KÖŞƏ

Cavid Əkbərov

Hoqqabazlar

06 sentyabr 2019 11:36
4538

Məlum olduğu kimi, xaricdə məskunlaşan bəzi üzdəniraq radikal mühacir azərbaycanlılar internet televiziyası açaraq dövlətimizə qarşı dağıdıcı xarakterli qərəzli kampaniya aparırlar. Sözügedən telekanallarda müəyyən sifarişlərə uyğun olaraq təbliğat aparılır. Bu cür telekanalların maliyyə mənbələri qaranlıqdır. Telekanal açanlar bəyan edirlər ki, bunu öz vəsaitləri hesabına açıblar. Bu, nə dərəcədə realdır?

Belə ki, xaricdə bu cür internet televiziyası açanların böyük əksəriyyəti Azərbaycanda uğursuz adamlar olub. Yəni onlar ölkəmizdə faktiki olaraq heç bir iş görmək istəməyiblər. Çünki tənbəl və bacarıqsız olublar. Siyasətlə məşğul olmaq adı altında Avropaya gediblər. Siyasətlə heç bir əlaqələri olmadığı halda, Avropa ölkələrində özlərini siyasi mühacir kimi qələmə veriblər. Belə ki, antiazərbaycan dairələr, ermənilərə işləyən mərkəzlər həmin üzdəniraqlara internet televiziyası açaraq bundan öz məqsədləri üçün istifadə edirlər.

Bu cür televiziyalar xaricdəki müəyyən dairələr tərəfindən maliyyələşdirilir. Məqsəd isə Azərbaycan dövlətini zəiflətməkdir. Yəni, sözügedən mühacirlər öz əqidələrini satmış insanlardır. Ən qəribəsi isə odur ki, jurnalistika ilə heç bir əlaqəsi olmayan adamlar bu işlə məşğul olurlar. Bu, paradoksal mənzərə yaradır. Bu adamlar siyasətdə olmadıqları kimi, jurnalistikada da heç vaxt özlərini sınamayıblar. Azərbaycandakı radikal partiyalardan saxta arayışlar almaqla bu cür fəaliyyətə baş vurmağa başlayıblar. Bunlar mediaya aidiyyəti olmayan fırıldaqçılardır. Fırıldaqçı olduqlarına görə də Avropadakı üçüncü qüvvələr onlardan çirkin məqsədlər üçün istifadə edə bilirlər.

Bu cür televiziyalara ancaq müxalif mövqedən çıxış edən şəxslər dəvət edilir və interaktiv bölmədə yalnız onların mövqeyindən çıxış edən şəxslərin şərhləri yerləşdirilir. Hansısa əks fikrin ifadə olunmasına imkan verilmir. Bu, onların sifarişlə işlədiyini sübut edən daha bir faktdır. Şərh bölməsinə əks fikir yazanda dərhal bloklayırlar. Dəfələrlə olur ki, etik çərçivədə normal müzakirə aparmaq qabiliyyəti olan insanlar şərh bölümündə öz fikirlərini səsləndirmək istəyirlər. Bu zaman həmin adamlar dərhal bloklanır. Yəni, üzdəniraq radikallar məqsədli şəkildə bu cür fikirlərin səslənməsinin qarşısını alırlar. Fikir azadlığından, demokratiyadan dəm vuran bu üzdəniraqların özləri isə demokratiyanın əlifbasına belə əməl etmir, başqalarının fikirlərinə dözümsüz yanaşırlar.

Bəzən elə olur ki, həmin internet televiziyalarında yayımlanan canlı bağlantı zamanı əlaqə kəsilir. Əlbəttə ki, texniki baxımdan belə hallar ola bilər. Ancaq radikal ünsürlər belə hallar zamanı dərhal bunu hakimiyyətlə əlaqələndirirlər. Bu, bir daha onların qərəzli olmalarını ortaya qoyur. Təbii ki, Azərbaycan hakimiyyəti ifadə azadlığına sadiqdir. İstənilən şəxsin tənqidi fikirlər ifadə etməsinə dözümlü yanaşılır. Radikalların apardığı fəaliyyət isə fikir müxtəlifliyi yox, anti-Azərbaycan fəaliyyətidir.