Ceyhun Piriyev |
[email protected] |
Məlum olduğu kimi, Ermənistan hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün əldə olunmuş atəşkəs razılaşmasına əməl etmədi. Hərçənd ki, Rusiya Federasiyasının Prezidenti V.Putinin müraciətinə cavab olaraq əldə olunmuş razılıq, ilk növbədə, Ermənistana gərək olmalı idi. Qeyd etmək lazımdır ki, buna qədər tərəflərə atəşkəslə bağlı bir neçə dövlət və təşkilat tərəfindən müraciət olunsa da, heç bir razılıq əldə edilməmişdi.
Bəs, atəşkəsin “su-hava” kimi gərəkli olduğu Ermənistan nəyə görə buna əməl etmədi?
Əvvəlcə ondan başlayaq ki, Ermənistan Azərbaycana qarşı son təxribatına xeyli müddət idi hazırlaşırdı və məqsəd yeni ərazilərin işğalı idi. Bundan xəbərdar olan ölkəmiz isə bu təxribatın qarşısını almaq üçün beynəlxalq ictimaiyyətə müraciət etmişdi və işğalçı ölkəni belə əməlindən çəkindirmək üçün bütün vasitələrə əl atmışdı.Lakin görünən odur ki, təcavüzkar ölkə son aylarda əsasən Rusiyadan (çox güman ki, pulsuz olaraq) əldə etdiyi böyük miqdarda silah-sursat və texnikanın, eyni zamanda, xarici muzdluların, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərinin hesabına istəyinə tam nail olacağına, müdafiə naziri David Tonoyanın “yeni ərazilər üçün yeni müharibə” formulunu asanlıqla reallaşdırılacağına əmin imiş. Digər tərəfdən, Ermənistanın təcrübəsində “məğlubiyyətə uğrayan kimi Rusiyaya üz tutmağ”ın geniş yayılması işğalçılıq siyasətinin davam etdirilməsi üçün əngəl yaratmadığı ortadadır. Bununla belə, adətən düşmən təxribatlarına qarşı müdafiə olunmağa üstünlük verən Azərbaycanın bu dəfə əks-hücum əməliyyyatına başlaması Ermənistanın planlarını alt-üst edərək 30 ilə yaxın müddətdə işğalda saxladığı bir çox ərazilərin azad olunması ilə nəticələndi.
Xeyli miqdarda hərbçi, hərbi texnika və silah-sursatın səfərbər edilməsinə baxmayaraq nəinki istəyinə nail olmayan, hətta işğal etdiyi ərazilərdən geri çəkilməli olan düşməndən real atəşkəs gözləmək inandırıcı olmazdı. Söhbət ondan gedir ki, yeni ərazilər işğal etmək əvəzinə işğal edilmiş əraziləri də itirməyin fonunda Ermənistanın atəşkəsə getməsini baş nazir Nikol Paşinyana nə ölkəsindəkilər, nə ki, dünya erməni diasporu bağışlamazdılar. Elə atəşkəs üçün Moskvaya danışıqlara gedən Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın ölkəsinə 300 ədəd tank əleyhinə idarə olunan "Kornet" raket sistemi ilə bərabər qayıtması da işğalçı üçün humanitar atəşkəsin hansı məqsədlər daşımasından xəbər verirdi. Elə bunun ardınca da razılaşmaya əsasən oktyabrın 10-nu saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozuldu. Düşmən hücum edərək azad olunan əraziləri yenidən işğal etməyə cəhd göstərməkdədir. Bundan daha betəri isə Ermənistanın gecə saatlarında Gəncə şəhərini “Toçka-U” raketləri ilə atəşə məruz qoymasıdır.
Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində bildirib ki, atəşkəslə hərbi mərhələnin başa çatacağına ümid edirmiş: “Biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll olunacaq, çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq, təəssüf ki, biz bunu görmədik”.
Bununla belə, ölkə başçısı vurğulayıb ki, Moskvada qəbul edilmiş bəyanat Azərbaycanın maraqlarına tam cavab verir: “Orada göstərilir ki, humanitar əsaslarla həlak olanların cəsədləri, əsirlərin dəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik, ancaq Ermənistan buna getmirdi”.
Yeri gəlmişkən, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov oktyabrın 12-də Moskavada erməni həmkarı Z. Mnatsakanyanı qəbul edib. Yəqin ki, Z. Mnatsakanyanın bu dəfə də Moskvadan silah-sursatla qayıdacağı istisna deyil. Bu baxımdan yaxın vaxtlarda Rusiyadan “Kornet” tank əleyhinə idarə olunan raketlə yanaşı, “İqla” portativ zenit raket sisteminin də olacağı başqa bir silah partiyasının Ermənistana təslim edilməsi gözlənilir. Bununla da Rusiyanın atəşkəslə bağlı narahatlığının hansı məqsədə xidmət etdiyi məlum olur. Nəticədə belə addımlar şimal qonşumuzun münaqişənin həllindəki vasitəçilik missiyası ilə bir araya sığmadığı ortadadır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev CNN-Türk televiziyasına müsahibəsində Ermənistanın silahlanması, o cümlədən pulsuz silahlanmasının bu ölkədə işğal etdiyi əraziləri əbədi saxlamaqla bağlı əminlik yaratdığını bildirib: “Təbii ki, bu bahalı silahlar Ermənistana pulsuz verilməsəydi, Ermənistanın buna sahib olması müzakirə mövzusu ola bilməzdi və bu münaqişə çoxdan çözülərdi. Çünki Ermənistanın silahlanması və pulsuz silahlanması onlarda bir əminlik yaratdı ki, bu torpaqları işğal altında əbədi saxlaya bilərlər”.
Prezident İlham Əliyev, həmçinin Rusiyanın RBK televiziya kanalına müsahibəsində bildirib ki, Ermənistanın pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir: “Biz Ermənistana məxsus, bəlkə də milyardlarla dollar dəyərində texnikanı iki həftə ərzində məhv etdik. Onlarda bu pullar haradandır? Onların pulu yoxdur. Bütün bunlar Rusiyadan pulsuz göndərilir”.
Nəticə etibarilə bütün bunlar Ermənistanın müharibədəki məğlubiyyətinə, 11 saata qədər davam edən danışıqların nəticəsi olaraq üzərinə götürdüyü öhdəliklərinə baxmayaraq işğalı davam etdirməsinə “ruhlandırır”.
İşğalçını “ruhlandıran” amillər 1992-1993-cü illərdə də olub. Lakin hazırda 1992—1993-cü illər deyil və Azərbaycan Ordusu belə amillərin qarşısını almağı yaxşı bacarır.