KÖŞƏ

Vəli İlyasov

Ermənistanın əzişdirilməsi Trampı niyə narahat etmir?

13 oktyabr 2020 18:09
1840

Və yaxud ABŞ generalı Azərbaycan Ordusu haqqında nə deyir?

Ermənistan-Azərbaycan silahlı qarşıdurmasından keçən iki həftə ərzində ermənilərin ABŞ-dan gözlədikləri “güclü dəstəyin” əsər-əlaməti belə görünmür. Şübhəsiz ki, bu dəstəyi səbirsizliklə gözləyən Nikol Paşinyan mühüm gözləntisindən məhrum olduğunun fərqinə varmaqdadır. Ermənistanın baş naziri həmin ölkədə vaxtilə ərköyünlük edən, hətta dövlətin siyasətinə burun soxan erməni lobbisinin gücünə arxayın idi. Baş nazir Nikol Paşinyan belə düşünürdü ki, “yeni müharibə, yeni ərazilər” deyib Azərbaycana hücum edəndən dərhal sonra bu ölkə Ermənistana həmişə olduğu kimi, yenə də həm mənəvi, həm də hərbi dəstək göstərəcək. Amma hər şey onun düşündüyü kimi olmadı. Tarixdə ilk dəfə olaraq ABŞ Senatında Ermənistanın işğalçılıq siyasətindən narahatlıq ifadə olundu. Bu, Ermənistana qəfil vurulan şapalaq effekti yaratdı. Görünür, siyasi məsələlərdə və ordusunun döyüş meydanında məğlub olması Paşinyanın səhv hesablama apardığını ona anladıb. Ona ABŞ-ın köməyini vəd verən erməni lobbisi artıq seytnotdadır. ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda bir neçə gündür ki, daha da dərinləşən münaqişə ilə bağlı sükutu artıq Birləşmiş Ştatların erməni icmasının rəhbərlərini ciddi narahat edir.

Bu barədə ABŞ-ın  “The Hill” qəzeti də  yazıb. Məlumata görə, dünyaya səpələnmiş ermənilər Tramp administrasiyasının mövcud mövqeyindən narazıdırlar. Nəşr bildirib ki, Birləşmiş Ştatların 1,5 milyon nəfərlik erməni icması prezidentin mövqeyinə etiraz edirlər. Lobbi başbilənləri hər vasitə ilə dövlət başçısına təsir göstərməyə çalışır.

Nəşrdə qeyd edilir ki, ermənilər ötən həftə Donald Trampa qarşı etirazlarını açıq ifadə etmək üçün Ağ Evin qarşısında toplaşıblar.

"Trampdan heç olmasa sülh çağırışlı bir tvitter yazısı görmürük, biz hətta indi Ermənistana dəstəkdən danışmırıq, o, ən adi bir müsbət jest belə etmir.Və hətta adi bir söz də deyilmir". Etiraz aksiyasında iştirak etmiş Arsen Xaraturyan Tramp Administrasiyasından narazlıqla belə deyib.

Saqqızı zibilə düşmüş lobbi təmsilçiləri bundan artıq hərəkət edə bilmir və acizliklərini açıq etiraf edirlər. Bununla yanaşı, ermənilər qeyd ediblər ki, biz çətin ki, prezident seçkilərinə belə aksiyalarla ciddi təsir edə bilək. Göründüyü kimi, ABŞ-da, eləcə də dünyanın bir çox ölkələrində at oynadan erməni lobbisi aciz vəziyyətə düşüb. Ermənilər bizim üçün tikdikləri dolanbac labirintdə özləri azaraq istiqaməti itiriblər. Bu labirintdən çıxmağın isə yalnız bir yolu var. Ermənistan otuz il işğal altında  saxladığı Azərbaycan torpaqlarını təcili boşaltmalıdır.

ABŞ rəsmilərinin Azərbaycan və onun Ordusu barədə verdikləri açıqlamalar erməniləri qıcıqlandırır. ABŞ Müdafiə Nazirliyi Quru Qoşunlarının Baş qərargah rəisi, ordu generalı Ceyms Mak Konvillin Azərbaycanın Qarabağdakı əməliyyatları ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib: “Azərbaycan ordusunun Qarabağ döyüşlərindəki taktikası amerikalı generalları düşünməyə vadar edib. Qarabağdakı döyüşlərdə erməni terrorçularına və Ermənistan ordusuna qarşı Azərbaycan Ordusunun tətbiq etdiyi döyüş taktikası amerikalı generalları heyran qoymaqla yanaşı, onları Birləşmiş Ştatların hava hücumundan müdafiə sisteminin ciddi yenilənməyə ehtiyac duymasının etirafına vadar edib”.

Ceyms Mak Konvill hesab edir ki, Qarabağdakı döyüşlərdə Azərbaycan Ordusunun pilotsuz uçan aparatlardan (PUA) aktiv istifadə etməsi ABŞ ordusunun yenilənməsini şərtləndirir: “İlk əvvəl hava hücumundan müdafiə sistemini inkişaf etdirməliyik.
Azərbaycanlıların taktikası bizi tankların döyüşdə asan hədəf olması, ləng hərəkət etməsi və ümumiyyətlə, müasir savaşın çox bahalı vasitəsi olması ilə bağlı düşünməyə vadar edir.

Qarabağdakı savaş PUA-larla mübarizədə hava hücumundan müdafiə sisteminin inkişafını və təkmilləşdirilməsini qaçılmaz edir.  Qarabağdakı döyüşlərdə gördük ki, PUA-lar çox ciddi vasitə və təhlükədir”.

Qoy Ermənistanın hərbi və siyasi rəhbərləri  ABŞ generalının bu sözlərindən özləri üçün nəticə çıxarsınlar. Tamamilə məhv olmaq istəmirlərsə ağ bayraq qaldırıb təslim olmalı və ya ərazilərimizdən rədd olub çıxmalıdırlar.