KÖŞƏ

Vəli İlyasov

Köpək araba kölgəsində yatdı və elə bildi ki...

03 sentyabr 2019 11:20
1637

Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə korlanan Ermənistan-Rusiya münasibətləri getdikcə pisləşməkdədir. Rusiya Prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı altmış beş  yaşının tamam olması münasibətilə təbrik etməsi Paşinyanın komandasında qıcıq yaradıb.

“Sputnik” agentliyi erməni informasiya mənbələrinə istinadən xəbər verir ki, bu barədə  Ermənistanın ikinci prezidentinin ofisindən bildirilib.

Ermənistan və Rusiya arasında müttəfiq münasibətlərinin möhkəmləndirilməsində və ənənəvi dostluğa sədaqət göstərilməsində  keçmiş prezidentin böyük rolunu vurğulayan Putin Robert Koçaryana cansağlığı arzulayıb. Bundan bir qədər əvvəl isə Koçaryanı Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağın separatçı qurumunun rəhbəri  Bako Saakyan təbrik ediblər.

Qeyd edək ki, Robert Koçaryan hazırda həbsdədir. Rusiya İrəvandan onun azad edilməsini istəsə də, baş nazir Nikol Paşinyan hakimiyyəti Prezident Vladimir  Putinin istəyini yerinə yetirməkdən imtina edib. Siyasi müşahidəçilər Putinin təbrikinin Paşinyan üçün ciddi siqnal olduğunu bildirirlər.

Əslində Rusiya Prezidentinin təbriki və adlarını çəkdiyimiz şəxslərin təbrikləri özündə bir çox mənaları ehtiva edir. Bu, aşkar göstərir ki, Rusiya Ermənistanın keçmiş prezidentlərini dəstəkləyir və onlardan hər hansı birinin yenidən hakimiyyətə gəlməsini arzulayır. Nikol Paşinyanın Rusiyanın Ermənistandakı maraqlarına qarşı çıxması, Qərbyönümlü siyasət yeritməsi, Rusiya ilə o qədər də xoş münasibətdə olmayan ölkələrlə isti münasibət qurmağa can atması iki ölkə arasında yaranmış uçurumu getdikcə dərinləşdirir. Başqa sözlə, Nikol Paşinyanın dikbaşlığı qarşı tərəfin qətiyyən xoşuna gəlmir. Ona görə də son vaxtlar RF telekanalları Ermənistan əleyhinə verilişlər nümayiş etdirirlər. Verilişlərdə aparıcı və iştirak edən tarixçi alimlər, politoloqlar, ziyalılar erməniləri faktlar və sübutlarla ifşa edirlər. Hətta onlardan biri Ermənistanı “300 illik boğaz ortağı” adlandırıb və buna son qoymağın vaxtının gəlib çatdığını bildirib. Tədqiqatçı alim Oleq Kuznetsov və bir çox başqaları Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilməsini açıq şəkildə ittiham edirlər. Həmin verilişlərdə açıq deyilir ki, ermənilər Azərbaycan torpaqlarına iki yüz il əvvəl başqa ölkələrdən köçürülüb gətiriliblər. Azərbaycanlılar ermənilərə məskunlaşmaq üçün yer veriblər. Ona görə də hələ yüz il əvvələ qədər də  ermənilərin dünyanın heç bir yerində, o cümlədən də Qafqazda dövləti olmayıb. Rusiyada bolşeviklər hakimiyyəti ələ keçirəndən sonra erməni toplumuna Azərbaycan torpaqları hesabına dövlət yaradıblar. Hətta paytaxt şəhəri olmadığından İrəvan şəhərini azərbaycanlılardan zorla alaraq qondarma Ermənistan dövləti təşkil ediblər. Onlar arxivlərdən tapıb gətirdikləri o vaxtkı xəritələrlə, mötəbər fakt və dəlillərlə ermənilərin uydurma tarixlərini tamamilə alt-üst edirlər.

Rusiya ictimaiyyətinin bu nümayəndələri  kəskin şəkildə tələb edirlər ki, işğalçı Ermənistan heç bir qeyd-şərt irəli sürmədən öz qoşunlarını işğal etdiyi ərazilərdən geri çəkməli, Azərbaycan torpaqları əsl sahiblərinə qaytarılmalıdır. Qeyd edirlər ki, daim Rusiyanın köməyi ilə nəyəsə nail olan Ermənistan indi ağasına qarşı şəkkaklıq edir. Bir sözlə, bizdə deyildiyi kimi, “Köpək araba kölgəsində yatır, elə bilir öz kölgəsidir.”