Vəli İlyasov |
Və yaxud Əli Kərimlinin 28 sentyabr hoqqası
Kiçik bir qrupun özəl “Milli Şura”sı sentyabrın 28-nə mitinq təyin edib. Sonuncu mitinqi səkkiz ay əvvəl keçirilən “şura”nın yenidən aksiya keçirmək niyyəti maraqlı məqamlara diqqət çəkir. Siyasi qurumdan daha çox özfəaliyyət dram dərnəyini xatırladan qurumun de-fakto yiyəsi olan Əli Kərimli açıqlama verib ki, guya “sosial sifariş olduğu üçün mitinqlərə başlamaq qərarına gəliblər”.
Ancaq Əli Kərimli gözünün içinə qədər yalan danışmaqdan utanmır. Yadından çıxarıb ki, onun yüksək vəzifədə olduğu vaxt əhali axşamdan sübhədək çörək növbələrində dayanmalı olurdu. İşsizlik insanları təngə gətirmişdi, torpaq islahatı aparılmır, fabriklər, zavodlar bağlanmışdı. Hələ ölkədə hökm sürən cinayətkarlığı, xaosu və anarxiyanı demirik.
Əli Kərimli bilsin ki, tarixi təcrübəyə görə xalqın mütləq əksəriyyətinin mövqeyi olan sosial sifariş yalnız sosial-iqtisadi problemlərdən və əhalinin rifah səviyyəsinin aşağı olmasından qaynaqlanır. Azərbaycan dövləti xalqa sosial dəstəyinə görə beynəlxalq reytinq siyahılarında ön pillələrdə qərarlaşıb. Dövlət başçısının müvafiq sərəncamları ilə təkcə 2019-cu ilin birinci yarısında minimum əməkhaqları, sosial müavinətlər ümumilikdə 20 faiz qaldırılıb, dövlət qulluqçularının əmək haqları 50 faiz, hərbi qulluqçular, müəllimlər və digər müəssisələrdə çalışan işçilərin maaşları isə 40 faiz qaldırılıb. Dövlətin bu il həyata keçirdiyi sosial paket 4 milyondan çox insanı əhatə edir.
Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, əməkhaqları, pensiyalar, sosial müavinətlər və digər sahələrdə əhəmiyyətli artımlar sentyabrın 1-dən qüvvəyə mindi. Bu, o deməkdir ki, vətəndaşlar oktyabrın 1-dən etibarən əmək haqlarını yeni artımla alacaq və şəxsi büdcələri daha da zənginləşdircəklər. Əli Kərimli məhz vətəndaşların yeni qaydalarla əməkhaqqı almasına 3 gün qalmış mitinq təyin etməklə dövlətin sosial layihələrinə kölgə salmaq istəyir. Ümumi hədəf xalqı dövlətə qarşı narazı əhval-ruhiyyəyə kökləmək və jonqlyorluq etdiyi siyasətdə bəsit karyerasını davam etdirməkdir. 28 sentyabrda paytaxtda narahatlıq yaratmağa cəhd etməyin əsl mənası da bundan ibarətdir.
Diqqətçəkən digər bir məqam mitinq qərarının sentyabrın 11-də keçirilən iqtidar-müxalifət dialoqundan bir gün sonra verilməsidir. “Azərbaycanda siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən “dəyirmi masa”ya AXCP-“Milli Şura” istisna olmaqla ölkənin bütün siyasi qüvvələri dəvət edilmişdi. Bu, konkret olaraq AXCP-nin və Əli Kərimlinin Azərbaycanın siyasi mühitində qəbul edilmədiyi və tarixin tozlu arxivinə atılmasının başlanğıcı deməkdir. O, artıq siyasi üfüqdə yox olduğunu görür və təcili mitinq qərarı ilə gündəmdə qalmağa cəhd göstərir.
Mitinq qərarının məhz iqtidar-müxalifət dialoqunun siyasi proseslərə xarici müdaxilə mövzusunda keçirilməsindən sonra Azərbaycanın daxili siyasətinə müdaxiləyə cəhd göstərən xarici qüvvələrin qərargahlarında verildiyi də istisna deyil. Dialoqda əsas müzakirələr xaricdə anti-Azərbaycan qüvvələrin çətiri altına toplanmış “söyüş müxalifəti” ilə bağlı idi. Kərimli bildirir ki, “biz xaricdə internet TV və sosial şəbəkədə çıxış edənlərlə birgə hərəkət edirik, mənim “dəyirmi masa”ya qatılmağım onlara qarşı çıxmaq olardı”. Əli Kərimli bununla da ölkənin bütün siyasi qüvvələrinin təhlükə kimi qəbul etdiyi anti-Azərbaycan qüvvələrlə açıq əməkdaşlığını, mitinq qərarının da hansı qərargahlarda qəbul edildiyini etiraf etmiş oldu.
Dediyimiz kimi, iki həftədən sonra dövlət başçısının sərəncamı ilə sosial sahədə yeni artımlar olacaq. Deməli, Əli Kərimli xarici ağalarına kələk gəlmək üçün münbit şərait yaranıb və o, yaxşı pul qazanmaq imkanını əldən verməməyə çalışır. Xatırladaq ki, dövlət başçısının keçən dəfəki Sərəncamından da sonra Əli Kərimli belə bir hiyləgər gediş etmişdi. O, car çəkib bildirirdi ki, guya iqtidar onların çıxışlarından sonra bu addımı atdı. Ancaq belə priyomlar daha keçmir, çünki “Tülkü həccə gedir” təmsilini hamı bilir, Əli Kərimli!