KÖŞƏ

Elçin Zaman

Prezidentin mövqeyi qətidir: Korrupsionerlərə aman verilməyəcək

15 may 2020 10:30
4431

Korrupsiyaya qarşı amansız mübarizənin davam etdiyi ölkəmizdə xalqla Prezidentin həmrəyliyi bu mübarizəni daha sürətlə və uğurla aparmağa imkan verir. Məhz son bir neçə ayda 5 rayonun korrupsioner icra hakimiyyəti başçılarının, Mədəniyyət nazirinin müavini və idarə rəisinin və digər məmurların həbs olunmaları və eyni xarakterli əməliyyatların Dövlət Sərhəd Xidmətində aparılaraq yüksək rütbəli əməkdaşların da ifşa edilmələri bir daha göstərir ki, bu artıq qarşısıalınmaz prosesə çevrilib.

Bütün bunlar bir daha sübut etdi ki, Prezident İlham Əliyevin sosial-humanitar siyasətinə kölgə salan məmurlar var və onlar xalqın malını talamaqla məşğuldurlar. Həbs edilən məmurların mənzillərindən və avtomobillərindən tapılan külli miqdarda valyutalar və onların izahatları bir daha göstərdi ki, insanlığa ləkə olan bu yaramazların layiq olduqları yer həbsxanalardır.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev bu gün ölkəmizdə yalnız koronavirus pandemiyasına qarşı deyil, həm də ikinci bir savaş cəbhəsi açıb. Bu cəbhə cəmiyyət üçün heç də pandemiyadan az təhlükəli olmayan korrupsiyadır. Ölkəmizin başçısı mayın 13-də Kələbəcər rayonuna yeni təyin etdiyi icra hakimiyyətinin başçısı Azər Qocayevi videoformatda qəbul edərkən korrupsiya faktları barədə danışıb və bu hala qarşı sərt tədbirlərin bundan sonra da davam edəcəyini bildirib: “Bir çox rayonlarda yararsız vəziyyətə düşən çoxmərtəbəli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi üçün mənim Sərəncamımla milyonlarla manat vəsait ayrılıb, milyonlarla. Amma sonra bəlli olur ki, o binalarda dövlət tərəfindən mənzillərlə təmin edilən insanlardan pul alınıb. Dövlət pul ayırır, rayon icra hakimiyyəti tikinti ilə məşğul olur. Tikintilərdə də nə qədər pozuntular var, nə qədər pul mənimsənilir, bütün bu faktların hamısı üzə çıxır. Ondan sonra da o mənzillər ki, pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb olunur. Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm.”

Prezident dəfələrlə xəbərdarlıq edib ki, məmurlar vəzifələrində dürüst olmalı, xalqa xidmət etməlidirlər. Hətta ölkəmizin başçısı dəfələrlə özünün xalqın xidmətçisi olduğunu söyləməklə hər bir vəzifəli şəxsi bu ləyaqətli qaydalara riayət etməyə çağırmışdı. Görünür, bəzi gerizəkalı məmurlar bunun adi sözdən o yana keçməyəcəyini düşünürdülər. Lakin son hadisələr göstərdi ki, Prezident İlham Əliyev bu məsələdə qəti mövqeyindən geri çəkilmək fikrində deyil. Prezident məhz bu hallarla bağlı deyib: “Eyni zamanda, demişdim ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da var, siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar. Ona görə siz gənc kadr kimi icra başçısı vəzifəsində bu amilləri daim nəzərdə saxlamalısınız. Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət - budur prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar.”

Korrupsiyaya qarşı mübarizədə Prezident xalqdan dəstək istəməklə bu işin daha səmərəli və əhatəli şəkildə davam etməsinə çalışır. Cənab Prezident deyib: “Eyni zamanda, ictimai nəzarət olmalıdır. Mən vətəndaşlara üz tutub deyirəm, ictimai nəzarət olmayan yerdə adətən pozuntular da olur.”

Bu, bir həqiqətdir ki, vəzifədə olan ləyaqətli insanlar ona göstərilən etimaddan sui-istifadə etməz, əhalinin sosial rifahını yaxşılaşdırmağa hesablanmış, aztəminatlı təbəqə üçün ictimai iş yerlərinin yaradılması məqsədilə ayrılmış pula göz dikməz, pandemiya dövründəki bu çətin vəziyyətdə kasıb təbəqəyə çatacaq ərzağı öz qohumlarına göndərməz, habelə aztəminatlı ailələrin adına maddi yardımlar yazaraq onu özü mənimsəməz. Əlbəttə, bu cür mənfi əməllər törədən vəzifəli şəxslər bundan sonra da ifşa edilərək qanun qarşısında mühakimə olunacaqlar.

Göründüyü kimi, bu gün Prezident İlham Əliyev cəmiyyəti içindən sökən və onun inkişafına mane olan böyük bir bəlaya - korrupsiyaya qarşı qətiyyətli mövqe sərgiləyir. O da sevindirici haldır ki, ölkə başçısı bu mübarizədə cəmiyyətdən ciddi şəkildə dəstək alır.