazmağı xahiş edim? Etmirəm, etmərəm də. Əsas odur ki, cənab Prezidentə, Birinci vitse-prezidentə edilən hücumların cavabını veririk və verməyə də davam edəcəyik. Mən özümü müdafiə etməyə ehtiyac duymuram.

İndi Əli Həsənovun Əli Kərimli haqqında olduqca nəzakətli fikirlər səsləndirməsinə gəlirəm. Əli Kərimli bunu bir şans bilib az qala bütün cəbhəboyu hücum əmri verib ki, Əli Həsənovu gözdən salsınlar. Əli Həsənovsa olanları bir dövlət adamına yaraşan təmkinlə seyr edir. Bu da təbiidir. Yarımçıq siyasətçi Əli Kərimlidən fərqli olaraq Əli Həsənov bütöv siyasət və dövlət adamıdır. Nə etdiyini, nə üçün etdiyini, nə zaman etməli olduğunu həm biliyi, həm də təcrübəsi sayəsində çox yaxşı müəyyən edə bilir. Əli Kərimli isə edə bilmir. Bir örnək verək.

…1998-ci ildə Əbülfəz Elçibəy qərar verdi ki, AXCP “Azadlıq” qəzetinin təsisçiliyindən tam imtina edir. Bunun rəsmiləşdirildiyi qurultayda mən də qonaq qismində iştirak və çıxış etmişdim. Onda Jurnalistlərin Həmkarlar İttifaqının sədri olmaqla bərabər “Azadlıq” qəzetində də işləyirdim. Redaktorumuz Gündüz Tahirli idi. Olduqca obyektiv və media etikasına sadiq birisi idi. “Azadlıq” qəzeti tam olaraq müstəqilləşdiyi günün səhəri onun ilk səhifəsində Prezident Heydər Əliyevin şəkli dərc edildi. Həm də onu Azərbaycan Respublikasının Prezidenti kimi təqdim etdilər. (Ona qədər Heydər Əliyevin şəkli dərc edilməz, adı çəkiləndə də prezidentliyi şübhə altına alınardı – A.H.) Qərara alınmışdı ki, bundan sonra “Azadlıq” qəzeti doğrudan da müstəqil davranacaq və heç bir siyasi qüvvəyə bağlı olmayacaq. Bu yanaşma ona səbəb oldu ki, qəzet getdikcə varlandı. Reklamı artdı. İndi “Azadlıq”da tək tərəfli müxalif mövqe ifadə edilmirdi. Hakimiyyətlə bağlı yazılar və xəbərlər də bu qəzetin səhifələrindən oxuculara təqdim edilirdi. Tiraj da artırdı getdikcə. Yəni media etikası öz yerini tutmuş, Əbülfəz Elçibəyin xeyir-duasıyla bu qəzet müstəqilləşmişdi. Lakin sonra baş verənlər “Azadlıq”ı rəsmən çökdürdü.

Sonra nə baş verdi? Əli Kərimli bu durumdan istifadə etməyə başladı. O, “Azadlıq”ı heç müxalifətin də deyil, məlum və məşhur “Yurd”un tribunasına çevirdi. İş o həddə çatdı ki, “Azadlıq” Əbülfəz Elçibəyin belə əleyhinə istifadə edildi. Özü də bunu Əli Kərimlinin diktəsilə edirdi. Bu durumsa qəzetin çöküşünün başlanğıcı oldu. Tiraj düşdü, maliyyə gəlirləri azaldı, tərəfsizliyini itirdiyi üçün ciddi siyasət adamları “Azadlıq”la məsafəli davranmağa başladı. Milli azadlıq hərəkatının tribunası rolunu şərəflə oynamış milli qəzet indi “Yurd” və onun başçısı Əli Kərimlinin partiya vərəqinə çevrilmişdi. Belə bir qəzet yaşamağa davam edə bilərdimi? Təbii ki, yox və bu gün qəzet köşklərində “Azadlıq”ın olmamasının səbəbi məhz bu yanlış siyasət idi. Əli Kərimli özünün hikkəli “siyasət”inə görə Azərbaycan mətbuatı tarixində çox önəmli yeri və rolu olmuş bir qəzeti yox etdi.

Haşiyə: Əli Kərimlinin nəzarətində olan “Azadlıq” qəzetində öz lideri haqqında yazdırdıqlarından sadəcə bir yarpaq: “…Hamıya bəllidir ki, Əbülfəz bəy az-çox obyektiv sayılan sorğuların nəticələrinə görə, ən yüksək reytinqi ilə fərqlənmir. Əksər hallarda nəinki başqa partiya sədrlərindən, hətta öz birinci müavinindən (Əli Kərimlidən – A.H.) də geri qalır. Onun öz reytinqinə fəlsəfi baxımdan yanaşması da, yəni «reytinq nisbi şeydir, bir neçə aya dəyişmək olar» eks-prezidentin irrasional düşüncəli tərəfdarlarından və fanatlarından müəyyən qədərə fərqli mövqedə olduğunun göstəricisidir. Bundan başqa, 4 il dağ kəndində yaşayıb siyasi proseslərin sürətindən də geri qalmamaq mümkün deyil”. (1-3 aprel 2000-ci il)

Düzdür, indi xaricdə oturub kimlərsə guya “Azadlıq” adı altında bir internet saytını idarə edirlər. Ola bilər ki, Əli Kərimlini və o dövrü yaxşı bilməyən gənclər bunu həmin “Azadlıq” kimi qəbul etsinlər. Ancaq bizim kimi tarix şahidləri artıq “Azadlıq” adında qəzetin çoxdan arxivə gömüldüyünü yaxşı bilir.

Sözümün canı odur ki, Əli Həsənov bu cür yanlış yanaşmalarıyla batdıqca batan Əli Kərimlinin adını yazısında çəkməklə əslində ona lütf edib. Ona görə də Kərimli az qala bunu toy-bayram kimi qəbul edir. Hər nə qədər olmasa da cənab Həsənov kimi bir dövlət adamının adını mənfi yöndə çəkməsi belə bu cür adamların özünü önəmli şəxs kimi qələmə verməsi üçün bəhanədır…

İndi bu Əli Kərimli siyasi səhnədə nə qədər aşağı yuvarlanıb ki, adi bir təhlildə bir dövlət adamının adını çəkməsindən belə havalanıb uçur. Ki, baxın, mən önəmli adam olmasaydım adımı çəkərdilərmi? Arxasında ciddi sosial bazası və doğrudan da çəkisi olan bir siyasət adamı olsaydı, Əli Kərimli Əli Həsənovun bu qeydlərinə əhəmiyyət belə vermədən keçə bilərdi. Lakin, dediyimiz kimi, adam siyasət piramidasında o qədər aşağıdadır ki, adının çəkilməsi onun üçün quyunun dibindən görünən bir günəş şüasıdır. Belə bir “şüa”nın ümidinə qalan siyasət adamı böyük iddialarla çıxış edə bilərmi? Normalda etməz. Amma Əli Kərimlinin siyasəti həmişə anormal olduğu üçün edir…