Vəli İlyasov |
Ermənistanla Rusiya Federasiyası arasında “soyuq müharibə” getdikcə qızışır. Məlumdur ki, MDB ölkələrində axtarışa verilən Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Mikael Arutyunyanın Rusiya Federasiyası ərazisində axtarışı ləğv edilib. Bu barədə “İnterfax” Agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb. “ Rusiya Federasiyası ərazisində İrəvanda baş verən və qanlı 1 mart 2008-ci il hadisələrinə görə ittiham edilən general Mikael Arutyunyanın axtarışına son qoyulub”-, deyə mənbə agentliyə bildirib. Məhz bu və digər faktlar Ermənistanda baş qaldırmış anti-Rusiya siyasətinə verilən növbəti cavab kimi də dəyərləndirilir. Daha dəqiq desək, verilən qərar Nikol Paşinyanın uğursuz xarici siyasəti, xüsusilə, Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu hesab edilən Robert Koçaryanı həbsdə saxlamasına qarşı ayıldıcı zərbə kimi də qiymətləndirilə bilər. Bu, həm də belə nəticəyə gəlməyə əsas verir ki, artıq Putin açıq şəkildə Ermənistana, daha doğrusu, Paşinyana qarşı təsirini gücləndirmək qərarına gəlib. Çünki Nikol Paşinyan Rusiya dövlətinin başçısından son vaxtlar bir neçə dəfə buna bənzər zərbələr “yeyib”.
Onu da qeyd edək ki, artıq erməni KİV-ləri bu hadisələrdən yarana biləcək təhlükələrdən narahatlıqlarını gizlətmirlər. Məsələn, Ermənistanın “1in.am” saytının analitik bölməsində yazılıb ki, əlbəttə, Moskva gec, ya da tez bu cür qərarı qəbul edəcəkdi. “Rusiya hakimiyyəti general Arutunyanın Ermənistana ekstradisiya edilməsinə rədd cavabı verib və bunu belə motivizə edib ki, o, Rusiya vətəndaşıdır”.
Xatırladaq ki, bu günlərdə Putinin hakimiyyətinə müxalifətdə olan Rusiya vətəndaşı Şişkin Ermənistan hakimiyyətindən siyasi sığınacaq istəyib. Bu fakta əsaslanan erməni KİV-i yazır ki, məhz həmin səbəbə görə guya qəzəblənən Rusiya Arutyunyanın axtarışına son qoyub. Lakin belə bir gülməli iddia həm də digər məsələni agah edir. Belə ki, müxalifətçi Şişkin Rusiyada tanınmış siyasi fiqur olmayıb. Arutyunyan isə sabiq müdafiə naziri və general-leytenantdır. Ona görə də bu iki şəxsin müqayisəsinin aparılması heç də məntiqli görünmür.
Başqa tərəfdən, bu məsələni ictimailəşdirməyə çalışan Nikol Paşinyana yaxın media qurumları onun Rusiya qarşısındakı acizliyini gizlətməyə cəhdlər göstərirlər. Amma göründüyü kimi, həmin cəhdlər də boşa çıxır və erməni ictimaiyyəti baş nazirlərinin zəifliyini və əfəlliyini daha açıq şəkildə müşahidə edir.
Maraqlıdır ki, Ermənistan KİV-ləri Putinin Robert Koçaryanı və onun komandasını müdafiə etməsini həm də belə əlaqələndirirlər ki, 1 mart 2008-ci il hadisələrində pult Putinin əlində olub və Koçaryanı da o idarə edib. Yəni həmin hadisələrdə birbaşa Vladimir Putinin də əlinin olduğu iddia edilir. Ona görə də o, həm Robert Koçaryanı, həm də həmin hadisələrdə iştirakçı olmuş iqtidar komandasını cidd-cəhdlə müdafiə edir. Guya Putin bu hərəkəti ilə özünü sığortalamaq niyyəti güdür. Ancaq Paşinyanın düşmən olduğu digər şəxslərlə də Rusiya Prezidentinin isti münasibətlərinin olması Ermənistanda heç kəsə sirr deyil, o cümlədən baş nazirə də.
Ancaq bütün bunlara baxmayaraq, analitik yazıda digər məsələyə də toxunulur. Bildirilir ki, cari ilin oktyabrın 1-də İrəvanda Avrasiya İqtisadi İttifaqının sammiti keçiriləcək və cərəyan edən hadisələr göstərir ki, Putinin həmin sammitdə iştirakı baş tutmaya bilər. “Əlbəttə, bütünlüklə mümkündür ki, Moskva hazırda Ermənistan-Rusiya böhranının inkişafına doğru gedir”,- deyə yazan erməni saytı qeyd edir ki, Vladimir Putin oktyabrın 1-də keçiriləcək İrəvan sammitinin işinə qatılmaq fikrində deyil, ya da sammitin keçirilməsi tarixi dəyişə bilər. Düzdür, Putinin İrəvana səfər edib-etməyəcəyi barədə rəsmi Moskvanın hər hansı bir informasiyası olmasa da, hadisələrin bu məcrada inkişaf edəcəyini gözləmək mümkündür. Yada salaq ki, Rusiya Prezidenti sammitə öz nümayəndəsini də göndərə bilər. Ancaq ermənilər üçün bir acı həqiqət var ki, artıq Paşinyanın “quyruğu” Kremlin qapısı arasında qalıb.