Vəli İlyasov |
Uzun illər siyasi oyunların getdiyi AXCP-də çoxdan gözlənilən qiyam başlandı. Partiyanın sıravi üzvləri ilə bərabər, rəhbərliyində təmsil olunan funksionerlər də Əli Kərimlinin yaratdığı diktaturanın altında əzilməkdən imtina edirlər. Partiyanın Nəzarət Təftiş Komitəsinin (NTK) sədri Aydın Əliyevin videomüraciətlə açıqladığı faktlar təşkil etdiyi müxtəlif oyunlarda cəbhəçilərdən alət kimi istifadə edən, xarici təşkilatlardan ayrılan qrantları, ianələri və partiya daxilində üzvlərin topladığı pulları şəxsi həyatının zənginləşdirilməsinə sərf edən Əli Kərimlinin artıq blogerlik səviyyəsinə düşən siyasi fəaliyyətinin sonunun çatdığını açıq göstərir. O da aydın görünür ki, yaramaz əməllərlə məşğul olan Əli Kərimli siyasət meydanını biabırçılıqla və çirkin adlarla tərk edəcəkdir.
Aydın Əliyev videomüraciətində bildirir ki, 1988-ci ildən AXCP-də siyasi fəaliyyətdədir. Nədənsə 2015-ci ildə AXCP-nin qurultayı zamanı mənim Nəzarət Təftiş Komitəsinin sədri seçilməyim Əli Kərimlinin ürəyincə olmadı.”Sonradan bildim ki, mənim kimi obyektiv, dürüst, prinsipial adamın bu vəzifəyə seçilməsi Əli Kərimli tərəfindən xoş qarşılanmayıb. Partiya daxilindəki maliyyəni, xaricdən gələn qrantları və digər pulları ancaq öz nəzarətində saxlayan, özünün və ailəsinin, xaricdəki oğlunun ərəb şeyxlərinin övladları kimi yaşamasına sərf edən Əli Kərimlini mənim kimi düzgün, əqidəli adam qane etməyib. Otuz illik siyasi fəaliyyətdən sonra başa düşdüm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılıb. O, bizim hər birimizdən öz şəxsi mənafeyi üçün istifadə edib, sözdə demokratiya uğrunda mübarizə apardığını desə də, sərt diktatura qurub. Fərqli düşünənləri, onun antidemokratik hərəkətlərinə etiraz edənləri çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub, partiyadan uzaqlaşdırıb”, - deyə NTK sədri bildirib.
Aydın Əliyev uzun illər AXCP-də baş verənlərin canlı şahidi kimi bəyan edir ki, Əli Kərimli bir siyasi dələduz olaraq cəbhəçiləri və xalqı aldadır. O, yoldaşlarına müraciətində deyib:
“Bu gün də gənclərimizi aldadaraq, özünün çirkin oyunlarına qurban vermək istəyir. Sizin çoxunuz Əli Kərimlinin anti-demokratik, qanunsuz, partiyanın nizamnaməsinə zidd əməllərindən xəbərdarsınız, lakin bunu dilə gətirməkdən çəkinirsiniz”.
AXCP funksioneri daha sonra bildirib ki, Əli Kərimli və əlaltıları onu da öz çirkin oyunlarının qurbanına çevirib, ləkələyərək, partiyadan uzaqlaşdırmağa, istefa verməyə məcbur etmək istəyirlər. Ancaq NTK sədri qətiyyətlə deyib ki, istefa verməyəcək. Partiyada olan digər cəbhədaşlarla birlikdə Əli Kərimlinin yaratdığı diktatura rejiminə, çirkin oyunlarına qarşı mübarizə aparacaq, xəyanətkar əməllərini ifşa edəcək ki, partiyanın bütün üzvləri, həm də xalqımız Əli Kərimlinin iç üzünü tanısınlar, onun xalqımıza qarşı hansı xəyanətlər törətdiyindən xəbərdar olsunlar.
Qeyd etmək lazımdır ki, partiyada Aydın Əliyev kimi düşünənlərin sayı çoxdur, lakin onlar “satqın”, “xəyanətkar” ittihamları ilə üzləşməmək, o cümlədən trol dəstəsinin çirkin hücumlarına məruz qalmamaq üçün hələ də susurlar. Ancaq açıq görünür ki, dözüm son həddə çatıb və artıq “lalların dili açılır”.
Heç şübhəsiz ki, Əli Kərimli bu çıxışdan sonra Aydın Əliyevi də hədəfə alacaq. Bir tərəfdən qısqırdılmış trol dəstəsi NTK sədrinə qarşı hücuma keçəcək, digər tərəfdən, partiya sədri bunun “hakimiyyətin işi” olduğunu iddia edərək şübhələri öz üzərindən yayındırmağa çalışacaq.
Ancaq nə olursa-olsun Aydın Əliyevin çıxışı AXCP-də artıq qiyamın başladığını təsdiqləyir. Çünki NTK sədri göstərilən bütün təzyiqlərə baxmayaraq istefa verməyəcəyini və onun kimi düşünən cəbhəçiləri ətrafına toplayaraq Kərimlinin taxtını aşırmaq üçün sona qədər mübarizə aparacaqlarını bildirib.
NTK sədrinin bu cəsarəti partiyada yeni presedent də yaradır. Həm də həmişə “sudan quru çıxan” Əli Kərimlinin bu dəfə qiyamın qarşısını ala bilməyəcəyi aydın görünür. Fuad Qəhrəmanlının siyasiləşən ailədaxili məsələsi, trol dəstəsinin ifşa edilməsi, hətta trolların özlərinin ifşaedici faktları, Ənnağı Hacıbəyli və başqalarının açıqladıqları faktlar və Aydın Əliyevin bu müraciəti Əli Kərimlinin siyasi durumunu daha da ağırlaşdırır və nəhayət, diktaturasının devriləcəyini mütləqləşdirir. Əli Kərimlinin ona qarşı “asi” çıxan NTK sədrinə heç bir cavab verməməsi ona dəlalət edir ki, şok vəziyyətindədir və özünə alibi axtarışındadır.