Vəli İlyasov |
Otuz ildən bəri gözlədiyimiz Qələbə artıq bizimlədir! Bütün Azərbaycan xalqı neçə vaxtdır ki, ordumuzun sıralanan qələbələrini bayram etməkdədir. Qarabağın qədim paytaxtı olmuş Şuşanın azad edilməsi isə hər birimizdə bir özgə övqat yaratdı. Noyabrın 8-i günü əsl ümumxalq bayramına çevrildi. Ağsaqqaldan tutmuş uşaqlara qədər hamı biri-birini təbrik edir, bir çoxları sevinc göz yaşlarını saxlaya bilmirdi. Keçən otuz ildə belə qələbəlik, canlanma, bayram şadyanalığı olmamışdı.
Şuşanın erməni quldurlarından təmizlənməsini bayram edənlərin arasında Laçın rayonundan məcburi köçkün düşmüş iki döyüşçü anası Ağgül Mərdanova da vardı. Ağgül xanım bildirdi ki, oğlu Əhməd hərbi xidmətini yayda bitirib evə qayıtmışdı. Ancaq quduzlaşmış ermənilərin sentyabr təxribatlarına dözə bilməyən Əhməd özünə yer tapmırdı. Azərbaycan Dövlət İqtisad Universitetini bitirsə də əli heç bir işə yatmadı. İki ay əvvəl könüllü olaraq yenidən ordu sıralarına yollandı. O, hərbi əməliyyatların ilk günündən cəbhənin Ağdam-Füzuli istiqamətində gedən amansız döyüşlərdə iştirak edir. Əhməd Şuşanın alınmasında qoçaqlıq göstərib, hünər qazanıb. Mirzəyevlər ailəsi və qohum-əqrəba öz yetirmələri ilə fəxr edirlər. Ailənin digər oğlu Fərid isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini qurtarandan sonra, bir il əvvəl Vətən borcunu şərəflə verməyə gedib. Bu ilin iyulunda Ermənistanın quldur hərbi birləşmələri Tovuz rayonu istiqamətində xaincəsinə təxribat törədəndə sıravi əsgər Fərid Mirzəyev qorxmazlıq və hünər göstərib. Oradan digər döyüş zonasına-Tərtər-Goranboy döyüş bölgəsinə göndərilib. Döyüşçü dostları ilə Murov dağı yüksəkliyini azad edəndən sonra həmin istiqamətdə vuruşur.
İki döyüşçü anası vurğuladı ki, o, Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşən bütün əsgərləri öz övladları hesab edir. Söhbət əsnasında öyrəndik ki, Ağgül xanım Əhmədlə Fərid üçün isti paltar, siqaret və ərzaq alıb göndərməklə bərabər, oğullarının döyüş yoldaşları üçün də pay göndərib. O, bunu həm analıq, həm də mənəvi borc hesab etdiyini bildirdi.
Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana sistemində baş kitabxanaçı işləyən A. Mərdanova söylədi ki, başqa analar kimi o da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin düşməni sonadək məğlub edərək torpaqlarımızdan çıxaracağına tam əmindir.
-“Mən fəxr edirəm ki, Fərid və Əhməd otuz ildən bəri işğal altında qalan müqəddəs torpaqlarımızın azadlığı uğrunda döyüşürlər, bugünkü qələbələrimizdə mənim də oğullarımın xidməti var, buna görə özümü xoşbəxt hesab edirəm. O gün olsun ki, bütün əsgər oğullarımızla bərabər mənim də övladlarım sağ-salamat geri dönsünlər, var olsun Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev və düşməni diz çökdürən Müzəffər Milli Ordumuz! Qarabağ Azərbaycandır!”-deyə döyüşçülər anası sözünü bitirdi.