KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

Sərt karantin rejimi: Qurunun oduna yaş da yanır...

11 iyun 2020 12:26
4725

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Azərbaycanın iri rayon və şəhərlərində bu həftəsonu da sərt karantin rejiminin tətbiq ediləcəyi ilə bağlı Baş Nazirin adından yayılan məlumatların həqiqətəuyğun olmadığı bildirilsə də, məlum olan budur ki, 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın 4 iyun tarixli brifinqindəki çıxışında belə tədbirlərin bundan sonra da davam edəcəyini, həftəsonu qadağalarının bir neçə dəfə tətbiqini mümkün hesab edib.

Aydın məsələdir ki, koronavirusa yoluxmadakı artım tempi sərt karantin rejimini zəruri edir. R. Bayramlı sözügedən brifinqdə bildirib ki, ictimai nəqliyyatda insanların çoxunun tibbi maska taxmaq istəməməsi və metroda baş verən arzuolunmaz insident Operativ Qərargahı həftəsonları qadağa tətbiq etməyə vadar edib. Onun sözlərinə görə, bu qərarın epidemioloji baxımdan müsbət nəticəsi olsa da, iqtisadi baxımdan mənfidir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışındakı nitqində koronavirusla mübarizə dövründə Azərbaycan dövlətinin ölkə daxilində çox böyük məsuliyyət göstərdiyini, əhalinin sağlamlığı naminə iqtisadiyyata mənfi təsir edən məhdudlaşdırıcı tədbirlərin həyata keçirildiyini bildirib: “Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik. Mən bildirmişdim ki, keçən ay əldə edilmiş nəticələrdə kiçik də olsa, artım var - 0,2 faiz. Ancaq təxmin edirdim ki, beş ayın yekunları artıq tənəzzülü əks etdirəcək, belə də oldu. Mənə verilən məlumata görə, ümumi daxili məhsul beş ayda 1,7 faiz aşağı düşüb”.

Əlavə edək ki, rəsmi statistikaya görə, 5 ayda ümumi daxili məhsul istehsalı 27 milyard 479,9 milyon manat olub ki, bunun da 18 milyard 227,5 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunda formalaşıb. Bu, bir il əvvələ nisbətən 2,1 faiz azdır.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-fevral aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz, birinci rübün yekununda isə 1,1 faiz artım qeydə alınmışdı.

Həmçinin ölkədə koronavirusla bağlı məhdudiyyətlərin tətbiqinə əsasən mart ayının ortalarından başlanılıb və aprel ayının 27-dən etibarən bu məhdudiyyətlərin əksəriyyətinin yumşaldılmasına başlanılıb. Lakin göründüyü kimi, may ayı nəinki iqtisadi artımın qorunub saxlanılması üçün yetərli olmayıb, əksinə, yanvar-may ayları üzrə azalma olub. Bütün bunları nəzərə alanda, iyun ayında həftə sonlarında sərt karantin rejiminin tətbiqi bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyətin, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkətinin dayandırılmasının iqtisadiyyata əlavə təsiri qaçılmazdır.

Bir sözlə, tibbi maskadan istifadəyə və sosial məsafənin saxlanılmasına biganə yanaşanların fonunda ölkədə koronavirus infeksiyasına yoluxma sayının kəskin artması səbəbindən sərt karantin rejiminin tətbiqi ölkə iqtisadiyyatına mənfi təsirini göstərməkdədir. Ancaq o da qeyd edilməlidir ki, koronavirusa yoluxma iqtisadiyyatın bəzi sahələrində qaydalara riayət edilməməsindən baş verir. Belə ki, R.Bayramlı 9 iyun tarixində baş tutan brifinqdə yoluxma faktlarının daha çox ictimai nəqliyyat və ictimai iaşə obyektlərində qeydə alındığını, həmin yerlərdə sosial məsafənin qorunmadığını vurğulayıb. Necə deyərlər, qurunun oduna yaş da yanır...