KÖŞƏ

Vəli İlyasov

Görəsən Paşinyan hara qədər qaçacaq?

23 iyul 2020 10:01
2744

“Bakı torpaqların itirilməsi ilə barışmayıb və onları geri qaytarmaq imkanlarını axtarır”

Bu sözlər erməni əsilli rusiyalı politoloq Gevork Mirzoyan Rusiyanın “Vzqlyad” qəzetində dərc olunan məqaləsindən götürülüb.

“Bu gün beynəlxalq aləm tərəfindən tanınmış istənilən dövlət “Dağlıq Qarabağ respublikası”nı tanımayıb. Bu sıraya Ermənistanın özü də aiddir. İrəvanda hansısa faydalı aralıq formullar düşünülə bilər, amma Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımama erməni hakimiyyətinin onu Azərbaycanın tərkib hissəsi hesab etməsi anlamına gəlir”, - deyə o, bildirib.

Göründüyü kimi, Ermənistanın Dağlıq Qarabağı otuz ilə yaxın müddətdə işğal altında saxlamasına baxmayaraq oranı öz torpağı hesab etmir və eyni zamanda, dünya dövlətləri qondarma qurumu tanımır. Ermənistanın bu məqsədlə göstərdiyi bütün cəhdlər mənfi sonluqla nəticələnir. Ona görə də işğalçı dövlət zəbt etdiyi Azərbaycanın kənd və şəhərlərini, yeraltı və yerüstü sərvətlərini mümkün qədər çox talamaq üçün vaxt qazanmağa çalışır. Ermənistanın davakar və avantürist rəhbərləri xarici havadarlarının dəstəyindən istifadə edərək işğalı uzadırlar. Xarici hərbi ekspertlər və politoloqlar bildirirlər ki, əgər Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll olunmaq fazasına keçsə Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməz.

Rusiyalı erməni politoloq vəziyyətə real qiymət verərək bu gün Azərbaycan Ordusunun bir sıra göstəricilərinə görə Ermənistanı əhəmiyyətli dərəcədə üstələdiyini etiraf etməli olub. Gevorq Mirzoyan qeyd edib ki, Azərbaycanın müttəfiqi Türkiyədir və Ankara Cənubi Qafqazda kimin hakim olduğunu göstərməyə çalışır.

Ekspertin sözlərinə görə, Türkiyə ilə Azərbaycan birgə savaşa başlayacağı halda Ermənistan həm də İrəvanın mərkəzini itirəcək.

Xatırladaq ki, Gevorq Mirzoyanın bu fikrini bölüşənlərin sayı çoxdur. Başqa sözlə, müharibənin başlayacağı təqdirdə Ermənistanın məğlubiyyətinin qaçılmaz olması heç kəsdə şübhə doğurmur. Hətta onun ən yaxın müttəfiqləri də pessimist fikirdədirlər. Çünki 2016-cı ilin dördgünlük aprel döyüşləri, ermənilərin alınmaz adlandırdıqları müdafiə istehkamlarının döyüşçülərimiz tərəfindən cəmi 40 dəqiqəyə darmadağın edilməsi, Lələtəpə yüksəkliyinin və digər ərazilərimizin azad olunması, 2018-ci ildə Naxçıvanda Günnüt əməliyyatı açıq göstərdi ki, hərbi sahədə Ermənistan Azərbaycandan qat-qat zəifdir.

 İşğalçı ölkənin Tovuz təxribatı və digər təxribatlar Ermənistanın öz qorxusundan “qara-qorxu” gəlməkdən başqa bir şey deyil. Bütün təxribatların qarşısının alınması və düşmənin məğlubiyyətlə geri çəkilməsi göstərir ki, Ermənistan rəhbərləri işsiz və ac-yalavac saxladıqları xalqının diqqətini daxili problemlərdən yayındırmaqla öz hakimiyyətlərini uzatmaq kimi mənfur niyyət güdürlər. Ancaq erməni xalqı küçədən hakimiyyətə gətirdiyi Paşinyan və onun komandasının heç nəyə yaramadığını hiss edib və Tovuz döyüşlərindən sonra İrəvanda hakimiyyətə qarşı çıxışlar başlayıb. İndi Paşinyan döyüşlər zamanı həlak olan və yaralanıb şikəst olan erməni gənclərinin valideynlərinə hesabat verməkdən qaçır. Görəsən, o, hara qədər qaçacaq?