Vəli İlyasov |
Azərbaycanda qaynar parlament seçkiləri günləri tarixə çevrildi. Yerli və beynəlxalq müşahidəçilərin, siyasətçilərin və politoloqların da rəylərində bildirildi ki, seçki marafonu ümumən müvəffəqiyyətlə başa çatıb. Təbiidir ki, dünyanın hər bir ölkəsində olduğu kimi, Azərbaycanda da keçirilən seçkilərdə bəzi seçki məntəqələrində nöqsanlara və pozuntulara yol verilib. Ancaq bunlar seçkilərin ümumi nəticələrinə kölgə sala bilməz.
Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında gənclərlə görüşündə bu böyük siyasi tədbir barədə söhbət açaraq bildirib: “Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta həmişə ən tənqidi mövqedən bizə yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzələrində müsbət meyilləri qəbul etməyə məcbur olublar. Pozuntulara gəldikdə, qeyd ediblər ki, bu pozuntular prosedur xarakterli pozuntular idi. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq olub, nə ciddi pozuntular olub, nə də ki, seçkilərin legitimliyini və yaxud da nəticələrini şübhə altına alan hər hansı bir pozuntu. Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun,- hansı ki, həmişə bizə qərəzli yanaşır,- onların da hesabatı hesab edirəm ki, tarazlı idi, əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi hesab edirəm ki, obyektivliyə daha yaxın idi və biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq. Pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik.”
Qeyd etməliyik ki, parlament üzvlüyünə namizədlərin sayı 1300-dən çox idi. Onlar üçün maksimum əlverişli şərait yaradıldı, öz təbliğatlarını televiziyada, sosial şəbəkələrdə, qəzet-jurnallarda fəal şəkildə apardılar. Deputatlığa namizədlər görüşlər keçirdilər, öz platformalarını açıqladılar, bəziləri hətta hakimiyyəti də tənqid etdilər. Ancaq buna görə onlara heç bir təzyiq və təsir göstərilmədi. Bir sözlə, seçki prosesi bütün demokratik meyarlara uyğun formada təşkil olunub.
Dövlətimizin başçısı çıxışında deyib: “Hesab edirəm ki, seçkilər çox müsbət şəkildə keçirildi və əgər pozuntular olubsa, bir də demək istəyirəm ki, araşdırılacaq. Bilirəm ki, Mərkəzi Seçki Komissiyası işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, bu pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə bu pozuntulara yol verilməsin. Buna qətiyyən ehtiyac belə yoxdur. Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın və bu seçkilər onu bir daha göstərdi. Bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır”.
Bəli, qətiyyətlə deyə bilərik ki, Azərbaycanda Yeni Azərbaycan Partiyası seçkilərin lideridir. Çünki YAP-ın gücü xalqla birliyindədir.