Röya Rasimqızı |
Təxminən ötən ilin bu vaxtlarından başlayaraq bəşəriyyət dünyanı cənginə almış bu gözəgörünməz düşmənlə üz-üzədir. COVID-19-un daha təhlükəli həddə çatmaması üçün ölkəmizdə bu ilin əvvəlindən başlanılan mübarizə, qabaqlayıcı profilaktik tədbirlər effektivliyini göstərdi, yoluxma və ölənlərin sayında azalmalar müşahidə olundu. Əlbəttə, bu, dövlət səviyyəsində həyata keçirilən səmərəli tədbirlərin nəticəsi idi.
Lakin son statistik rəqəmlər artıq həyəcan təbilinin çalınmasına işarədir. Hətta COVID-19-dan ölənlərin də sayı artır. Əgər hər gün dörd mindən artıq insan bu xəstəliyə yoluxursa, 37 nəfər vəfat edirsə, bu artıq təhlükədən xəbər verir.
Azərbaycanda hazırda kəskin respirator virus infeksiyalarının da mövsümi artımı müşahidə olunur. COVID-19-a yoluxanda insan bədənində iki növ virus olur. Nəticədə immunitet aşağı düşür və iki virusla mübarizə aparır. Bu da nəticədə insanların səhhətində ağırlaşmalara gətirib çıxarır. Ən acınacaqlı vəziyyət odur ki, koronavirus diaqnozu qoyulan şəxslər küçələrə çıxırlar və digər insanlarla təmasda olurlar. Bu da olduqca təhlükəlidir və koronavirusla bağlı vəziyyəti daha da kritik həddə gətirib çıxarır. Bu, insanların məsuliyyətindən asılıdır. Əgər insanlarımız məsuliyyətli davransalar, qaydalara əməl etsələr, yoluxmanın sayı azalar. Bu zaman heç bir sərtləşmədən söhbət gedə bilməz. Ancaq qarşıdan gələn günlərdə, həftələrdə bu say artarsa, karantin qaydalarında yenidən sərtləşmə qaçılmaz olacaq.
SMS xidməti yenidən aktivləşə bilər. Çünki gün ərzində dörd mindən artıq insanın koronavirusa yoluxması böyük bir təhlükə yaradır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 2-də keçirilən brifinqində TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib ki, xəstəliyin təkrar yoluxmasını nəzərə alsaq, nə zaman bitəcəyini əvvəlcədən demək çox çətindir: “Burada həmrəylik göstərmək lazımdır. Dövlət tərəfindən atılan addımlarla yanaşı, vətəndaş həmrəyliyi də lazımdır. İctimai qınaq da olmalıdır, ətrafımızda maska taxmayan və doğru istifadə etməyənlərə öz iradımızı bildirməliyik. Əgər həmrəylik göstərməsək, qoyulan qayda-qanunlara əməl etməsək, o zaman virusun yayılma sürəti daha da arta bilər. Tendensiya yüksəlməyə doğru gedir. Baxmayaraq ki, maskadan istifadə tələbi daha da ciddiləşdirildi, düşünürəm ki, virusla yoluxma halları daha da artacaq. Elə bir insan yoxdur ki, onun qohumları arasında koronavirusa yoluxan olmasın. Bəlkə də yoluxan olsa belə xəstəliyi yüngül formada keçirdiyinə görə COVID-19-a adi yanaşanlar var. Bu qədər yoluxma halı ölkənin səhiyyəsinə də çox böyük zərbə vurur. Baxmayaraq ki, yeni xəstəxanalar açılır, həkimlər ora mobilizə olur, ancaq gələcəkdə bu yükün altından çıxmaq çox çətin ola bilər. Ona görə də vətəndaşlar qoyulan qayda-qanunlara ciddi əməl etməlidirlər. Bildirmək istəyirəm ki, ağır xəstələr arasında vaxtilə qaydalara etinasız yanaşanlar da az deyil”.
Koronavirusdan qorunmaq həm maddi, həm də mənəvi məsələdir. Azərbaycan dövləti kimi, xalqımız da bu bəşəri bəladan xilas olmaqda nümunə göstərməlidir. Özümüzü və ətrafımızdakıları, bütövlükdə isə xalqımızı və dövlətimizi qorumaq hər birimizin borcudur, bu isə öz əlimizdədir. Məsuliyyətli olmalıyıq.