Röya Rasimqızı |
Bu gün Azərbaycan xalqının tarixinin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gündür. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu.
Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin gecə saatlarında xalqa verdiyi bu müjdəli Qələbə xəbəri bütün Azərbaycanı ayaqda saxladı. Böyükdən-kiçiyə hamı bu müjdənin bəxş etdiyi sevinci yaşadı, paylaşdı və paylaşmaqda davam edir. Əzəli Azərbaycan torpağı olan Qarabağın geri qaytarılması, Xocalının intiqamı uğrunda başladığımız müqəddəs müharibənin xalqımızın böyük və ehtişamlı Qələbəsi ilə sona çatması xalqın və haqqın Qələbəsidir. Sivil xalqlar tarixləri boyu müharibəni heç vaxt dəstəkləməyiblər. Azərbaycan dövləti də həmişə sülh missiyasını yerinə yetirib, münaqişələrdən qaçaraq əmin -amanlığın tərəfdarı olub. Amma çox təəssüf ki, qəsbkar qonşularımız hərbdən başqa yol qoymadılar. İşğal etdikləri torpaqlarımızdan xoşluqla çəkilmək istəmədilər. Hər bir səbrin də bir həddi-hüdudu olur. Müharibə lənət sayılsa da, azadlıq uğrunda hər cür müharibə müqəddəs hesab edilib. Azərbaycanın apardığı bu müharibə də müqəddəs müharibə-Vətən müharibəsi idi və qələbə ilə bitməsi də tarixi yekun oldu.
2020-ci ilin 27 sentyabrında başlanan və 10 noyabr tarixinə kimi davam edən Vətən müharibəsi haqqında tarix kitablarında yazılacaq, siyasətçilər araşdırma aparacaq, təhlil və diskussiyalarda çox məqamlara aydınlıq gətiriləcək. Bugünümüzün hazırkı həqiqəti, reallığı isə budur ki, bu Vətən müharibəsi Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Ali Baş Komandan İlham Əliyev Qələbə müjdəsini xalqa çatdırarkən, sevinc və həyəcanını bölüşərkən bu məqama xüsusi toxundu: “ Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi .Yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.
Bu gün illərdir bizi üzən hisslər fəxarət duyğuları ilə əvəzləndi. Hamı sevinir. Bütün Azərbaycan bayram ovqatına köklənib. Bayram əhval ruhiyyəsi paytaxt Bakı ilə yanaşı bölgələrdə də hiss olunur. Sevinc sevincə qarışıb. Bu sevinci bizə yaşadan möhtərəm Ali Baş Komandan , Azərbaycan Ordusu, Azərbaycan əsgəri, var olun!