KÖŞƏ

Cavid Əkbərov

Haqq yolunun sonu zəfərdir!

09 oktyabr 2020 18:05
2315

Qüdrətli Azərbaycan Ordusu torpaqlarımıza göz dikmiş işğalçı Ermənistanın silahlı qüvvələrinə ağır zərbələr endirir. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə göz açmağa imkan vermirlər. Düşmən ölkə böyük itkilər verərək işğal etdikləri Azərbaycan ərazilərindən geri çəkilir.

2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndi və ətrafındakı 11 min hektar ərazinin azad edilməsi zamanı və bu ilin iyul ayında Tovuz əməliyyatında Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinə acınacaqlı şəkildə məğlub olub. Düşmən bu məğlubiyyətlərdən ibrət götürmək əvəzinə, sentyabrın 27-də genişmiqyaslı hücuma keçdi. Əvəzində daha ağır zərbələr aldı. Əvvəlki döyüşlərdə olduğu kimi, bu dəfə də işğalçı ordu silah-sursatını atıb qaçır.

Ölkəmiz hər zaman tarixi ədalətin bərpası üçün mübarizə aparıb və birmənalı mövqeyini ortaya qoyaraq, ərazi bütövlüyümüzün təmin olunmasını tələb edib. Ermənistan tərəfi və dünya birliyi çox yaxşı bilir ki, Azərbaycan münaqişənin dinc vasitələrlə həllinin tərəfdarıdır və bu məsələdə tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Ermənistan isə qonşu dövlətlərin əraziləri hesabına “böyük Ermənistan” yaratmaq iddiasından əl çəkmir, işğalçılıq siyasətini davam etdirir.

Prezident İlham Əliyev dəfələrlə açıq şəkildə bəyan edib ki, Azərbaycan öz ədalətli mövqeyindən bir addım belə geri çəkilməyəcək, ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq. Ermənistan anlamalıdır ki, Azərbaycanın güclü ordusu olmaqla bərabər, ölkəmizdə həmrəylik mövcuddur. Hər bir ölkə vətəndaşı özünü Ali Baş Komandanın müsəlləh əsgəri hesab edir və bununla qürur duyur. Ermənistan nə qədər öz ordusu haqqında mif yaratmağa çalışsa da, bu ölkədəki acınacaqlı vəziyyət, aclıq, səfalət, qarşıdurmalar, həmçinin baş nazir Nikol Paşinyanın diktaturası bütün bunların yalan olduğunu təsdiqləyir.

Bu dəfə məğlubiyyətdən yaxa qurtara bilməyəcəyini açıq şəkildə hiss edən düşmən tərəfi son ümid yeri kimi şər və böhtana əl atır. Təcavüzkarlar yalan xəbərlər yayaraq guya Azərbaycanda Suriyadan muzdlular olması barədə iddialar irəli sürürlər. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusundan biridir. İşğalçı ölkədən fərqli olaraq Azərbaycanın nizami, qüdrətli ordusu var. Ölkəmiz özünü müdafiə etməyə və təcavüzkarı cəzalandırmağa qadirdir.

Prezident İlham Əliyev son vaxtlar yerli televiziya kanallarına verdiyi müsahibələrində, BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda, həmin sessiyanın ümumi debatlarında videoformatda çıxışlarında, o cümlədən “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibəsində Ermənistanın işğalçı siyasətini, baş nazir Nikol Paşinyanın münaqişəni daha da alovlandıran müharibə çağırışlarını kəskin tənqid etdi. Dövlətimizin başçısı bu ədalətsizliyə göz yuman beynəlxalq təşkilatları da qınaq hədəfinə çevirdi. “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibəsində dövlət başçımız Ermənistanın müharibəyə başladığını, əsas hədəfin dinc əhali olduğunu, beynəlxalq humanizm prinsiplərini və hüquq normalarını kobud şəkildə pozduğunu faktlarla ortaya qoydu.

Ermənistandan fərqli olaraq ölkəmizdə xalq-iqtidar-ordu birliyi mövcuddur. Müharibə başlamazdan əvvəl minlərlə gənc könüllü olaraq cəbhəyə getmək haqqında müraciət edib və həmin müraciətlər bu gün də davam etməkdədir. Minlərlə gəncin, hətta yaşlı nəslin döyüşmək üçün könüllü olaraq yazılması, eləcə də erməni təxribatları zamanı öz evlərini tərk etməməsi Azərbaycanda dövlət başçısına, qüdrətli ordumuza olan inam və etibarın göstəricisidir. Milli və siyasi həmrəyliyin parlaq göstəricisi olaraq ölkədə qeydiyyatdan keçmiş 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanatla çıxış etməsi, ölkə rəhbərinin ətrafında səfərbər olduqlarını bəyan etmələri həmrəyliyin və birliyin bariz nümunəsidir.

Bu gün hər kəs orduya dəstək həmrəyliyi nümayiş etdirərək döyüşçülərimizin arxasında dayanıb. Hər kəs öz imkanı daxilində orduya kömək göstərir. Biz haqq yolundayıq. Haqq yolunun sonu zəfərdir! İnşallah, həmin günü tezliklə bayram edəcəyik.