![]() |
Vəli İlyasov |
Bu yığcam ifadə videobloger Albert İsakova məxsusdur. O, “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması: Tarixə baxış və gələcək imkanlar” mövzusunda keçirilən dəyirmi masada belə deyib. İsakov müraciət etdiyi mövzunu erməniləri xarakterizə etməklə davam etdirib. O, bir sıra tarixi faktlara və həqiqətə istinad edib. Videobloger öz çıxışında bildirib: “Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?” sualına çox vaxt diplomatik cavablar verilir. Amma mən diqqəti daha vacib bir məqama çəkmək istəyirəm, bu münaqişədən ən çox əziyyət çəkən insanlar olub və bu qərarı da məhz cəmiyyət verməlidir.
Hazırda erməni cəmiyyəti bir çıxılmaz vəziyyətdədir. Uzun illər ərzində onlar elə düşünürdülər ki, dünya onların ətrafında fırlanır. İndi isə reallıqla üzləşiblər. Onlar anlamalıdırlar ki, bir zamanlar Ermənistanda azərbaycanlılar da yaşayırdı. Bu gün reallıq ondan ibarətdir ki, azərbaycanlılar öz yurdlarına qayıtmalıdırlar. Əgər sülhdən danışırıqsa, ilk növbədə qarşılıqlı etiraf və həqiqətin qəbul olunması lazımdır”,- o qeyd edib.
Bəli, erməni cəmiyyəti sərsəm ideyalarla yüklənmiş axmaq rəhbərlərin, hüllükbaz “ideoloqların” sarsaq hərəkətləri nəticəsində çıxılmaz vəziyyətə düşüb. SSRİ-nin ilk prezidenti, siyasi avantürist və insan qatili Mixail Qorbaçovun təhrikçiliyi və dəstəyi ilə Azərbaycanın tarixi torpaqlarını növbəti dəfə işğal etmək, soyqırımlar törətmək və digər ağır cinayətlərə getmək indi tamamilə haqlı olaraq onların əleyhinə işləməli olub.
Qalib Azərbaycanın işğalçı Ermənistandan tələbləri nədir? Bu suala bir cümlə ilə cavab vermək mümkün deyil. Ona görə ki, Azərbaycanın tarixi ərazisində qondarılmış Ermənistanın iştahası genişdir. Zaman keçdikcə yarındığı imperiyaların hərtərəfli köməyi ilə daha çox torpaq ələ keçirmək, cəmi 9 min kvadratkilometrdə quraşdırılmış oyuncaq dövlətin ərazisini daha da genişləndirmək. 1992-1994-cü illərdə bu niyyətinə də çatdı. İlk növbədə, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı dədə-baba yurdlarından didərgin saldılar. Sonra silahlanaraq yenicə müstəqilliyini bərpa etmiş, iqtisadiyyatı zəif, ordusu, silahı olmayan Azərbaycanın ərazilərini müharibə yolu ilə işğal etdilər. O vaxtkı ABŞ və bəzi Avropa dövlətlərinin dəstəyinə arxayın olan erməni ideoloqları bədxahlarımızla bərabər düşündülər ki, əraziləri uzun illər işğalda saxlamaqla azərbaycanlılara unutdura biləcəklər. Lakin bu dəfə yanıldılar.
1994-cü ildə aparıcı xarici ölkələrlə “Əsrin neft kontraktları” bağlandı, müasir ordu, güclü arsenal yaradıldı və bunlarla yanaşı iqtisadiyyat da inkişaf etdirildi. Nəhayət, Ermənistanın və havadarlarının hər vəchlə gizlətdikləri Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı. 2020- ci ilin payızında Azərbaycan Ordusu işğalçının Qazax, Tovuz, Tərtər istiqamətindən başladığı “yeni müharibə, yeni ərazilər” planını yerlə yeksan etdi. O, ağır məğlubiyyətə uğradıldı. Ordusunun məğlubedilməzliyi barədə yaydıqları əfsanələr puça çevrildi.
Hazırda sülh müqaviləsinin bağlanmasını pozan Ermənistan hətta 1992-1994-cü illərdəki Birinci Qarabağ müharibəsi zamanı işğal etdiyi dörd kəndimizi, ayrı-ayrı vaxtlarda qopardığı torpaqları sahibinə qaytarmaq istəmir. Yəni, işğalı davam etdirir. Qardaş Türkiyəyə və Azərbaycan ərazilərinə haqsız iddialarından əl çəkmir. Bu səbəbdəndir ki, məsələ xarici ölkələrin rəhbərlərinin, ictimaiyyətinin, mətbuatın diqqətində saxlanır, boşuna müzakrələrə yol açır. Beləliklə də, sülh müqaviləsinin imzalanması qəsdən qeyri-müəyyən müddətə saxlanır. Amma necə olursa-olsun axırı Ermənistanın xeyirinə qurtarmayacaq. Bunu 1988-ci ildən 2020-ci ilədək keçən otuz iki il də göstərdi. Videobloger Albert İsakov düzgün ifadə edir ki, Ermənistan gözünün içərisinə girmiş Azərbaycan reallıqlarını ya görmür, ya da görmək istəmir. Görünür, görməsi üçün daha bir “dəmir yumruq” lazımdır. Çünki “İlan ulduz görməsə ölmür”- deyiblər.