Vəli İlyasov |
Hələ Dağlıq Qarabağda hərbi əməliyyatlar başlamazdan əvvəl, Tovuz təxribatının törədildiyi günlərdə yaşından asılı olmayaraq saysız-hesabsız soydaşımız Azərbaycan Ordusunun sıralarına yazılmaq üçün müraciət edirdilər. Bu il iyulun 14-də Bakıda keçirilən toplantıda əhalinin Ermənistanın yeni təxribatına qarşı güclü həmrəylik nümayiş etdirməsi sübut etdi ki, Xalq-İqtidar- Ordu birliyi sarsılmazdır. Onlar bildirirdilər ki, otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirlər. Belə möhtəşəm birliklə məkrli düşmənimizə qalib gəlmək qaçılmazdır. Üç gün əvvəl həmin məqam gəlib çatdı.
Ordumuz artıq üçüncü gündür ki, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq cəbhə xəttində əks-hücuma keçərək döyüş əməliyyatlarına başlayıb. İlk saatlardan üstünlüyü ələ alan silahlı qüvvələrimiz sarsıdıcı zərbələr endirərək separatçı qüvvələri geri çəkilməyə məcbur edib. Füzuli-Cəbrayıl istiqamətində bir neçə kəndimiz azad olunub, Tərtər-Ağdərə istiqamətində isə bir neçə strateji yüksəklik ordumuz tərəfindən ələ keçirilib. Artilleriyaçılarımız sərrast atəşlərlə düşmənin həbi texnikalarını, raket kompleksrərini, atəş nöqtələrini, komanda məntəqələrini sıradan çıxarırlar. Ən əsası isə bölgədə ən vacib yüksəklik olan Murov dağının zirvəsinin alınması ordumuzun üstünlüyünü daha da möhkəmləndirib. Murov zirvəsi elə vacib bir strateji mövqedir ki, oradan Kəlbəcər-Ağdərə magistral yolunu və ətraf əraziləri nəzarətdə saxlamaq mümkündür.
Düşmənin ön xətdə möhkəmləndirdiyi səngərlərin və istehkamlarının sürətlə darmadağın edilməsi, canlı qüvvəsinin, zirehli texnikasının məhv edilməsi ilə nəticələnən döyüşlər göstərdi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun sarsıdıcı zərbələrinə duruş gətirə bilmir. Düşmən tankları, topları, ərzaq və silah-sursat anbarlarını döyüş meydanında qoyub vahimə içərisində geri çəkilməkdədir.
Döyüşlərin başladığı ilk gündən xalqımız öz xilaskar ordusunun yanındadır. Soydaşlarımız cəbhəyanı bölgələrdə rayon mərkəzlərinə və yollara çıxaraq döyüşən əsgərlərimizə dəstəklərini nümayiş etdirirlər. Biz Tərtər, Ağdam, Goranboy rayonları və Naftalan şəhərindəki sakinlərlə telefon əlaqəsi saxladıq. Müsahiblərimizin hamısı ruh yüksəkliyi ilə danışdılar. Onlar bildirdilər ki, bütün kəndlərin əhalisi öz evlərindədir, panika yayan və ya ona uyan yoxdur. Baxmayaraq ki, erməni quldurları kəndlərimizi, dinc əhalini atəşə tutur, amma qorxub kənddən uzaqlaşan yoxdur. Dinc əhalini atəşə tutmaqla ermənilər düşünürlər ki, əhali panikaya düşüb kəndləri boşaldacaq və bununla ordumuz böyük bir dəstəkdən məhrum olacaq. Çünki onlar 1991-1993-cü illərdə bu üsuldan istifadə ediblər. Ancaq Ermənistan hərbi hissələri dinc əhalini hədəfə alaraq yaşayış məntəqələrini nə qədər güclü atəşə tutsa da hər kəs öz işi ilə məşğul olur, ordumuzun qələbəsinə inanır və cəbhədən gələn xəbərləri izləyir.