KÖŞƏ

Vəli İlyasov

Yalanlar ermənipərəst “Vladimir Solovyovla,” yaxud “İt hürər, karvan keçər...”

22 oktyabr 2020 19:08
1712

Rusiyanın “Rossiya-1” kanalında “Vladimir Solovyovla” adlı veriliş yayımlanır. O, hələ sentyabrın 27-dən də xeyli əvvəl saxta  canıyananlıq edərək guya  Azərbaycan dövlətinin ərazi bütövlüyü üçün “narahat olur”, guya regiondakı Qarabağ problemini müzakirə edir. Ancaq aparıcı  Solovyov Azərbaycanla bağlı azacıq həqiqəti dilə gətirənlərə qarşı sərt qaydada hücuma keçir, fikirlərini tamamlamağa imkan vermir.  Bilir ki, bu məsələlərə toxunmaq Azərbaycanın haqlı olmasına aparıb çıxaracaq. Rusiyanın regionda sabitliyin yeganə güc olduğunu ermənilərlə bağlamağı da unutmur və hərdən iki yüz əvvəlki tarixi xatırladır.  “O zaman da regionda hadisələri çar Rusiyası tənzimlədi” deyərək, bunun uğurla nəticələndiyini vurğulayır. 

 Amma elə gözəbatan həqiqətlər var ki, onları görmək üçün tarixçi və siyasətçi olmaq lazım deyil. Bir çox  Rusiya TV-lərinin aparıcıları günlərlə müzakirə etdikləri belə bir ciddi mövzunu əvvəlcə öyrənsələr daha yaxşı olardı. Ancaq Solovyov qərəzkarlıq edir. Ümumiyyətlə, Azərbaycan əleyhinə hazırlanan verilişlərin, aparıcıların sıralamasını aparsaq Vladimir birinci yerdə durar.  Amma  Vladimir zəhmət çəkib tarixə - elə həmin “uğur”un tarixi dövrünə diqqət etsəydi, ermənilərin məhz o dönəmlərdə Azərbaycan ərazilərində necə yerləşdirildiklərini bilərdi. Özü də tək o yox, ermənilər üçün  Rusiya TV-lərindən Azərbaycana qarşı rüsvayçı yalanlarla sinə döyən bütün verilişlərin aparıcıları da az da olsa tarixlə tanış olardılar.  Yermolov və Mogilyovskinin tərtib etdiyi “Qarabağ əyalətinin təsviri”nə nəzər salardılar, İrəvanın necə Yerevana çevrildiyini öyrənərdilər. Çar hökumətinin ermənilərə necə himayə göstərdiyini, onların İrandan, Türkiyədən necə köçürülüb gətirildiklərini öyrənərdi. Şübhəsiz ki, o, bütün bunların hamısını çox yaxşı bilir, amma vicdansızcasına həqiqəti gizlətməyə çalışır.

Ermənistan niyə Azərbaycanın şəhər və rayonlarına hücuma keçir, işğal edir, xarabazara çevirir? Hansı hüquqla? Solovyov bu sualın doğru cavabını hər vəchlə gizlətməyə çalışır. Cavabını “ağıllı aparıcı” özü belə verir: erməniləri qoruyur Ermənistan. Onun “ağıllı” cavabından belə nəticə çıxır ki, Ermənistanın ermənilər yaşayan istənilən ölkənin ərazisinə iddia etmək, erməni dəstələrini qorumaq adı altında mərmi yağışı yağdırmaq, aborogen əhalini isə qırmaq  hüququ var. Bu qədər gülünc yanaşmanı anlamamaq, qulaqlara dürtmək bu aparıcıların nəyinə gərəkdir? Əsrlərdir minlərlə rusun yaşadığı Azərbaycana bu vəhşi münasibət hardandır? Halbuki Ermənistanda qeyri millətlərin nümayəndələri kimi, rus əhalisi də sıxışdırılaraq oradan çıxarılıb. Hazırda orada Rusiya əleyhinə aksiyalar keçirilir və 102-ci bazanın çıxarılması qətiyyətlə tələb edilir.

Təəssüf ki, Rusiya TV-ləri, o cümlədən Solovyov bunları hallandırmır, üstündən sükutla keçirlər. “Erməni xəstəliyi”nə tutulmuş Solovyovun bir şakəri də türk sözünə allergeyasıdır. O, addımbaşı Türkiyəni Azərbaycana kömək etməkdə suçlandırmağa can atır, korun da gördüyü  bir həqiqəti görmək istəmədiyini kobudcasına büruzə verir.

Qüdrətli Türkiyənin Prezidenti cənab Ərdoğanın “Biz Azərbaycanın yanındayıq!” sözləri bə  bütün çıxışları ilə qürur duyuruq.  Bu qüruru bizə Türkiyənin XİN rəhbəri Mövlüd Çavuşoğlu, bütün siyasi xadimləri, bütün türk xalqı da yaşadır.

Vladimir Solovyov özünü dövlətinin maraqlarını qoruyan kimi təqdim edir. Gülməlidir, onun təqdimatı ilə elə alınır ki, guya o, böyüklükdə Rusiyanın bütün maraqları yalnız  Ermənistandan asılıdır. Əslində xalqının düşməni təsirini oyadır. Çünki Türkiyədə də, Azərbaycanda da on minlərlə rus kifayət qədər rahat yaşayır. Aydındır  ki, o, milli zəmində qarşıdurma yaratmağa çalışır. Amma bilməlidir ki, burada yaşayan ruslar və başqa azsaylı xalqlar bizimlə birlikdə vətənlərini – Azərbaycanı şərəflə qoruyurlar. 

Vladimir Solovyovun sərsəm fikirləri o qədər cılızdır ki, etnik azlıqlarla mehriban yaşayan Azərbaycan xalqının sarsılmaz birliyinə zərrə qədər də xələl gətirə bilməz. Xatırladaq ki, “60 dəqiqə” verilişində sevimli yazıçımız Çingiz Abdullayev bu günlərdə  tutarlı arqumentləri ilə ermənipərəst aparıcını və ekspertləri susdurdu və mat qoydu.

Əslində aparıcı Vladimir Solovyovun sayıqlamarı heç bir əhəmiyyət kəsb etmir, çünki onun dedikləri həqiqəti əks etdirmir və yeganə məqsədi ermənilərin işğalçılıq planlarına haqq qazandırmaqdır. Cənab Solovyova ki, azərbaycanlıların belə bir xalq məsəlini xatırladırıq: “İt hürər, karvan keçər...”