Ceyhun Piriyev |
[email protected] |
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin dinc əhali arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflədiyi operativ-taktiki raket kompleksi Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılıb. Oktyabrın 14-də Azərbaycan Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev ölkəmizdə akkreditə olunan diplomatik korpusun rəhbərləri və hərbi attaşelərin iştirakı ilə keçirilən brifinqdə deyib ki, əgər həmin raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya da çata, hətta Dağlıq Qarabağa keçsə, atış məsafəsi Bakını da ötə bilərdi. Bu sətirlərin üzərindən sadəcə olaraq keçmək sükutla mümkün deyil. Açıq-aşkar üçüncü tərəfləri müharibəyə cəlb etməkdə israr edən Ermənistanın buna nail olmaq məqsədilə törətdiyi təxribatlar getdikcə daha da geniş miqyas almaqdadır. Zərurət təkcə işğal edilmiş ərazilərin itirilməsindən irəli gəlir, yoxsa, burada başqa amillər də var?
Əvvəlcə ondan başlayaq ki, Ermənistan silahlı qüvvələri tərəfindən təkcə sentyabrın 27-dən oktyabrın 16-si saat 11-ə qədər Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətlərin nəticəsində 44 dinc sakin həlak olub, 222-si yaralanıb. Eyni zamanda, 1669 yaşayış evi, 84 çoxmənzilli yaşayış binası, 301 mülki obyekt yararsız vəziyyətə düşüb. Söhbət ondan gedir ki, döyüşdə ağır məğlubiyyətə uğrayan düşmən xeyli itkilərə verərək geri çəkilməkdə davam etməkdədirlər. Hətta humanitar atəşkəsdən sui-istifadə edərək yenidən hücuma keçməyə çalışan Ermənistan bu dəfə də heç nəyə nail ola bilməyib.
Ermənistanın baş naziri Nikol Paşinyan bugünlərdə xalqa müraciətində verdikləri böyük miqdarda itkilərin məsuliyyətini öz üzərinə götürmək əvəzinə Azərbaycan tərəfinin işğal olunmuş ərazilərin geri qaytarılmasını tələb etdiyini, bunun qəbuledilməz oluğunu qeyd edib. Ancaq həqiqət budur ki, Ermənistan böyük itkilər verməsinə baxmayaraq, 30 ildir işğalda saxladığı əraziləri də tərk etməkdədirlər. Hətta Rusiya və Fransadan Ermənistana humanitar yardım adı altında böyük həcmdə hərbi texnika və silah-sursat daşınması da işğalçıya məğlubiyyətdən yan keçməyə imkan vermir.
Humanitar atəşkəslə bağlı öhdəliyinə baxmayaraq, ərazisindən Azərbaycana qarşı təxribatlarını davam etdirməklə Rusiyanı münaqişəyə cəlb etməyə çalışan, lakin nail ola bilməyən Ermənistan Dağlıq Qarabağda bu ölkəyə məxsus gah sülhməramlıların, gah da hərbi müşahidəçilərin yerləşdirilməsinə çalışır. Belə görünür ki, Rusiyadan pulsuz silah-sursat almaqla kifayətlənməyən Ermənistan bu dəfə rus ordusunun onların yerinə Azərbaycan Ordusuna qarşı vuruşmalarını da istəməkdədir. Rəsmi Moskvanın bu barədə rəsmi mövqeyi isə ondan ibarətdir ki, buna Azərbaycanın da razılığı olmalıdır. Azərbaycanın bu məsələyə müsbət cavab verəcəyi isə qətiyyən gözlənilən deyil.
Bu baxımdan Ermənistanın məğlubiyyətdən qurtuluş yolunu Azərbaycanın paytaxtına raket zərbəsi endirməkdə axtardığı faktdır. Məsələ burasındadır ki, bu, həm də N. Paşinyan hakimiyyətinin qurtuluşudur. Çünki hakimiyyətə gələrkən verdiyi vədləri yerinə yetirə bilməyən Paşinyanın son “ümidi” Azərbaycanla “yeni ərazilər uğrunda yeni müharibələr” kimi möcüzəsinin reallaşması idi. Lakin möcüzənin baş verməməsi bir yana, bu yolda xeyli sayda hərbçinin itirilməsinə səbəb olmuş N.Paşinyana hazırda ölkəsində münasibətin necə olduğunu təsəvvür etmək elə də çətin deyil. Üstəlik bu da az imiş kimi, primitiv üsullarla işğaldan azad edilmiş ərazilərə hücum edərək bir daha məğlubiyyətə uğramaq Paşinyanın siyasi karyerasını uçurumun kənarına bir az yaxınlaşdırmış oldu. Bir sözlə, Paşinyan üçün it də getdi, ip də getdi...
Bu səbəbdən də isterika içərisində olan Paşinyandan orduya Bakını hədəfə almağı əmr etməsini gözləmək elə də çətin deyil. Belə görünür ki, Paşinyanın narazı kütləni razı salacaq heç bir planı yoxdur. “Ümid” ancaq Azərbaycanın Ermənistan ərazisinə zərbə endirməsinə nail olmaq və bunun müqabilində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üz tutmaqdadır. Ancaq göründüyü kimi, Azərbaycan bu dəfə də tələyə düşmədi. Eyni zamanda, terror aktının qarşısı alınmış oldu.
Bu məsələ digər bir həqiqəti də növbəti dəfə çılpaqlığı ilə ortaya qoydu. Belə ki, Azərbaycan tərəfi düşmənin döyüşdə uğradığı ağır məğlubiyyətin fonunda dinc əhalini hədəfə almasına etiraz olaraq beynəlxalq ictimaiyyətə, o cümlədən ölkəmizi atəşkəsə çağıran ölkə və təşkilatlara çoxsaylı müraciətlər ünvanlasa da, məsələyə ciddi reaksiya yoxdur. Ermənistanın dezinformasiyaları əsasında Azərbaycanı ittiham edən qüvvələr işğalçı ölkənin dinc əhalini raket yağışına tutmasına susmaqdadırlar.