KÖŞƏ

Nigar Orucova

Pandemiyanın psixoloji sağlamlığa təsirini azaltmaq üçün nə etməli?

26 iyun 2020 11:52
3463

Azərbaycanda pandemiyanın kəskinləşməsi nəticəsində sərt karantin rejiminin yenidən tətbiq olunması insanlar arasında təşvişi artırıb. Koronavirusun (COVID-19) yayılma sürəti və yoluxanların sayının durmadan artması yeni qeyri-xarakterik situasiyalar yaradır. Dünyanın bir çox mütəxəssisləri pandemiyanın yaratdığı xroniki, nevroloji və psixoloji gərginliyin aradan qaldırılması üçün pasiyentlərə çoxlu məsləhətlər verirlər. Koronavirusun sürətlə yayılması cinsindən, yaşından və sosial statusundan asılı olmayaraq insanların yaşam tərzini, bütövlükdə həyatını dəyişir. Bu isə insanların narahat, stresli, kədərli, əsəbi olmalarına rəvac verə bilir.

Nəzərə almalıyıq ki, bütün qlobal epidemiyalar hər zaman insanlar üçün xüsusi qorxu mənbəyi olub. Çünki insanlar bu gərginliyi yaşadıqları zaman bitəcəyi vaxt məlum olmayan bir vəziyyətdir və bu səbəbdən adət etdiyimiz gündəlik vərdişlərimizi dəyişdirməyə çalışırıq. Bu qeyri-müəyyənlik bizdə qorxu, qayğı, stress kimi duyğular oyadır. Ümumilikdə izlədiyimiz zaman insanların çoxunda həyəcan, qorxu və stress müşahidə edə bilirik. Təbii ki, bu vəziyyətlərin yaranması və yaşanan vəziyyətlə daha yaxşı mübarizə aparmaq üçün öncə psixoloji olaraq rahat və sağlam olmalıyıq. Mütəxəssislərin fikrincə, yaşadığımız bu narahatedici duyğuları aradan qaldırmaq, özümüzü daha yaxşı hiss etməmiz üçün atacağımız bir sıra addımlar vardır. İlk olaraq, rəsmi olmayan informasiya bolluğundan uzaq durmalıyıq. Gün ərzində müəyyən vaxtlarda rəsmi və dəqiq məlumat paylaşılan mənbələrdən məlumatlar əldə etməyə çalışmalıyıq. Eyni zamanda, hər kəs rəsmi olaraq, göstərilən tədbirlərə məsuliyyətli yanaşmalıdır.

Bundan əlavə, qoyulan tədbiryönlü qaydalara əsasən insanlarla çox ünsiyyət saxlaya bilmiriksə, onlardan uzaqlaşmamaq üçün texnologiya üzərindən bunu etməliyik.

Yaxın çevrəmizdə psixoloji olaraq, xəstəliklərə daha həssas yanaşan insanları düzgün şəkildə maarifləndirməliyik. Çünki obyektiv yanaşma və dəqiq statistik məlumatlar bu cür insanların qorxularını və təşvişlərini azaldacaq.

Psixoloqlar da bildirirlər ki, insan beynini təhlükənin olmadığına əmin edəndə orqanizmdə müdafiəyə hazır olma düyməsi sönür, immunitet yatır və hazır vəziyyətdə olmur. Ona görə virusun ən kiçik əlamətləri belə hiss olunmur və virus bədənə düşəndə immunitet cavabı gec işə düşür. İnsanın ümumbəşəri təhlükə vaxtında heç vaxt heç nə olmayacağını düşünməsi çox qorxuludur. Hər an yoluxacağını düşünən ikinci qrup insanlar isə neqativ nəticələr gözləyir. Bir insan hər saniyə yoluxduğunu düşünərsə, onun orqanizmində elə bu virusa bənzər yalançı simptomlar baş qaldıra bilər. Xəstələnmək qorxusu və fikri psixosomatik şüuraltı təsir edir. Stress sinir sistemini öldürür, damarlar sıxılır, qana adrenalin və kortizol çox sıçrayır. Bu isə infarkt, insult, ürək tutmasına gətirib çıxara bilər. Ona görə həm müdafiə tədbirləri görmək, sosial təcrid qaydalarına riayət etmək, həm də ortaq məxrəci tutub psixoloji durumu sabit saxlamaq lazımdır. Lakin bir qrup insanları nə qədər əhəmiyyətli olsa da pandemiya ilə bağlı sosial təcrid də narahat edir. Psixologiya və nevrologiya elmləri doktoru Culian Holta görə, belə təcrid - yəni sosial əlaqənin olmaması gündə 15 siqaret çəkmək qədər və ya spirtli içki istifadəsi kimi sağlamlığa qarşı riskləri artırır. Holtun fikrinə görə, sosial təcrid və tənhalıq vaxtından əvvəl ölüm riskini artırır, buna dair ciddi sübutlar var. Bu risk insan sağlamlığının bir sıra əsas göstəricilərini xeyli üstələyir. İnsan sosial varlıqdır və koronavirus pandemiyası təsəvvür etdiyiniz qədər də adi bir təcrübə deyil. Qaradərili cəmiyyətdə sosial izolyasiyanı öyrənən mütəxəssis Harry Taylor da sosial təcridi çoxlu siqaret çəkməklə müqayisə edir və ürək-damar xəstəliklərinə yol açdığını qeyd edir. Sosial izolyasiyanın təsirlərini öyrənən mütəxəssislər onun mənfi tərəfləri ilə yanaşı, müsbət tərəflərini də sübut edirlər. Harry Taylorun sözlərinə görə, yaşadığımız dövrdə ilk dəfədir ki, fəal şəkildə sosial təcrid sağlamlığın qorunması üçün bir üsul kimi tətbiq edilir. Vəziyyətiniz necə olursa olsun, sosial təcriddən bəhrələnmək, təcrübənizi artırmaq üçün edə biləcəyiniz çox şey var. Doğrudur, koronavirus pandemiyası və karantin rejimi bir çox insanların psixoloji durumu və dözümlülüyünə uyğun deyil. Çünki psixoloji baxımdan təhlükə vaxtı orqanizmə tam rahatlıq verən insanların yoluxma riski daha da artır. Lakin pandemiya ilə mübarizəyə ciddi yanaşsanız, hazırkı situasiyanın məsuliyyətini bölüşsəniz, sosial təcrid tədricən sizin normal halınıza çevrilə bilər. Əksinə, belə bir təcriddən özünü məhrum etmək, sizə xoş olmayan nəticələrə gətirib çıxara bilər.