KÖŞƏ

Elçin Zaman

Paşinyanın geosiyasətdəki piyadalığı

26 iyun 2020 11:54
5742

Ölkəmizin başçısı bu il Ermənistanın baş nazirini beynəlxalq tədbirlərdə iki dəfə ifşa edərək onu gülüş hədəfinə çevirib

2020-ci ildə Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı iki dəfə beynəlxalq tədbirlərdə, həm də bütün dünya qarşısında tarixi faktlarla ifşa edərək onu siyasi kluarlarda pat vəziyyətinə salıb. Belə ki, bu ilin fevralında Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Paşinyanı tarixi faktlar qarşısında aciz duruma düşürməklə bütün beynəlxalq aləmi ona güldürdü.

Hətta Paşinyan necə karıxmışdısa öz dili ilə “Qarabağ tarixi Azərbaycan torpağıdır” dedi və tez də üzr istədi. Təbii ki, dil çaşıb düzün deyər. Həmin panel müzakirələrdə ölkəmizin başçısı bir daha dünyaya bəyan etdi: “Ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!”

Ötən həftə isə Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən son sammitdə Prezident İlham Əliyev Nikol Paşinyana və onun timsalında Ermənistana ciddi diplomatik zərbə vurdu. Öncə onu qeyd edək ki, indiyədək Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında həyata keçirilən tərəfdaşlığın hər bir aspekti tərəflərin münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini göstərir. Siyasi baxımdan əlaqələr yüksək səviyyədədir. Aİ Şurasının sabiq prezidenti Donald Tusk Azərbaycanın regiondakı rolunun bu təşkilat tərəfindən yüksək qiymətləndirildiyini bəyan edib. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq isə Aİ-də Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş olduğuna dair konkret rəy formalaşdırıb.

2018-ci ildə Azərbaycanla Aİ arasında paraflanan “Tərəfdaşlıq prioritetləri” sənədi isə rəsmi Bakının həm uğurlu, həm də müstəqil xarici siyasətinin növbəti təsdiqidir. Əməkdaşlığın davamı olaraq münasibətlərdə yeni səhifə açan sənəddə qeyd edildiyi kimi, münasibətlərin daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Aİ tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Bir sıra mühüm məsələlərin yer aldığı sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb. Bütövlükdə, bu sənəd ikitərəfli tərəfdaşlıq əlaqələrinin inkişafı üçün yeni zəmin yaradıb. Ən əsası “Tərəfdaşlıq prioritetləri”ndə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.

Hazırda Azərbaycan təkcə Aİ ilə deyil, həm də bu quruma üzv ölkələrlə də sıx əlaqələrə malikdir. Belə ki, Azərbaycanın bu təşkilatın üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu əlaqələrin bütün səviyyələrdə dərinləşdirilməsi isə həm Azərbaycanın, həm Aİ-nin, həm də bu quruma üzv ölkələrin maraqlarına cavab verir.

Prezident İlham Əliyevin Azərbaycanın üzləşdiyi işğalla bağlı faktları diqqətə çatdırması isə son sammitdə iştirak edən Ermənistanın baş naziri N.Paşinyanın növbəti dəfə özünü ictimaiyyət qarşısında biabır etməsi ilə nəticələndi. Hər dəfə olduğu kimi, beynəlxalq təşkilatların tədbirlərində söz alıb Prezident İlham Əliyevin fikirlərinə cavab vermək istəyən erməni baş nazir yenə də özü-özünü çıxılmaz vəziyyətə saldı, söhbətə qeyri-peşəkar müdaxiləsi, cılız davranış tərzi, gülünc cavab verməyi ilə təcrübəli dövlət başçıları və siyasətçilər arasında bir daha tamamilə yad biri olduğu təsirini bağışladı.

Ermənistanın baş naziri söhbətə müdaxilə etmək istəyərkən, əslində, özünü ifşa etdi. Bunun ən bariz nümunəsi bədahətən danışmaq qabiliyyəti olmayan Paşinyanın ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” ifadəsini işlətməsidir. Məlum olduğu kimi, erməni rəsmi təbliğatı Qarabağı qondarma ifadə olan “Artsax” adlandırır. Hansı ki, bu ifadə heç erməni ictimaiyyətində də işlək deyil. Beynəlxalq səviyyədə isə “Naqornıy Karabagh” ifadəsindən istifadə olunur ki, buradakı “Karabagh” Azərbaycan dilində Qarabağ sözünün ingiliscə yazılışıdır. Paşinyan məhz bu sözü işlətməklə Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqlədi və bununla həm də Ermənistanın işğalçılıq siyasətini ifşa etdi.

Eyni zamanda. Paşinyanın Sammitdəki çıxışı həm də Ermənistan baş nazirinin ingilis dili “səviyyə”sini göstərdi. O, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi. Paşinyan özünü ifşa etməsi ilə həm də növbəti yalana imza atdı. Əslində, burada təəccüblü heç nə yoxdur. Çünki ermənilərin xəstə təfəkkürü məhz yalan və saxtakarlıq üzərində qurulub. Erməni baş nazirin budəfəki yalanı isə Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarı ilə bağlı oldu. Belə ki, Paşinyan yalan danışaraq iddia etdi ki, guya həmin qərarda Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyi barədə fikirlər yer alıb. Onun daha bir “arqumenti” isə Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun ölkəsində qəhrəman kimi qəbul olunması idi.

Birincisi, Avropa İnsan Hüquqları Məhkəməsinin mayın 26-da çıxardığı “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə qərar hər kəs üçün əlçatandır və tanışlıq göstərir ki, həmin sənəddə Paşinyanın iddia etdiyi kimi, Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirməsi ilə bağlı bir söz belə yoxdur. Eyni zamanda, bu qərarın çıxarılması ilə erməni tərəfi qarşıya qoyduğu əsas hədəfə nail ola bilməyib və Budapeşt şəhərində baş vermiş hadisəyə görə Azərbaycanın məsuliyyət daşıması barədə ermənilərin iddiası tamamilə iflasa uğrayıb. Belə ki, hadisənin fərdi davranış əsasında törədildiyi qərarda qeyd olunub.

İkincisi isə, Ramil Səfərovun əfvi heç bir beynəlxalq razılaşmanın və öhdəliyin ziddinə deyil. Dövlət başçısının əfvetmə səlahiyyətləri suveren qaydada həyata keçirilir, heç bir dövlət və ya dövlətlər qrupu, beynəlxalq təşkilat, beynəlxalq məhkəmə orqanları bu səlahiyyətə müdaxilə edə bilməz.

Prezident İlham Əliyevin “Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə, Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə də belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim” sözləri isə cəmi bir neçə cümlə ilə Ermənistanın terrorçu siyasətinin ifşası oldu.

Prezident İlham Əliyev erməni terrorçuluğunun yalnız bir epizodunu xatırlatdı. Erməni terroru ilə bağlı faktları kifayət qədər uzatmaq olar. Çünki onların həyata keçirdikləri qanlı cinayət əməllərinin sayı bir deyil, iki deyil... Bu hadisələr zamanı zərərçəkənlər həm də elə Avropa və Amerika vətəndaşları olublar.

Beləliklə, bu hadisə İlham Əliyevin Ermənistana vurduğu növbəti diplomatik zərbə oldu. Bu mənada Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində baş verənlər Paşinyanın salındığı nokautların, Ermənistanın beynəlxalq səviyyədə ifşa siyasətinin uğurlu davamı idi. Dövlət başçısı Azərbaycanın üzləşdiyi problemin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaqla haqqın bizim tərəfimizdə olduğunu əsaslandırdı.