KÖŞƏ

Vəli İlyasov

Paşinyanın “quyruğu” qapı arasında

11 avqust 2020 18:36
2672

Yaxud “xaç oğlu” “xaç atası”na türmədə qovuşdu

İrəvan şəhər məhkəməsi Ermənistan parlamentinin keçmiş deputatı Levon Sarkisyanın həbsi barədə vəsatəti təmin edib.

 Bu barədə kütləvi informasiya vasitələrində Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan  məlumat verib.

Qeyd edək ki, avqustun 6-da Rusiya Federasiyasının Zelinoqrad şəhərində saxlanılan Levon Sarkisyan bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən Ermənistana ekstradisiya olunub.

Levon Sarkisyanın həbs olunmasının səbəbi Ermənistan Respublikası Gömrük Xidmətinin keçmiş rəhbəri Armen Avetisyanın iqamətgahına 11 il əvvəl baş verən hücumun iştirakçılarından biri olmasıdır. O, cinayət məcəlləsinin bir neçə maddəsi üzrə ittiham olunacaq. Ancaq erməni politoloqlarının bildirdiklərinə görə, Ermənistan indi  belə cinayətkar ünsürlərlə doludur və bu hesabla ölkə əhalisinin xeyli hissəsi həbsxanalara salınmalıdır. Qeyd edilir ki, Ermənistanda baş nazirin komandasına qarşı sayı çox olan siyasi partiya və təşkilatlar, Rusiyameylli siyasi qüvvələr, hərbçilər,  məmurlar, varlı iş adamları birləşiblər. Bunlardan da başqa sosial sıxıntı çəkən xalqın böyük bir hissəsi vədlərini yerinə yetirməyən Paşinyana qarşı çıxmağa hazırdır. Qısaca desək, Nikol Paşinyanın vəziyyəti “ermənicədir”dir və işi-peşəsi öz başına çarə axtarmaqdır. Ona görə də politoloqlar, həmçinin bildirirlər ki, Levon Sarkisyanın həbsi başqa motivlərlə, yəni onun siyasi görüşləri ilə bağlıdır.

Qeyd edilməlidir ki, Levon Sarkisyan sıradan olan şəxs deyil, o, siyasətçidir və Respublikaçılar Partiyasından Ermənistan parlamentinə deputat seçilib. Deyilənlərə görə o, eks-prezident Serj Sarkisyanın “xaç oğlu”dur.

Ermənistanda hər kəsə gün kimi aydındır ki, küçədən gətirilib baş nazir kreslosuna əyləşdirilən Nikol Paşinyan hakimiyyəti zəbt etdiyi gündən siyasi dissidentləri, ona müxalif mövqe tutanları və ölkənin eks rəhbərlərini, onların arxasında duran qüvvələri məhv etməklə məşğuldur. Həmin qüvvələrdən biri də Paşinyanın tamamilə zərərsizləşdirə bilmədiyi və buna çalışdığı Serj Sarkisyanın komandasının üzvləridir. Bununla bağlı saysız-hesabsız təkzibolunmaz faktlar da gətirmək olar.

Tovuz hücumunda Ermənistan hərbi birləşmələrinin  “ağzı-burnu” Azərbaycan Silahlı Qüvvələri tərəfindən  möhkəm əzişdiriləndən sonra Nikol Paşinyan məğlubiyyətin səbəblərinin başqalarının üstünə atmağa, ölkədaxili vəziyyəti daha da mürəkkəbləşdirməyə, ermənilərin başını “maraqlı” macəralarla və siyasi şoularla  qarışdırmağa çalışır. Keçmiş prezident Serj Sarkisyanın “xaç atası” olduğu Levon Sarkisyanın həbsi də bu qəbildəndir. Bir sözlə, indi türmədə “xaç oğlu” “xaç atası”na qovuşdurulub.

Tovuz məğlubiyyətindən sonra “quyruğu” qapı arasında qalan baş nazir Nikol Paşinyan “ört-basdır” tədbirlərini davam etdirməyi yeganə çıxış yolu hesab edir. Ancaq “tülkü sovuruğu” nə vaxtdan çıxış yolu olub?