KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

Jurnalistika ilə məşğul olmaq, yoxsa şər, böhtan, şantajla pul qazanmaq? - Sayı artan internet TV-lər

27 may 2022 23:01
12482

Ölkəmizdə söz azadlığı yüksək səviyyədə təmin olunur və mətbuatın informasiya əldə etmək, eləcə də ictimaiyyəti zəruri məlumatlarla təmin etmək sərbəstliyi var. Bu amil bir tərəfdən kütləvi informasiya vasitələrinin sayının artmasında özünü göstərsə də digər tərəfdən ondan sui-istifadə edərək reketçiliklə məşğul olanların sayını da artırıb.

Ümumiyyətlə, cəmiyyətin probleminə çevrilməklə bərabər, medianın nüfuzuna xələl gətirən “reket jurnalistika” təəssüf ki, onlayn mediaya da sirayət etməyə başlayıb. Ölkədə medianın inkişafı üçün yaradılan münbit şərait və internetin imkanları onlayn məkanda belə “fəaliyyət”lə məşğul olanlara “qol-qanad” vermiş oldu. Hazırda isə “Youtube” platformasında özünü daha çox göstərən bu “proses” tibbi termin olan “metastaz”ı xatırladır. “Metastaz” bədxassəli şişin bir orqandan digərinə keçməsi, yaxud inkişafının növbəti mərhələsidir. İndi bizdə də “reket jurnalistika”  “metastaz” verərərk onlayn mediaya yayılıb.

Belə görünür ki,  texnologiyanın inkişafı özünün müsbət tərəfləri ilə yanaşı mənfi tərəflərini də mediaya sirayət etdirib. İnternet mediada hər hansı materialın qısa müddətdə yayılması üçün hər cür imkanlar var. Müsbət tərəflər aydındır - hər bir faktı, hadisəni oxucuya daha tez çatdırmaq olur, operativlik yüksəkdir, canlı yayım vermək, limitsiz foto və video əlavə etmək, bunu milyonlarla ünvana çatdırmaq, onlayn göndərmək, interaktivlik təmin etmək imkanı var.

Mənfi tərəfləri isə odur ki, hər cür provakativ, saxta və dezinformasiya materiallarını yaymaq asan olur. Bundan başqa, söyüş, təhqir, şantaj imkanları genişdir. Bu baxımdan mənfi tərəf “reket media” üçün  əsl münbit şəraitdır. Artıq istənilən şəxs haqqında “Youtube”da  saxta və dezinformasiya materiallarını yaymaq, barəsində söyüş səsləndirməklə şantaj etmək, onu ictimaiyyət arasında biabır etmək olur. Bunu sözügedən platformaya daxil olanda əyani şəkildə görmək mümkündür.

Ancaq unutmaq lazim deyil ki, reketçilik cinayət əməlidir və bu fəaliyyətlə məşğul olan şəxslər də məsuliyyətə cəlb edilməlidir. Elə müəyyən vaxtlarda bu əməlin bəzi sahibləri cinayət məsuliyyətinə cəlb ediliblər də. Amma… Amması odur ki, bu proses kütləvi halda deyil və bu amil “reket media”nın stimullaşdırmaqla əhatə dairəsinin genişlənməsinə şərait yaradır.

Bununla belə, “reket media” ilə ciddi mübarizə aparılmadığı təqdirdə onun fəsadları daha ağır ola bilər. Necə ki, “metastaz” da bütün həyati orqanların və sistemlərin funksiyasını əhəmiyyətli şəkildə pozur. Belə fəsadlara böyük tarixə malik olan mətbuatımız üçün ləkədir. Heç kəs zəmanət verə bilməz ki, bu gün qazanc naminə şantajla məşğul olan şəxs sabah asanlıqla ölkənin milli maraqlarını da alver predmetinə çevirməyəcək. Müəyyən maraqlar üçün internetdə TV acaraq şantajla məşğul olanlar sabah maddi maraq üçün ölkə ələyhinə də fəaliyyət göstərə bilərlər.

Bu mənada “reket media”nın əhatə dairəsinin daha da genişlənməməsi naminə onunla daha ciddi mübarizəyə başlamağın vaxtı çatıb.