Vəli İlyasov |
Pandemiyanın ən ağır yükü altında çabalayan Ermənistana bu günlərdə Avropadan bəd xəbər gəlib. Avropa Komissiyası işğalçı ölkənin bütün aviaşirkətlərini “qara siyahı”ya salıb. Bunlar “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, “Atlantis European Airways”, “Mars Avia, Skyball” şirkəbidir. Təbii ki, Avropa Komissiyasının qərarı düşmən ölkədə az qala, şok effekti yaradıb.
“Bu, təkcə Ermənistanın nəqliyyat və logistika təhlükəsizliyi baxımından deyil, həm də ölkənin beynəlxalq nüfuzu və müvafiq olaraq investisiya cəlbediciliyi üçün ciddi problemlərə səbəb olacaq tam bir fiaskodur.” Bu sözləri energetika təhlükəsizliyi məsələləri üzrə erməni ekspert Vaqe Davityan “Lragir” nəşrinə bildirib. Onu sözlərinə görə, müvafiq tənzimləyici dövlət orqanı məsələ ilə bağlı lazımi nəzarəti həyata keçirməyib.
Adını gizli saxlayan aviasiya mütəxəssislərindən biri isə “Past” erməni nəşrinə verdiyi müsahibədə siyahının yenilənməsi nəticəsində Ermənistanın adının ora salınmasının təəssüf doğurduğunu qeyd edib, lakin bunun gözlənilməz və ya sürpriz olmadığını da söyləyib. “Bu, hakimiyyətin son iki ildə utancverici fəaliyyətinin və ya hərəkətsizliyinin nəticəsidir. Nəticələr daha ağır ola bilərdi. Növbəti ”seriya" bu olacaq ki, Avropa aviaşirkətləri həmin boş qalmış yerləri tutacaq. Bu da erməni aviasiyasının məhvi anlamına gəlir. Vəziyyətdən çıxmaq üçün arqumentlər və səylər əbəsdir. İndi top səlahiyyət yiyələrinin meydanındadır. Hər şey onların gələcəkdə vəziyyəti düzəltmək üçün Avropa Komissiyası ilə necə işləyəcəyindən asılıdır. Hərçənd situasiyanı düzəltmək son dərəcə çətin olacaq", - deyə o, bədbin notda əlavə edib.
Şübhəsiz ki, Avropa Komissiyasının bu qərarı nəticəsində Ermənistana aid şirkətləri tam müflisləşmə gözləyir. Avropa Birliyi Ermənistanın aviaşirkətlərinə Avropa ölkələrinə uçuşlar həyata keçirməsini qadağan edib. Səbəbi sadədir: Ermənistanın təyyarələri köhnə və istifadəyə yararsızdır. Bu ölkənin maliyyəsi yoxdur ki, yeni sərnişin təyyarələri alsın. Köhnə təyyarələr isə Avropa üçün təhlükə mənbəyidir, bu təyyarələrin başına hansı ölkənin səmasında nə iş gələcəyi bəlli deyil. Avropa özünü köhnə təyyarələrdən qorumaqda haqlıdır. Yalnız inkişaf etmiş dövlətlərin aviaşirkətlərinə uçuş həyata keçirilməsinə icazə veriləcək. Bu isə o deməkdir ki, Ermənistanın təyyarələri uzaqbaşı Rusiya və ya İran istiqamətində uçuşlar həyata keçirə bilər. Ancaq bir gün Moskva və Tehran da Avropa kimi Ermənistanın köhnə təyyarələrindən qorunmaq qərarını verə bilər. Strateji tərəfdaşlıq öz yerində, ancaq Rusiya və İran da özlərini təhlükəli sərnişin təyyarələrindən qorumaq məcburiyyətindədirlər. Son vaxtlar köhnə təyyarələrin tez-tez qəzaya uğramaları, çoxsaylı insan itkiləri bunu deməyə əsas verir. Belə vəziyyətdə Ermənistana aid şirkətləri ağır vəziyyət gözləyir. Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ probleminin həll olunmamış qalması təcavüzkar ölkəyə uzaq perspektivli zərbələr vurmaqda davam edir. Özü də bu, artıq Ermənistanda hakimiyyətdə kimin olması ilə bağlı məsələ deyil. Hansı iqtidarın Azərbaycanla Dağlıq Qarabağ konfliktinin ədalətli həllinə hazır olmasından, Azərbaycan və Türkiyə ilə qapalı qalan sərhədlərin açılıb-açılmayacağından asılıdır.
Təəssüf ki, indiyədək Ermənistanda Azərbaycana qarşı işğalçı siyasətə son qoyacaq bir qüvvə iqtidara gəlməyib. Yalnız eks-prezident Levon Ter-Petrosyanın dövründə erməni tərəf buna maksimum yaxın olub ki, onu da “Qarabağ klanı” Moskvanın “xeyir-duası”ilə devirdi. Lakin “Qarabağ klanı”nın iqtidarda olduğu iyirmi ildə işğalçı ölkənin və erməni xalqının sosial-iqtisadi durumu daha da pisləşdi. Paralel olaraq, onun vassal asılılığı gücləndi, beynəlxalq arenada nüfuzdan tamamilə düşdü.
Bir çoxları ümid edirdilər ki, “Qarabağ klanı”na qarşı qəzəbli olan xalqın iki il öncə inqilab yolu ilə hakimiyyətə gətirdiyi və Ter-Petrosyanın “müridləri”ndən sayılan Nikol Paşinyan, nəhayət, sərt reallığın gözünə dik baxacaq, ağır vəziyyətə düşən ölkəsini və xalqını tərəqqi yoluna çıxara biləcək, özü üçün əsas iki qonşu dövlət olan Azərbaycan və Türkiyə ilə dil tapacaq. Lakin ümidlər doğrulmadı. Paşinyan reformator ola, tarixi məsuliyyəti öz üzərinə götürə bilmədi. Demək, erməni xalqı terrorçuların törətdiklərinin əvəzini ödəməyə məhkumdur.