KÖŞƏ

Mənsumə Babayeva

İşğalçı dövlətin terror siyasəti

03 noyabr 2020 17:47
2456

Ermənilər bütün əsrlər boyu nəinki azərbaycanlılara qarşı, türklərə qarşı, eləcə də dünyanın bir çox xalqlarına qarşı terror aktları törətməkdə məşhurlaşıblar. Belə ki, Andronik çörəyini yediyi Türkiyəyə qarşı xəyanət edib, ən qatı terrorçulardan biri olub və minlərlə azərbaycanlının, Anadolu türkünün qanına susayıb, qan tökməkdə ad çıxarıb. Njde terrorçuluq, faşizmə xidmət etmək, nasizmi təbliğ etmək və onun əsl iştirakçılarının biri kimi ad qazanıb. ASALA terror təşkilatı bütün dünyada artıq məşhurdur. Bu terror təşkilatı Rusiyada, Fransada, Türkiyədə, dünyanın bir çox ölkələrində hətta ölkə rəhbərlərinə, səfirlərə, eləcə də dinc sakinlərə qarşı terror aktları törədib. Bu gün də Ermənistan terrorçu  dövlət kimi tanınır.

Belə ki, 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan nəinki bu ərazilərin işğaldan azad edilməsinə imkan vermədi, həmçinin Ermənistan–Azərbaycan Dağlıq Qara­bağ münaqişəsinin sülh yolu ilə həllinə də maneə yaradaraq Azərbaycana qarşı əlavə ərazi təhdidləri etməyə başladı. Bunun nəticəsi olaraq, həm Dağlıq Qarabağda, həm də Qarabağdan kənar ərazilərimizdə Azərbaycana qarşı təxribatlar törətməyə cəhd göstərdilər. Belə ki, iyul ayında baş verən To­vuz döyüşləri, avqust ayında Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təmas xəttini keçməsi və sentyabrın 27-dən başlayaraq təmas xətti boyunca artilleriya və minaatanlardan istifadə etməklə növbəti dəfə silahlı təxribatlar törədilməsi də bunların sübutudur. Özünün təcavüzkar hərəkətləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə zidd münasibət və beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirən işğalçı Ermənistan sentyabrın 27-dən başlayaraq Azərbaycan və Ermənistan arasında 3 dəfə humanitar atəşkəs barədə razılığa gəlinməsinə baxmayaraq, öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq Azərbaycanın həm cəbhəboyu rayon və kəndlərini, həm də cəbhədən uzaqda yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutur. Belə ki, ilk dəfə humanitar atəşkəsdən sonra Gəncə şəhərinin raket zərbələri ilə vurulması zamanı 10 nəfər dinc sakin həlak oldu. Növbəti dəfə yenidən Gəncə şəhəri düşmən hücumuna məruz qaldı. Sonuncu dəfə isə oktyabrın 27-28-də Bərdə rayonuna olan raket hücumu Ermənistanın əsl niyyətini bütün dünyaya göstərdi.

Ermənistan hakimiyyəti bu cinayətləri ilə təkcə bir xalqa yox, bütün insanlığa qarşı dəhşətli cinayət törədir. Beynəlxalq təşkilatlar, 1949-cu il insan haqları Konvensiyası­na qoşulmuş ölkələr bu cinayət aktına kəskin münasibət bildirməli, Ermənistan hökumətinin bu cinayətkar hərəkətləri dayandırılmalı və cinayətkarlar cəzalandırılmalıdır. Müharibə zamanı mülki şəxslərin müdafiəsi Azərbaycan və Ermənistanın da qoşulduğu 1949-cu il Cenevrə Konvensiyaları, xüsusilə IV Cenevrə Konvensiyası və bu Konven­siyaya 1977-ci il tarixli 1 saylı Əlavə Pro­tokolla tənzimlənir. Azərbaycan tərəfinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, Ermənistanın mülki şəxsləri, o cümlədən uşaqları hədəfə alması beynəlxalq hu­manitar hüququn kobud şəkildə pozul­masıdır.

Görünür, işğalçı Ermənistan cəbhədə məğlubiyyətə uğraması səbəbindən özünün köhnə metodlarına, terrora əl atmağa başlayıb. Cəbhədəki məğlubiyyəti ilə barışmayan Ermənistan terrorçuluq edərək günahsız insanları hədəfə alır, azğın düşmən dinc əhaliyə qarşı vandalizm həyata keçirir. Ali Baş Komandan, Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bu barədə bildirib: “Bu, qeyri-insani əməllər onu göstərir ki, baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur. Ona görə də onlar müharibəni belə aparırlar. Bilirsinizmi, hətta hər bir rəqibə, düşmənə də müəyyən dərəcədə hörmət etmək lazımdır, çünki qaydalar, o cümlədən müharibənin aparılması qaydaları var. Erməni tərəfi üçün bu qaydalar yoxdur”. Dövlətimizin başçısı bütün müsahibələrində birmənalı olaraq bildirib ki, Azərbaycan öz ərazisində vuruşur və işğal altındakı ərazilərimizin azad olunması uğrunda sona qədər mübarizə aparacaq, müstəqil tariximizin ən yeni salnaməsini yazacaq.