KÖŞƏ

Vəli İlyasov

Ermənistan prezidentinin üzü-astarı yoxdur

28 yanvar 2020 11:45
2785

Çünki ermənilərdə bu ləyaqət anadangəlmə olmur

II  Dünya müharibəsi zamanı dəhşətli “Osventsim” ölüm  düşərgəsinin ləğv edilməsinin 75-ci ildönümünü və yəhudi soyqırımı qurbanlarını anmaq üçün Rusiya, Fransa, Ukrayna prezidentləri, habelə ABŞ-ın vitse-prezidenti və bir sıra digər ölkələrin yüksək çinli rəsmiləri İsraildə olublar. Azərbaycanı bu tədbirdə Milli Məclisin sədri Oqtay Əsədov və qurumun Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr  komitəsinin sədri Səməd Seyidov təmsil ediblər.

Qəribədir ki, Ermənistan prezidenti Armen  Sarkisyan da  İsraildə peyda olub. Halbuki Almaniya tərəfə keçərək faşistlərlə birlikdə vuruşan erməni legionları  yəhudilərin soyqırımında fəal iştirak ediblər.  İşğalçı Ermənistan dövləti və cəmiyyəti  Qaregin Njde kimi  nasist əlaltılarına rəğbət bəsləyir. Onlara  İrəvanda abidə ucaldılıb, adları meydan və metrostansiyaya verilib.  Ancaq bunlardan  utanıb çəkinməyən Armen Sarkisyan  faşist ideologiyasına rəsmi rəğbəti olan bir ölkənin başçısı kimi İsrailə yollanıb.

 Armen Sarkisyan səfər çərçivəsində İsrail Knessetində (parlament)  olub. Knessetin sədri Yoel Edelşteynlə görüşüb və çıxış edib. Çıxışında o, erməni və yəhudi xalqlarının guya “oxşar taleyə” malik olduğunu iddia edərək, iki xalqı eyniləşdirməyə çalışıb və sonda Knessetin deputatlarından saxta “erməni soyqırımı”nı tanımağı xahiş edib.

Sarkisyanın səfərində ən məkrli hədəf elə budur - yəhudiləri uydurma məsələyə inandırmaq, İsrailin Azərbaycanla və Türkiyə ilə münasibətlərini  pozmaq. Lakin İsrail dövlətinin, ayıq və uzaqgörən yəhudilərin buna gedəcəyi qətiyyən inandırıcı deyil. Təkcə ona görə yox ki, İsrail və Azərbaycan arasında sıx əlaqələr mövcuddur və yəhudi dövləti ölkəmizin strateji tərəfdaşı, bizim əsas silah tədarükçülərimizdən biri, Azərbaycan neftinin alıcılarındandır, həm də o səbəbə ki, İsraildə qondarma erməni soyqırımı iddiasını  qeyri-ciddi sayırlar. Ermənilərin dəridən-qabıqdan çıxmasına,  bir az əvvəl İrəvanın Təl-Əvivdə səfirlik açmaq barədə verdiyi qərara baxmayaraq bu məsələdə hələ də heç bir işıq ucu görünmür. Təəccüblüdür ki, yəhudilərə antipatiyası olan ermənilər əsl sifətlərini nə qədər gizlətməyə çalışsalar da, yəhudilər bu tarixi həqiqəti bilirlər və unutmurlar.

Yada salaq ki,  2015-ci ildə uydurma “genosid”in 100-cü ildönümü ilə bağlı Ermənistan paytaxtında təşkil olunan  şou-tədbirə İsrail dövlətindən heç bir yüksək çinli dövlət  rəsmisi qatılmamışdı. Bu da Ermənistan rəhbərliyində, bütövlükdə erməni cəmiyyətində və diaspor təşkilatlarında  dərin məyusluq və qıcıq doğurmuşdu.

İsrail rəsmilərinin İrəvandaki bədnam “yubiley”  toplantı-şousuna qatılmaqdan imtinasının əsas səbəbi isə  yuxarıda deyildiyi kimidir- rəsmi Təl-Əviv Osmanlı İmperiyasında ermənilərə qarşı soyqırım törədildiyinə inanmır,  bunu siyasi iddia və oyun kimi qəbul edir. Amma Ermənistan prezidentinin  Xolokostla bağlı  İsrailə səfərə getməsi  soyqırım qurbanlarını anmaqdan daha çox, öz məkrli iddialarını bir daha İsrail rəhbərlərinə  sırımaq, onların “saqqızını” oğurlamaq niyyəti güdürdü.

Amma yenə də alınmır. İsrail rəsmiləri Sarkisyana heç bir ümidverici söz deməyiblər.  Armen Sarkisyanın İsrail səfəri ərəfəsində İsrailin nüfuzlu nəşri olan “The Yerusalem Post” qəzetində Ermənistan əleyhinə, orada faşizmin baş qaldırması əleyhinə böyük bir məqalə dərc edilib. Ermənistan prezidentinin siyasi gediş edərək öz ölkəsində faşizmin baş qaldırdığını bəyan etməsi heç də səmimi və inandırıcı görünməyib.

 Həmin məqalədə deyilir ki, 2016-cı ildə İrəvanda nasist əlaltısı və hərbi cani, Vermaxtın erməni legionuna başçılıq eləmiş  Qaregin Njdeyə abidə qoyulub. Onun dəstələri Krımda, Qafqazda, Fransanın cənubunda vuruşurdular - harada ki, nasistlər yəhudiləri və müqavimət hərəkatının döyüşçülərini tutaraq ölüm düşərgələrinə göndərirdilər. Ermənistanda Njde milli qəhrəman sayılır. Onun adı İrəvanda meydana və metrostansiyaya verilib. İrsi dövlət məktəblərində uşaqlara tədris edilir. Bu, nasistlərə qarşı vuruşanların hamısına, faşizm qurbanlarına təhqirdir.

Qaregin Njdenin şərəfləndirilməsi məsələsini yeganə hal saymaq olmaz. Çoxsaylı sübutlar var ki, erməni cəmiyyəti sistemli olaraq antisemitdir. Belə ki, 2014-cü ildə - hələ Njdeyə abidə qoyulmamışdan qabaq 100-dən çox ölkədə antisemitizmin tədqiqi üzrə aparılan son araşdırmalar göstərmişdi ki, Ermənistanda  antisemit baxışlara dəstək faizi  Avropa üzrə üçüncü, postsovet ölkələri və Şərqi Avropa üzrə isə ən yüksək olub. “Rew” araşdırma mərkəzinin sorğusuna görə isə, Ermənistan yəhudiləri öz vətəndaşları kimi qəbul etmir. 1991-ci ildə Ermənistan müstəqilik əldə edəndə respublikada 5 minlik yəhudi  icması vardısa, bu gün onların sayı cəmi 100 nəfərdir. Yəhudilər bu dövlətdə diskriminasiyaya məruz qoyulur, ona görə də imkan tapan kimi köçüb başqa ölkələrə gedirlər. Hətta xalq arasında köhə rus məsəli var: “Erməni olan yerdə yəhudilərə yer yoxdur.”

Görəsən Ermənistan prezidenti bütün bunlara necə cavab verə bilər? Çünki bunların hamısı onun prezidentliyi dövründə baş verib və hələ də davam etməkdədir.  Əgər prezident və baş nazir başçılıq etdikləri dövlətdə baş verən biabırçılıqların qarşısını almaq iqtidarında deyillərsə, üstəlik bu barədə yəhudilərə gileylənirlərsə bu, tamamilə anormallıqdır. Açıq görünür ki, İsraildə Ermənistan prezidentinə inanmayıblar.  Ağ yalanları danışmaq üçün prezidentdə də  üz-astar olmalıdır axı.