KÖŞƏ

Röya Rasimqızı

COVID-19: Proqnozlar nəyi göstərir?

30 noyabr 2020 20:46
2762

Koronavirusa yoluxmayla bağlı statistika həyəcan təbili çalır

İlin əvvəlindən dünya COVID-19 adlı virusla savaşır. Lakin təəssüf ki, hələ də insanlar bu təhlükədən birdəfəlik qurtulmağın çarəsini tapmayıb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan vaxtdan etibarən digər ölkələrdə olduğu kimi, Azərbaycanda da infeksiyaya qarşı ciddi tədbirlər görülməyə başlandı. COVID-19 virusunun ölkədə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ölkə başçısının tapşırığı əsasında bütün sahələrdə zəruri qabaqlayıcı effektiv tədbirlər həyata keçirildi.

Hal-hazırda ən böyük və ən ciddi problemimiz isə koronavirus xəstəliyinin sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artımın müşahidə olunmasıdır.

Bəyanatın imzalanması ilə tarixə Qələbə günümüz kimi düşən noyabrın 10-da insanlar birlikdə küçələrə toplaşaraq bu sevinci qeyd etdilər və hal-hazırda da işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələnən tarixi qələbə vətəndaşlar tərəfindən kütləvi şəkildə qeyd edilir, insanlarda yaranmış ruh yüksəkliyi COVID-19 pandemiyası təhlükəsini ikinci plana keçirir. Şəhid olan insanların yas mərasimlərində kütləvi iştirak, torpaqların işğaldan azad olunması münasibətilə yürüşlərin keçirilməsi COVID-19-un geniş yayılmasına səbəb olan vəziyyəti gərginləşdirdi. Bundan sonrakı dövrdə də belə kütləvilik hallarının olacağını indidən demək üçün əsaslar var. Vəziyyətə baxıldıqda görünür ki, son 10-14 gündə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq 45,000 nəfəri ötüb. Əgər dekabr ayının ilk on günlüyündə xəstəliyin artım sürəti dəyişməzsə, aktiv xəstələrin sayı 90,000 nəfərə çatacaq. Bu isə milli səhiyyə sisteminin imkanlarını aşır.

Buna görə də hazırda mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi çox vacibdir. Vəziyyətin nəzarətə götürülməsi, virusun insanların sağlamlığına bura biləcəyi təsirin qarşısının alınması üçün dövlət orqanlarının çevik reaksiyası vətəndaş-dövlət həmrəyliyi əsas amildir. Azərbaycanda görülən işlərin əsas məqsədi hər cür kritik vəziyyətə hazır olmaq, ən böhranlı vəziyyətdə belə bütün xəstələrə tibbi xidmətin göstərilməsini təmin etməkdir. Əsas vəzifə insanları xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir.

İstər hər gün yoluxanların sayında müşahidə olunan rəqəmlər, istərsə də yoluxma nəticəsində verdiyimiz itkilərin gündən-günə daha da artması göstərir ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini, həyatları üçün potensial təhlükəni ilk günlərdə olduğu qədər məsuliyyətlə dərk etmir, bir çox hallarda ehtiyatsız davranır, mövcud qaydaları pozur, tövsiyələrə qulaq asmırlar. Bu da onu deməyə əsas verir ki, qarşıdan gələn günlərdə yoluxma hallarının sayı gündə 5000-6000 nəfərə çatacaq. Bu da xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmaslarının izlənilməsi kimi zəruri tədbirlərin görülməsini qeyri-mümkün edəcək.

Yay ayları ilə müqayisədə gündəlik ölüm halları da 4 dəfəyə qədər artıb. Gündəlik yoluxma hallarının artması gündəlik ölüm hallarının yüksəlməsi ilə nəticələnəcək. Hazırda yoluxma hallarının 1-1,5%-i ölümlə nəticələnir. Ölüm hallarının qarşısını almaq üçün gündəlik yoluxma hallarının sayının azalması mütləq şərtdir.

Ötən dövr ərzində Azərbaycan dövləti koronavirusla mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildə gücləndirilib. Çarpayı fondunun artırılması, zəruri dərman vasitələrinin tədarükü, yeni xəstəxanaların tikilməsi, həkim və tibbi personalın artırılması nəticəsində bu gün 40,000 nəfərdən çox xəstənin müalicəsi mümkündür. Bununla belə vətəndaşlarımız başa düşməlidir ki, bu imkanların da bir həddi var və bu həddi aşmağa çox az vaxt qalıb.

Bu günə qədər COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində ən təsirli tədbirlər, sərt məhdudiyyətlərin tətbiqi olmuşdur. Məhz bunun nəticəsində iki dəfə xəstəliyin sayında sürətli artımın qarşısı alınıb və yoluxma hallarının azaldılmasına nail olunub. Lakin bu məhdudiyyətlərin iqtisadi, insanlara sosial-psixoloji təsirləri hər birimizə məlumdur və arzuedilməzdir. Məhz bu səbəbdən də məhdudiyyətlərin tətbiqi hələlik minimal miqyasda həyata keçirilir. Vəziyyət bu istiqamətdə inkişaf edərsə, ölkənin səhiyyə sistemi üçün ciddi təhlükə yaranacağı, yoluxma və ölüm hallarının arzuolunmaz miqyasda artacağı təqdirdə nə olacağı hamını düşündürməlidir. Hamı bilməlidir ki, vəziyyətin daha bir neçə gün belə davam etməsi yenidən sərt məhdudiyyətlərin tətbiqi, tam təcrid, SMS icazə və s. bu kimi tədbirlərlə nəticələnəcək.

Bütün bunların baş verməməsi üçün dövlətlə bərabər hər bir vətəndaş üzərinə düşəni etsə, koronavirusla mübarizə çox effektiv olacaq. Hazırkı çətin mərhələdə hər kəs tibbi maska taxmalı, ən azı bir metr məsafə saxlamalıdır. Vətəndaşlarımız öz davranışları ilə vəziyyətin yaxşılaşmasına yardımçı olmalı, məsuliyyətli olaraq davranışlarını mövcud tələblərə uyğunlaşdırmalıdırlar. COVID-19 virusu ilə mübarizədə ən vacib amil vətəndaş həmrəyliyi və dövlət-vətəndaş əməkdaşlığıdır. Bu günə qədər və bundan sonra da əsas amil insanların təhlükəsizliyi, sağlamlığıdır. Pandemiyaya qarşı mübarizədə uğurlarımız davamlı olacaq. Ümid edirik ki, dövlət-vətəndaş həmrəyliyi ilə Azərbaycan pandemiya ilə mübarizədən ən az itkilərlə çıxacaq, insanlarımızın sağlamlığı yüksək səviyyədə qorunacaq.

Röya Rasimqızı,

“İki sahil”