Röya Rasimqızı |
Doğrudan da nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar. Güclü ordumuz olmasa müstəqilliklə, azadlıqla bağlı xalqımızın bütün arzuları puça çıxar. Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür.
Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu , onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində yürütdüyü siyasət, həyata kecirdiyi islahatlar öz müsbət nəticələrini verməkdədir. Bir ölkənin inkişafı və onun qüdrətli olması üçün iki amil vacibdir. Biri davamlı möhkəm iqtisadiyyat, digəri isə güclü ordu. Məhz bu iki amili uğurla həyata keçirən Ali Baş Komandan İlham Əliyev daim xalqın dəstəyini və sevgisini qazanmaqdadır. Bütün bunların nəticəsi kimi əminliklə qeyd edə bilərik ki, xalqımızın, xüsusilə gənclərimizin milli vətənpərvərlik duyğuları hər kecən gün daha da artmaqdadır. İstər Aprel döyüşlərində, istər Tovuz hadisələrində, istərsə də sentyabrın 27-dən başlayan döyüşlərdə düşmənə vurulan ağır zərbələrdə ordumuzun qüdrətini, əsgər və zabitlərimizin mərdliyini bütün dünya gördü və görməyə də davam edir. Hər kəsə bir daha bəyan oldu ki, dövlətimiz və xalqımız heç vaxt bu işğalla barışmayacaq və torpaqlarımızı işğalcılardan təmizləyəcəyik.
Aprel döyüşlərində bir necə saat ərzində Lələtəpə yüksəkliyinin alınması ilə 1994-cü ildə düşmənin daim nəzarətində olduğu üçün yaşanılması mümkünsüz olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Dağlıq Qarabağ ərazisində yerləşən Xocavənd və Ağdərə rayonlarının minlərlə hektar ərazilərinin düşməndən təmizlənməsi onlarla cəbhəyanı kəndlərimizi düşmənin vura biləcəyi maddi ziyandan xilas etdi. Bundan əlavə, 2018-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun işğal altında olan Cünnüt kəndinin və ətraf ərazilərin azad edilməsi nəticəsində 11 min hektar əraziyə nəzarəti ordumuz ələ keçirdi. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər düşməndən təmizləndi. Qızılqaya yüksəkliyinin ələ kecirilməsi İrəvan-Yexeqnazor-Gorus-Lacın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi. Bu ilin 12 iyul tarixində Tovuz rayonu istiqamətində törədilən erməni təxribatının da qarşısı uğurla alındı. Düşmənin 100 yaxın canlı qüvvəsi və texnikası məhv edildi.
Sentyabrın 27-si Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimizin, vacib yüksəkliklər və əlverişli ərazilərimizin, cəbhənin Füzuli-Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad edilməsi, Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklərin nəzarətə götürülməsi ordumuzun gücünü bir daha sübut etdi.
Mənfur düşmənlərimiz, həmçinin Azərbaycanın uğurlu inkişafını istəməyən hər bir xarici qüvvələrə aydın oldu ki, Azərbaycan xalqı, xüsusilə gənclərimiz daim dövlətinin və rəhbərinin yanındadır. Bu birliyimiz möhkəm və davamlı olduqca onların ölkəmizə qarşı istənilən mənfur niyyəti heç vaxt reallaşmayacaq.