Vəli İlyasov |
Xarici ölkə vətəndaşlarının Azərbaycana dəstək mesajları vermələri ürəyimizi qürur hissi ilə doldurur. Onlar Ermənistanın işğalçı siyasətini pisləyir, Cənubi Qafqaz regionunda təhlükə mənbəyi olduğunu vurğulayır və bizim haqq işimizi müdafiə etdiklərini ifadə edirlər. Pakistan İslam Respublikasının vətəndaşı Məsud Əhməd Azərbaycan Prezidenti İlham Əliyevə dəstək məktubu ünvanlayıb.
Multan şəhərinin sakini Məsud Əhməd Azərbaycan Prezidentinin saytına yazır: “Möhtərəm cənab Prezident. Mən ölkənizlə dost və qardaş münasibətində olan Pakistanın vətəndaşı olaraq ölkəmin Sizin və böyük xalqınızın yanında olduğunu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı tam qəlbimizlə dəstəklədiyimizi bildirməkdən şərəf duyuram. Dağlıq Qarabağı və onu əhatə edən 7 rayonu işğaldan azad etmək üçün başladığınız haqq işində Türkiyə xalqı ilə yanaşı, bizim də ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür”.
Məsud Əhməd Azərbaycana dua etdiklərini qeyd edir: “Allahdan müqəddəs niyyətinizə çatmaq üçün xalqınıza kömək olmasını, ölkənizin daim çiçəklənmə və tərəqqi yolunda inkişaf etməsini azrulayıram. Allahın mərhəməti daim üzərinizdə olsun. Xeyirli dualarımız Sizlərdən əksik deyil”.
Maraqlı teleqramlardan biri də ölkəmizdə az müddət yaşamış Qana Respublikasının vətəndaşı, tanınmış futbolçu Maykl Essyendir. Maykl Essyen bir müddət “Səbail” futbol klubunun şərəfini qoruyub. O, "Səbail”dən ayrılsa da, Azərbaycanı unutmur.
Qanalı futbol ulduzu Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna dəstək verib. "Real", "Çelsi", "Milan", "Lion" kimi böyük klublarda çıxış etmiş Essyen "Instagram" hesabından Azərbaycan bayrağını paylaşaraq "Azərbaycan üçün dua et” yazıb və üzərinə "Qarabağ Azərbaycanındır!” ifadəsini yerləşdirib.
Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından bu ilin yayına qədər ölkəmizdə "Səbail”in formasını geyinib. O, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğalına dair dürüst məlumatlara malik olduğunu da bildirib.
Qardaş Türkiyənin İstanbul şəhərindən Ərdal Nar bildirir ki, mənim babalarım vaxtilə Gəncədən buraya gəliblər: “Ona görə də mən burada anadan olsam da, Azərbaycanı öz Vətənim hesab edirəm. Ailəmlə bərabər dəfələrlə Bakıda olmuşam. Nəsil-kök qohumlarımı axtarıb tapmışam. Çox sevdiyim Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsində mən iyirmi iki yaşlı oğlum Onurla bərabər erməni işğalçılarına qarşı döyüşməyə hazır olduğumu bildirirəm. Can Azərbaycan bilsin ki, bizim ürəyimiz onun yanındadır və istənilən məqamda Azərbaycan əsgərləri ilə çiyin-çiyinə döyüşlərə qatıla bilərik”.
Belə məktub və teleqramların, telefon zənglərinin ardı-arası kəsilmir. Onların hər birində Azərbaycana, qələbəmizə möhkəm inam, xalqımıza məhəbbət qabarıq ifadə olunur. Bu, bizə mənəvi dəstək və böyük ruh yüksəkliyi verir. Dost, qardaş köməyi xalqımız üçün əlavə stimul yaradır, ona görə düşmən üzərindəki qələbəmizdə onların da payı olacaqdır.