Vəli İlyasov |
və ya ABŞ-ın tələbi erməniləri təşvişə saldı
Okeanın o tayında erməni diasporuna və Ermənistana münasibətin yaxşı olmadığı ermənilərə məlumdur. Bu etimadsızlığı onlar ABŞ-da keçən prezident seçkilərində qazanıblar. Orada müəyyən çəkiyə malik olan erməni lobbisi Donald Trampa xəyanət edərək əlaltdan Hillari Klintona dəstək verdiyi üzə çıxandan sonra onların Ağ evə gedən yolları tamamilə bağlanıb. Senatorlar və konqresmenlər arasında Azərbaycanın ərazi bütövlüyünü müdafiə edənlərin sayı artıb. Onların arasında Ermənistandan öz işğalçı qoşunlarını dərhal çıxarmasını tələb edənlər də var. Gələcəyə baxan siyasətçilər və dövlətin tanınmış simaları Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər. Prezident Trampın Azərbaycanın dövlət başçısı İlham Əliyevə göndərdiyi məktublarında bu fikir öz əksini tapıb. Son vaxtlar Tramp hakimiyyətini təmsil edənlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirərkən Ermənistanın öz işğalçı siyasətindən əl çəkməsinin vacibliyini vurğulayırlar. Tramp Administrasiyasının məsul vəzifəli şəxsləri, o cümlədən Con Bolton Cənubi Qafqaz ölkələrinə səfərində bu fikirləri irəli sürüb, ABŞ-ın bu bölgədə sabitliyin və sülhün bərqərar olunmasında maraqlı olduğunu söyləyib. Bu gün Cənubi Qafqazda yeganə işğalçı dövlət Ermənistandır. Rusiyanın forpostu olan Ermənistan həm Azərbaycana, həm də Gürcüstana qarşı əsassız ərazi iddialarından əl çəkmək istəmir. Ancaq onun aqressiyası bununla bitmir.
ABŞ hökuməti bu yaxınlarda Ermənistana daha bir xəbərdarlıq - Suriyadakı hərbi kontingentini çıxarmağı tələb edib. ABŞ hökumətinin bu xəbərdarlığı, Ermənistanın hakimiyyət dairələrində ciddi müzakirələrə səbəb olub. Çünki bu ölkədə müxtəlif xarici dairələrə işləyən qruplar var.
İrəvanda nəşr olunan “168 jam” qəzetinin yazdığına görə, ABŞ öz ismarışını 13 avqustda, yəni Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ermənistana səfərindən dərhal sonra verib. Deyilənə görə, Nikolay Patruşev Suriyadakı Ermənistan hərbçilərinin sayını artırmağı tələb edib. ABŞ isə Ermənistanın BMT-dəki səfiri Mher Marqaryanın vasitəsi ilə bildirib ki, Suriyada Ermənistan hərbçilərinin olması ABŞ-Ermənistan münasibətlərinə xələl gətirir.
Məqalədə bildirilir ki, Mher Marqaryan məsələni xarici işlər naziri Zöhrab Mnatsakanyan və müdafiə naziri David Tonoyan ilə müzakirə edib. Mnatsakanyan görüşdə ABŞ-a necə cavab verəcəyi üzərində baş sındırıb. David Tonoyan isə Suriyadan Ermənistan əsgərlərini çıxarmağın tam əleyhinə olduğunu bəyan edib. Beləliklə, Ermənistan güvəndiyi güclərdən birini itirməlidir. Artıq uzun illər riyakar siyasət yeridən bu ölkə nəhayət, əsl sifətini göstərməkdədir. Əslində ermənilərdən tələb olunan da budur. Ermənistana qarşı tərəflər onun “siçan-pişik” oyununa son verməsini istəyirlər.
Müstəqil siyasət yeritməkdən məhrum olan ermənilər gələcəkdə hansı tərəfə nökərçilik etmək məsələsi üzərində baş sındırırlar. Burada “Nə şiş yansın, nə kabab” taktikası qəbulolunmazdır. Çünki qarşı tərəflər Ermənistanı dalana dirəyərək son və qəti qərar verməsini tələb edirlər.
Təbii ki, Ermənistanda ABŞ-la münasibətlərin pisləşməsinin acı nəticələr verəcəyini bilirlər. Hələlik susan baş nazir Nikol Paşinyanın hansı addım atacağı isə məlum deyil. Ancaq Paşinyan baş nazir seçkilərində ABŞ diplomatiyasının köməyini unuda bilməz. İndi Paşinyan iki ağanın bir nökəri vəziyyətində qalıb. Biri deyir “oxu, o biri deyir “oxuma”. Hər ikisinin qapazından qorxan Paşinyan hələ heç bir qəti qərara gələ bilmir. Ancaq belə vəziyyət və məchulluq uzun müddət davam edə bilməz, qərarı çox ləngitsə Ermənistan seytnota düşə bilər.