Röya Rasimqızı |
Artıq 2020-ci ilin son günündəyik. Hər bir ilin hesabat xarakteri daşıdığını nəzərə alsaq, ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurların xronologiyasına diqqət yetirək. Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. İqtisadi tərəqqi güclü sosial siyasətin həyata keçirilməsini təmin edir. Bu baxımdan sosial sahədə qazanılan uğurlara bir daha diqqət yetirək.
2020-ci ildə sosial təminata yönələn vəsaitlərdə ciddi artım olub. 2020-ci ilin ötən dövründə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 1 milyard manatdan artıq vəsait ödənilib. Bu artımın 700 milyon manatdan çoxu pensiya, qalanı müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə ödənişlərdəki artımlardır. Ümumilikdə isə 2020-ci ilin yanvar-noyabr aylarında pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə ödənilən vəsait 5 milyard 264 milyon manat təşkil edib. Qeyd edək ki, 2020-ci ildə pensiyaların orta aylıq məbləği 14 faiz artaraq 300 manat təşkil edib. Pensiyaların sığorta hissəsi 16,6 faiz indeksasiya edilərək artırılıb, 1,2 mln-dan artıq pensiyaçını əhatə edən bu artım üçün aylıq 43 mln. manat əlavə vəsait ödənilir. Vətəndaşlara ödənilən sosial müavinətdə 2020-ci ildə 18 faiz artım olub, 11 ay ərzində 494 min nəfərə 563 mln. manat həcmində sosial müavinət ödənilib.
2020-ci ildə ünvanlı sosial yardım alan ailələrin sayı 9 min ailə artaraq ümumilikdə 74,4 min ailə təşkil edib. Hər bir ailəyə düşən orta aylıq məbləğ ötən illə müqayisədə 15 faiz artaraq 238 manat təşkil edib. Bu il ərzində müharibə əlilləri və şəhid ailələrinə 1500-ə yaxın mənzil və fərdi ev verilib. Ümumiyyətlə, indiyədək bu kateqoriyadan olan vətəndaşlara 9 min ev verilib. Müharibə əlillərinə 400-dək avtomobil verilib və ümumilikdə onlara verilən avtomobillərin sayı 7150-yə çatıb.
2020-ci ilin 11 ayı ərzində Məşğulluq Mərkəzləri tərəfindən 88 min nəfər işlə təmin edilib, 12 minədək şəxs özünüməşğulluq proqramına cəlb olunub. Bu il ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb. 11 ayda əlilliyi olan şəxslərə 30 minə yaxın reabilitasiya vasitəsi verilib, 2,3 min əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.
Pandemiya ilə əlaqədar məşğulluq və sosial rifaha dəstək üzrə tədbirlər əhalinin təqribən 5 milyon nəfərini əhatə edib. Belə ki, əhaliyə sosial ödənişlərin davamlılığı təmin edilib, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun ehtiyatından istifadə olunub.190 manat birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılaraq, 600 min şəxsi əhatə edib.
Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon (şəhər) üzrə 3-cü, 4-cü və 5-ci dəfə ödəmə həyata keçirilib və bunun üçün 350 milyon manat ayrılıb. Hazırda 6-cı dəfə ödəniş üçün 600 min şəxsə birdəfəlik ödəmə başlanıb və bu məqsədlə də 114 milyon manat ayrılıb. Sosial tərəfdaşların dəstəyi ilə 100 mindən çox ailəyə ərzaq payı verilib. Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib və 12 min ailə proqrama cəlb olunub, proqramın icrasına bu il üçün ümumilikdə 70 mln. manat ayrılıb.
Pandemiya dövründə ünvanlı yardımın verilməsi qaydaları sadələşdirilib və əhatə dairəsi genişləndirilib. Vətəndaşların müraciətləri nəzərə alınaraq 14 min ailəyə əlavə 2 aylıq ünvanlı dövlət sosial yardımı verilib və bunun üçün əlavə 8 mln. manat ayrılıb. Pandemiya şəraiti nəzərə alınaraq, əlillik müddəti başa çatan 14 min nəfərin ödəniş müddəti uzadılıb. 65 yaşdan yuxarı 15 min tənha şəxsə və tənha əlilə evlərində sosial xidmət göstərilib.
Postmüharibə dövründə sosial dəstək tədbirlərinə gəldikdə isə, bu tədbirlər Vətən müharibəsi şəhidlərinin və itkin düşmüş hərbçilərin ailələrini, yaralanmış hərbçiləri, erməni terrorundan zərər çəkənləri və müharibə iştirakçılarını – ümumilikdə 6 minədək şəxsi əhatə edir. 750 şəhidin 1850-dən çox ailə üzvünə pensiya, müavinət, təqaüd təyin edilib. Proses davam edir. Şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillərlə təmin edilməsi istiqamətində aparılan işlər davam etdiriləcək. Sosial tərəfdaşlar tərəfindən 112 mindən çox ərzaq payının həssas qruplara verilməsi prosesi aparılır – Heydər Əliyev Fondu 100 min, “Bravo” 10 min, UNİCEF 2 min ailəyə ərzaq payı çatdırır.
Ailə üzvlərindən əlilliyi olan və sağlamlıq imkanları məhdud 300-dən çox şəxsə birdəfəlik maddi yardım ayrılıb. Postmüharibə dövründə şəhidlərin və itkin düşmüş hərbçilərin ailələrinə, yaralanmış hərbçilərə sosial-psixoloji dəstək göstərilir.
2020-ci il ərzində şəhidlərin və itkin düşmüş hərbçilərin ailələrinin, yaralanmış hərbçilərin məşğulluq və özünüməşğulluq məsələlərinin həlli istiqamətində tədbirlər davam etdirilib. Özünüməşğulluq proqramına 1400 nəfər, o cümlədən şəhid ailələrinin 750 üzvü, haqqı ödənilən ictimai işlərə 200 nəfər cəlb edilib. Vətən Müharibəsindən sonra “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklik olunub və şəhid statusu Gəncə və Naftalan şəhərlərində, Bərdə rayonunda erməni təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də aid edilib.
Milli Məclisə təqdim edilən büdcə paketi çərçivəsində yeni layihələrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə şəhid ailələri, müharibə əlilləri, “Azərbaycanın Milli Qəhrəmanı” və “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər və digər qruplara xüsusi qayğısı olaraq onlarla bağlı bir sıra ödənişlərdə artımlar nəzərdə tutulub.
Göründüyü kimi, sosial islahatlar davamlılığı ilə diqqət çəkir. Əhalinin sosial müdafiəsi həyata keçirilən iqtisadi siyasətin əsası kimi daim diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu hədəfi açıqlayır ki, iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır.