KÖŞƏ

Vəli İlyasov

İqtisadi inkişaf sosial yüksəlişin rəhnidir

03 fevral 2020 20:26
3630

Son illər Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı həyatın bütün sahələrində özünü göstərir. Ölkəmizdə  həyata keçirilən iqtisadi  islahatların iki əsas məqsədi var: hərtərəfli iqtisadi inkişafı sürətləndirmək və xalqın sosial rifahını yaxşılaşdırmaq. Azərbaycan Prezidenti İlham Əliyev  çıxışlarında dəfələrlə qeyd edib ki, məqsəd iqtisadi inkişafa nail olmaqla bərabər, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasıdır. Hər iki məqsədə xidmət edən islahatlar  isə yeni müəssisələrin və iş yerlərinin açılmasını zəruri edir.

Bu isə təbii olaraq özəl sektorun-sahibkarlığın inkişafını zərurətə çevirir. Bunun üçün də ölkədə məqsədyönlü siyasət yürüdülür. Həmin siyasətin əsas istiqaməti sahibkarlığın inkişafına dəstək vermək və bu yolla əhalinin məşğulluğunu təmin etməkdir. Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə bu barədə demişdir: “Kiçik və orta biznesin inkişafı - bu da prioritet məsələdir. Biz yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulun əsas hissəsini kiçik və orta sahibkarlıq təmin edir. Azərbaycanda biz bu istiqamətdə birinci addımları atırıq və burada kiçik və orta biznesə dəstək yüksək səviyyədə olmalıdır... Dövlət investisiya proqramının digər xüsusiyyəti ondan ibarətdir ki, bu, iş yerləri yaradan və mövcud olan iş yerlərini saxlayan bir prosesdir. Keçən il ölkədə 98 min yeni iş yeri yaradılıb”.

Dövlət başçısının fikirlərindən də aydın görünür ki, düşünülmüş siyasət və müvəffəqiyyətlə reallaşdırılan islahatlar səmərəsini verməkdədir. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sahibkarlığa verilən dəstək sayəsində keçən il statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 12,2 faiz artaraq cari il yanvarın 1-i vəziyyətinə 146233 olub. Yeni xidmət və istehsal sahələrində artım turistlərin yerləşdirilməsi, ictimai iaşə, inzibati və yardımçı xidmətlərin göstərilməsi, ticarət, nəqliyyat vasitələrinin təmiri, emal sənayesi, daşınmaz əmlakla əlaqədar əməliyyatlar və digər sahələri əhatə edir.

Məlumatda o da qeyd edilir ki, cari il yanvarın 1-i vəziyyətinə görə, ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 92,5 faizini mikromüəssisələr təşkil edir və onların əsas hissəsi ticarət, xidmət, tikinti, balıqçılıq, kənd təsərrüfatı ilə məşğuldur. Bununla yanaşı, ötən il ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 5 faizini kiçik müəssisələr təşkil edib ki, onların da əsas hissəsi ticarət, istehsal, tikinti fəaliyyəti ilə məşğul olub.

Bir sözlə, ölkə üzrə  müəssisələrin əksər  hissəsi kiçik və orta sahibkarlıq subyektlərinə aiddir, eyni zamanda, onların fəaliyyət sahələri də bir-birinə yaxındır.

Bir məsələni qeyd etmək lazımdır ki, Azərbaycanda xarici investorlara və iş adamlarına da əlverişli şərait yaradılır. Reyestr qeydiyyatından keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələrin çoxu Türkiyə, İran, Rusiya, Böyük Britaniya, ABŞ və  Almaniyadan olan sahibkarlara məxsusdur.

Buradan aydın görünür ki, ölkəmizdə xarici investorlara yaradılan münbit şərait və yerli sahibkarlara verilən dəstək sayəsində özəl sektorda yeni birgə müştərək müəssisələr yaradılır. Dövlət bu yolla həm iqtisadi inkişafa, həm də məşğulluğun təmin edilməsinə nail olur.

Buna dair başqa bir faktı da vurğulamaq lazımdır. Cari il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçən fərdi sahibkarların sayı 914 min nəfərdən çoxdur. Qeyd edək ki, sahibkarlığın belə forması dünyada geniş yayılıb. Çünki sahibkar bu zaman vergi ödəyicisi kimi qeydiyyata düşsə də, bir sıra digər prosedurları sadə şəkildə həll edə bilir. Bununla bərabər,  kiçik və mikrosahibkarlıq fəaliyyəti ilə məşğul olanlar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa üstünlük verirlər. Dünyada olduğu kimi, Azərbaycanda da dövlət bu növ sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara şərait yaradır. Bu, həm işsizliyin, həm də yoxsulluğun aradan qaldırılmasında ən optimal yoldur.

Həyata keçirilən islahatların nəticəsidir ki, keçən il əhalinin aztəminatlı hissəsinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində böyük addımlar atıldı, pensiya və müavinətlərdə, birdəfəlik yardımlarda, maaşlarda ciddi artımlar oldu. Ancaq Prezident İlham Əliyev bildirib ki, bu artımlar 2020-ci ildə də davam edəcək, çünki xalqın sosial vəziyyətinin daha da yaxşılaşdırılması dövlətin prioritet məqsədidir.